Cəmiyyət

Fazil Mustafaya edilən qəsd Azərbaycana, Türk dünyasına, İslama qarşı terrordur

Azərbaycan Respublikasının tanınmış ictimai-siyasi xadimi, fəlsəfə elmlər doktoru, istiqlal mücahidi, mübarizi, Böyük Quruluş Partiyasının başqanı, Milli Məclisin deputatı və Mədəniyyət Komitəsinin sədr müavini Fazil Mustafaya qarşı törədilmiş qanlı terror aktını bütün varlığımla lənətləyirəm. Çünki bu hadisə Fazil Mustafanın timsalında bütün Azərbaycan xalqına, dövlətinə, Türk dünyasına, İslam aləminə qarşı terrordur. Mən yuxarıda Fazil Mustafanın indiyəcən keçdiyi həyat yoluna aid bir neçə titulu, vəzifəni təsadüfi sadalamadım. Fazil Mustafa tərifə və təqdimata ehtiyacı olmayan parlaq simadır. Mən bunları ona görə sadaladım ki, müstəqillik uğrunda mübarizə aparmış bir şəxsə qarşı bu terror edilirsə demək Azərbaycanın müstəqilliyinə qarşı edilib. Elm adamına qarşı edilirsə demək bu hadisə elmə, irfana, maarifçiliyə qarşı törədilib. Demokratik amal seçən bir partiyanın sədrinə qarşı edilibsə, bu terror ümumilikdə demokratiyaya qarşı törədilib. Milli Məclisin üzvünə qarşı edilibsə bütün Milli Məclisə qarşı törədilib. Azərbaycan vətəndaşına qarşı edilibsə demək Azərbaycan dövlətinə qarşı edilib… Mədəniyyətimizə, milli-mənəvi dəyərlərimizə, dinimizə, tarixi ənənələrimizə çox bağlı olan, bu müqəddəs dəyərləri çürütməyə, zədələməyə yönəlmiş xurafatı, xurafatçıları haqlı olaraq tənqid edən, saflığı, düzlüyü, milliliyi, insanlığı təbliğ edən bir insana qarşı terror bütün insanlığa qarşı terrordur.

Kimin və hansı məqsədlərlə törətməsindən asılı olmayaraq bu hadisə hər bir halda lənətlənməlidir. Olayı törədən və ya törədənlər, təşkilatçıları, himayədarları, dəstəkçiləri ümid edirik ki, layiqli cəzalarını alacaqlar. Azərbaycanın peşəkar, güclü hüquq mühafizə orqanları, təhlükəsizlik orqanları inanıram ki, mütləq bu işin təşkilatçılarını, icraçısı və ya icraçılarını müəyən edərək mühakimə edəcəklər.

Fazil Mustafa haqqı, ədaləti, haqlını müdafiə edən insandır. Siyasi fəaliyyəti ilə yanaşı elmi – publisistik araşdırmaları gəncliyimiz və gələcəyimiz üçün çox önəm kəsb edən fəaliyyət kimi qiymətləndirilə bilər.

Onun çıxışlarının, elmi araşdırmalarının, təkliflərinin, ümumiyyətlə ictimai – siyasi fəaliyyətinin mahiyyəti Azərbaycan dövlətinin müstəqilliyinin, qüdrətinin, inkişafının daha da güclənməsi və xalqımızın rifahının yüksəlməsi, gənclərin elmə, təhsilə, tərəqqiyə yönəlməsi kimi amillərdir. Türk dünyasının ortaq dəyərləri əsasında eyni soylu dövlətlərin tarixi birliyin astanasında olduğu bir məqamda bu hadisəni milli məfkurə daşıyan bir ziyalıya qarşı törətmək eyni zamanda bütün Türk dünyasına qarşı daş atmaqdır. İslam dəyərlərini, mötədil inancımızı saf görmək istəyir Fazil Mustafa. Xarici məkrli siyasətə, xurafata bulaşmamış, xalqına – millətinə, dövlətinə düşmən olmayan, Vətənə layiq, mənəviyyatı zəngin, sadiq vətəndaş görmək istəyir Fazil Mustafa, inanclı insanları…

Hadisələri qabaqlamaq və ya yozumlar etmək fikrində olmasam da deyə bilərəm ki, hadisənin “fətvası”nın haradan verildiyi ehtimalı az qala hamının ortaq düşüncəsidir. Ən doğrusunu şübhəsiz ki, aidiyyatı orqanlar biləcək, müəyyən edəcək.

Ancaq onu deyə bilərəm ki, məhz Ramazan ayında, Həzrət Əli əleyhissəlamın qılınclanaraq qanının töküldüyü bu müqəddəs günlərdə müsəlman bir millətin millət vəkilinin qanını tökməkdən böyük günah ola bilərmi? Şəhidlər sultanı İmam Hüseynin uğrunda şəhid olduğu haqqı, ədaləti, birüzlülüyü, düzlüyü, dürüstlüyü tərənnüm edən, təbliğ edən, inancımızı, inanclılarımızı zəhərlənməldən, uçurumdan qoruyan bir alimə qarşı bu terror İmam Hüseynə, Əhli Beytə, İslama, bütün müsəlmanlara atılan güllə deyilmi? Faktlar, təsbitlər, analizlər sübut edir ki, elədir.
Azərbaycan Respublikasının 44 günlük savaşla torpaqlarını azad edərək dövlətin düzgün təsbit olunmuş siyasəti nəticəsində dünyada, regionda söz sahibi, qüdrət sahibi, imzasına hörmət edilən bir dövlət olmasını həzm edə bilməyənlər terror vasitəsi ilə Azərbaycanı zəiflədə bilməyəcəklər. Əksinə, Azərbaycan daha da gündən – günə güclənir, nüfuzu artır.

Bax, səmimi, vicdanlı, ədalətli siyasət yürütmək budur.
Ölkədə hansısa təxribatlara cəhd etməklə, nüfuzlu simalara qarşı terror təşkil etməklə, din pərdəsi altında mənfur işlərin icrasını planlamaqla heç kəs Azərbaycan dövlətinin sabitliyinə, müstəqilliyinə, qüdrətinə xələl gətirə bilməyəcək.

Tural İrfan
Milli Cəbhə Partiyasının sədr müavini, ilahiyyatçı

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button