Cəmiyyət

“Azercell”i biabır etdilər: Şəhərin ortasında şəbəkə itir, internet isə bərbaddır (FOTO)

Buna rəğmən, 5 milyon abunəçi sayı ilə özünü reklam edən mobil operatorun rəhbərliyi şikayətləri qulaqardına vurur və müştəriləri saymır

Dəfələrlə yazıldığı və deyildiyi kimi, Azərbaycanda mobil operatorların sayının azlığından istifadə edərək müştəriləri saya salmayan, inhisarçılığa rəvac verən “Azercell Telekom” Məhdud məsuliyyətli Cəmiyyəti (MMC) xüsusi karantin rejimində abunəçilərinə dəstək əvəzinə, sözün əsl mənasında “əziyyət” verib. Əvvəlcə abunəçilər “Azercell”dən güzəşt tələb etsələr də, daşdan səs çıxsa da, şirkətdən səs çıxmadığını görərək bundan əlini üzdülər. Sonradan həm şəbəkə, həm də internetdə problemlər yaşandığı üçün müştərilərin normal xidmət istəkləri də yerinə yetirilməmiş qalıb. Bundan əlavə, Təhsil Nazirliyinin “Virtual məktəb” layihəsinə dəstək üçün “Azercell”dən şagirdlərin valideynlərinə və tələbələrə meqabayt hədiyyə dəstəyi də biabırçılıqla sonuclanıb.

Abunəçilərdən “Azercell”ə kompliment: “Verdiyim pullar haramınız olsun”

“Böyük bir sevinc və qürur hissi ilə bölüşmək istəyirik ki, bu gün 5 milyonluq böyük bir ailə olduq. Bizim üçün rəqəmlər səni ifadə etdiyi üçün dəyərlidir. Ailəmizin bir parçası olduğun üçün sənə 5 milyon dəfə təşəkkür edirik! Günü-gündən böyüyən ailəmizlə qürur duyuruq. İndi sizinlə birlikdə 5 milyonluq bir ailə olduq. Bizim üçün saylar deyil, sizlər önəmlisiniz. Rəqəmsal dünyamız sizinlə dəyərlidir”.

AzToday.az xəbər verir ki, bütün bu gəlişi gözəl, boğazdan yuxarı ifadələrin və cümlələrin hamısı “Azercell”in son günlərdə paylaşdığı reklam çarxlarındandır. Əslində belə “əttökən” reklamlar olmasa, şirkət abunəçilərinin narazılğını, o cümlədən bizim reaksiyamızla üzləşmək məcburiyyətində qalmazdı. Yəni “Bizim üçün saylar deyil, sizlər önəmlisiniz”, – deyə car çəkən “Azercell” ayıbına kor olub, yerində otursa, abunəçilərin hesabına qazandığı pulları belə boş-boşuna reklamlara xərcləməsə, sosial şəbəkələrdə ünvanına gələn söyüşləri də əyani şəkildə qəbul etməkdən xilas olar.

Amma göründüyü kimi, paylaşdığı reklam çarxları artıq 5 milyon abunəçi sayı ilə fəxrlə danışan “Azercell”in başbilənləri “böyük bir ailəyə sahib olduqlarını və bu ailənin hər bir üzvünün onlar üçün dəyərli olduğunu” elan etməklə yüz minlərlə abunəçinin əsəblərini tarıma çəkirlər. Ona görə ki, bunların hamısının sadəcə söz yığını olduğunu “Azercell” mobil operatorundan şikayətlər də sübut edir. Təbii ki, müştərilərin şikayətləri haqlıdır.

Əvvəlcə müştərilərin ödədiyi pulun əvəzində keyfiyyətli xidmət tələbinə diqqət yetirək. Belə ki, rayonlar bir tərəfə “Azercell”in paytaxt sakini olan əksər müştəriləri şəhərin ortasında şəbəkənin və internetin bərbad olmasından narazıdırlar. Bunu “Azercell”in sosial şəbəkələrdə özünürekalm paylaşımlarının altında müştərilərin yazdığı rəylərdən də görmək olur.

Məsələn, abunəçi Şahmar Allahverdiyev yazır: “Siz bütün Azərbaycandan danışırsınız, şəhərin (Bakı) mərkəzində nə şəbəkə var, nə də internet. Hər ay yalandan 10 manat yükləyirəm”. Digər abunəçi Mansur isə yazır ki, Allah kəssin belə ailəni. Elşən adlı abunəçi isə haqlı olaraq internetin və şəbəkənin normal olmadığından bəhs edir: “Bu böyük ailəni qurmazdan əvvəl, internetin və şəbəkənin normal verilməsini təmin edin. Yoxsa belə boş reklamlarla gəlmişinizi, keçmişinizi söydürməyin”.

Ceyhun Bayramov adlı abunəçi isə yazır ki, yalandan göstərməlik işlərlə milləti aldadacağınızı zənn edirsinizsə, yanılırsınız:

“Çünki dediyinzlə əməliniz düz gəlmir. Nə şəbəkə var, nə internet. İnternetə elə bil turbo qoyublar. 15 Gb bir ay işlədirdim, hələ artıq da qalırdı. İndi elə bil uçur. Tarifin müddətinin bitməsinə 10 gün qalıb, amma interenet qurtardı. Vediyim pullar haramınız olsun
Şahin adlı abunəçi yazır ki, 5 milyondan birini çıx, mən artıq simi işlətmirəm. Yəni artıq təkcə Şahin yox, yüzlərlə, hətta minlərlə abunəçi “Azercell”in yarıtmaz xidmətinin sayəsində ondan imtina etmək qərarına gəlib.

“Virtual məktəb” adlı “yarımçıq” layihəyə “Azercell” MMC-nin dəstəyi də yarımçıq olub

İndi isə “Azercell”in 5 milyonluq ailəsinə hansı “qayğı”ları göstərdiyinə toxunaq. Əvvəllər bayram ərəfəsində abunəçiləri müvəqqəti də olsa, bəzi güzəştlər və hədiyyələr verən şirkət koronavirus pandemiyası dövründə “Azercell Telekom” MMC heç bir ziyana düşməsə də, abunəçiləri bu imkandan məhrum edib. Belə ki, bu günlərdə iki bayram – Ramazan bayramı və Respublika Gününü qeyd etsək də, 5 milyonun sevincini yaşayan “Azercell” abunəçilərinə 1 manat belə güzəşt etməyi özünə rəva görməyib. Eyni hal hələ pandemiyanın başlanğıc dövrünə təsadüf edən Novruz bayramında da müşahidə edilib.

Təbii ki, haqlı olaraq abunəçilərdən biri yazır ki, 5 milyonun içindən biri çıxıb desə ki, 1 AZN balans ver, deməyinə min peşman olar. Düz sözə nə deyəsən. Beləcə “Azercell” 5 milyonu peşman edə-edə fəaliyyət göstərir.

Məsələn, pandemiya dövründə Təhsil Nazirliyinin başlatdığı “Virtual məktəb” adlı “yarımçıq” layihəyə “Azercell Telekom” MMC-nin dəstəyi də yarımçıq olub. Belə ki, orta məktəbdə təhsili davam etdirməkdə çətinlik çəkən şagirdlərin valideynlərinə və ali mətktəb tələbələrinə “Virtual məktəb” layihəsinə dəstək üçün “Azercell”dən meqabayt hədiyyə dəstəyi də digər kampaniyaları kimi biabırçıqla başa çatıb. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin dövlətin işsizlərə ayırdığı 190 manatlıq yardımı verməmək üçün çıxdığı oyunlar kimi, “Azercell” də elə bir oyun qurub ki, ünvanlı “50 Gb internet hədiyyəsi”ni almaq xoşbəxtliyi abunəçilərin çoxuna qismət olmayıb.

Məhz buna görə də abunəçilərdən biri yazır: “Virtual məktəb”dən qeydiyyatdan keçən abunəçilərə 50 Gb internet hədiyyəsi vermisiniz, mənə niyə gəlmədi? Ayrı-seçkilik etmək nəyə lazımdır?” Qeyd edək ki, müştəri tam haqlıdır və o tək deyil. belə ki, bu meqabayt hədiyyəsi heç də bütün qeydiyyat keçənlərə verilməyib. Buna görə də müştərilər “Azercell”i yalançılıqda suçlayırlar.

Göründüyü kimi, “Azercell”in yalanlarına rəşmən, nəiniki rayonlarda, Bakı şəhərinin ortasında abunəçilər şəbəkənin tez-tez itməsindən, internetin tamamən bərbad olmasından şikayətlənirlər. Ona görə ki, 5 milyon abunəçi sayı ilə özünü reklam edən mobil operatorun başbilənləri şikayətləri qulaqardına vururlar.

Burada maraqlı məqam odur ki, sosial şəbəkələrdə reklamları təşkil edən “Azercell Telekom” MMC-nin PR menecerləri və ya mütəxəssisləri niyə rəhbərliyə müştərilərin bu qədər narazılıq və şikayətlərini çatdırmır? Əgər çatdırırsa, niyə “Azercell” fəaliyyətində dönüş yaratmır. Dönüş yaratmırsa, bu zaman iki varinat qalır: ya bu “ailə”nin üzvlərinin narazılığı onların vecinə deyil, ya da sadəcə abunəçilərin söyüşləri xoşlarına gəlir…Hikmət Ağayev

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button