Siyasət

ATƏT sədri Ukraynaya səfər edəcək

ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau bu həftə Ukraynaya səfər edəcək.

Analoq.az xəbər verir ki, bu barədə Polşanın Ukraynadakı səfirliyindən bildiriblər.

Qeyd edilir ki, ATƏT sədri Prezident Volodimir Zelenski, xarici işlər naziri Dmitri Kuleba və müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası üzrə nazir İrina Vereşuk ilə görüşəcək.

“Danışıqlar Ukraynada baş verən cari hadisələr, gərginliyin azaldılması və ATƏT-in dəstəyi ilə davam edən böhranın həlli üçün görülən tədbirlərə həsr olunacaq”, – məlumatda bildirilir.

Polşa diplomatiyasının rəhbəri həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin Ukraynadakı və Üçtərəfli Təmas Qrupunda xüsusi nümayəndəsi, ATƏT-in Ukrayna üzrə Xüsusi Monitorinq Missiyasının (SMM) sədri, Ukrayna koordinatoru ilə görüşəcək. Bundan əlavə, o, Beynəlxalq Qızıl Xaç Komitəsinin ofisinin rəhbəri və BMT-nin Ukraynadakı Humanitar Yardımın Əlaqələndirilməsi İdarəsinin rezident əlaqələndiricisi ilə görüşlər keçirəcək.

Məlumatda vurğulanır ki, Zbiqnev Rau fevralın 11-də Ukraynanın şərqinə səfər edəcək və burada münaqişədən zərər çəkmiş ərazilərdə mövcud humanitar vəziyyətlə tanış olacaq/525.az

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button