Siyasət

Ekspert: “Avropa liderləri Azərbaycanın qələbəsini və regionun reallıqlarını qəbul edirlər”

“Avropa ölkələrinin liderləri Azərbaycanın qələbəsini və regionun reallıqlarını qəbul edirlər. Azərbaycan, Fransa, Ermənistan liderləri və Avropa İttifaqı (Aİ) Şurası prezidentinin videoformatda görüşü də buna sübutdur”.Bunu “Report”un Rusiya bürosuna hərbi ekspert, “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko bildirib.

“Azərbaycan, Fransa, Ermənistan liderləri və Aİ Şurası prezidenti arasında dünən baş tutan görüşdə ATƏT-in Minsk Qrupunun xatırlanmaması mövcud reallıqların əks olunmasından və Avropa liderlərinin bu faktı başa düşməsindən xəbər verir. Bu, Azərbaycanın diplomatik qələbəsidir”, – o deyib.

Onun sözlərinə görə, ATƏT-in Minsk qrupu problemlərin həll olunması subyekti kimi artıq mövcud deyil və Azərbaycan İkinci Qarabağ müharibəsi nəticəsində öz ərazi bütövlüyünü bərpa etdiyindən əhəmiyyətini itirib.

Rusiyalı ekspertin fikrincə, UNESCO Azərbaycanın işğaldan azad edilmiş ərazinlərdə ermənilərin dağıtdıqları mədəniyyət abidələri ilə bağlı ciddi iş görməlidir: “Ermənilər işğaldan azad edilmiş ərazilərdə özlərindən sonra dağıdılmış kilsə və məscidlər qoyub gediblər. Humanitar nöqteyi-nəzərindən bu problemləri həll etmək lazımdır”.

İ.Korotçenko hesab edir ki, UNESCO minalanmış ərazilərin xəritələrinin təqdim edilməsi kimi məsələlərlə fəal məşğul olmalıdır: “Minalardan təmizlənmə və minalanmış ərazilərin xəritələrinin təqdim edilməsi problemi regionda təhlükəsizliyin möhkəmləndirilməsi baxımından vacib elementdir”.

Xatırladaq ki, Azərbaycan, Fransa, Ermənistan liderləri və Aİ Şurası prezidentinin görüşündə həmçinin UNESCO missiyası məsələsi müzakirə olunub və onun Azərbaycana və Ermənistana göndərilməsinə razılıq verilib.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button