AktualBannerSiyasət

Rusiya necə tələyə salındı? – Putin 1990-cı illərin Səddam Hüseynini xatırladır

Zelenski bildirib ki, Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb TayibƏrdoğan ondan Vladimir Putinlə nizamlama üzrə danışıqlar aparmağı xahiş ediblər.

Sual yaranır: İlham Əliyevlə Rəcəb Tayib Ərdoğan Zelenskidən niyə belə ricada bulunsunlar?

Açığı, mənim ağlıma bu təklifin Putin tərəfindən edildiyi versiyası gəlir. Görünür, tələyə düşdüyünü anlayan Putin qürurunu qorumaq üçün öz “müttəfiq”lərinə ağız açıb və Zelenskini razı salmaq üçün vasitəçi olmalarını istəyib. Bu gün Rusiya Müdafiə Nazirliyinin yaydığı bir açıqlama da bu ehtimalı gücləndirir. Açıqlamada bildirilirdi ki, Zelenski hakimiyyəti danışıqlara razı olmadığ üçün Rusiya bütün gücü ilə Ukraynaya hücum edəcək. Halbuki, bu zamanadək Zelenski Putindən görüş tələb edir, Rusiya prezidenti isə  ona rədd cavabı verir, Ukrayna Silahlı Qüvvələrindəki zabitləri konstitusion hökuməti devirməyə çağırırdı. Əslində bu çağırış Putinin Ukrayna planının bəzi ayrlntılarından xəbər verirdi. Zənnimcə, Putinin planına görə, rus ordusu Ukraynaya hücum edib sarsıdıcı zərbə vurduqdan sonra Ukrayna ordusundakı 5-ci kolon dövriyyəyə girəcək və hakimiyyəti devirəcəkdi. Putinin bu gözləntiləri özünü doğrultmadı və rus ordusu Ukrayna bataqlığına saplandı. İndi onu bu bataqlıqdan xilas etmək üçün möcuzəyə ehtiyac var. Suda boğulan saman çöpündən yapışan kimi, belə görünür ki, Putin də İlham Əliyevlə Ərdoğanın ayağına düşməyi möcuzəvi çıxış yolu kimi görüb.

Sözsüz ki, Zelenski situasiyanın öz xeyrinə dəyişdiyi, bütün Qərb ölkələrindən ciddi dəstək aldığı indiki üstün vəziyyətində Putinin alçaldıcı təkliflərinə razı olmaz və yəqin ki, İlham Əliyevlə Rəcəb Tayib Ərdoğanın “xahişini” geri çevirib. Hətta Zelenski buna razı olsa da, onu dəstəkləyən Qərb dövlətləri Ukrayna bataqlığına çəkdikləri Rusiyanı qürurlu şəkildə evə qayıtmasına imkan verməzlər. Rusiya bu bataqlıqdan maksimum şəkildə əzilib suyu süzülə-süzülə öz sərhədlərinə çəkilməli və NATO-nun çəkmələrindən öpməlidir. Bu isə Rusiya erasının bitməsi deməkdir.

Bəs Rusiya öz təcavüzkar siyasətini davam etdirəcəyi təqdirdə NATO və ABŞ-ın ona verəcəyi hansı dərslər var?

Sözsüz ki, ilk növbədə Ukrayna ordusunu hərbi yardımlarla gücləndirmək, hətta lazım gələrsə, Kiyevə xüsusi təyinatlı qüvvələrini göndərmək. Zənnimcə, uzun illər NATO-nun yardımı ilə Polşa və Baltikyanı ölkələrdə yetişdirilən əsgərlər bu işin öhdəsindən rahatlıqla gələ bilərlər. Hətta bir neçə il bundan əvvəl Polşada keçirilən hərbi təlimlərdə 5 gün Rusiyanın hücumları qarşısında dirəniş göstərmək çalışması üzərində işlənilməsi də boşuna deyildi. Eyni sözləri Baltikyanı ölkələrin xüsusi təyinatlıları üçün də söyləmək olar. Nəzərə alsaq ki, həm Polşa, həm də Baltikyanı ölkələr Ukraynadakı döyüşlərə özlərinin həyati məsələsi, Ukraynanı isə bufer zona kimi görürlər, onların Rusiya ilə yad ərazidə hesablaşmaması bağışlanmaz strateji səhv olardı. Əslində Almaniya üçün də Rusiyanın Ukraynada boğulması əldən qaçırılmaz gözəl fürsətdir. Təsadüfi deyil ki, Almaniya bu gün Polşa və Baltikyanı ölkələr vasitəsilə Ukraynaya silah-sursat verəcəyini açıq şəkildə bəyan etdi. Fikrimizcə, artıq o yardım əvvəlcədən edilib və Berlin sabah sürprizlə qarşılaşmamaq üçün bunu indidən açıqlamağı lazım bilir.

Zənnimcə, ikinci ciddi hərbi yardım Ukrayna hava sahəsinin uçuşlara qapadılmış zona elan edilməsi olacaq. Yəqin ki, bu qərar yaxın günlərdə NATO tərəfindən veriləcək. NATO-nun bu qərarı vermək üçün əlində ciddi əsası da var: Rusiyanın hava hücumları nəticəsində milyonlarla ukraynalı Avropaya qaça bilər ki, bu da qoca qitədə asayişi və stabilliyi pozar. Üstəlik, Ukrayna mülki vətəndaşlara silah payladığı üçün kütləvi və nəzarətdən kənar miqrasiya problemi Avropanı həqiqətən də cəhənnəmə çevirə bilər. Belə vəziyyətdə yeganə çıxış yolu Ukrayna səmalarını uçuşlara qapatmaqdır. Bu isə rus hərbi təyyarələrinin Ukrayna səmalarında ovlanması, Rusiyanın hava üstünlüyü avantajının ortadan qaldırılması deməkdir.

Qərb tərəfindən atılacaq növbəti addım Rusiyanı SWIFT-dən ayırmaqdır. Rusiyanın iqtisadi həyatını tamamilə iflic edəcək bu addım həm onun savaşı yürütmək imkanını daraldar, həm də rus xalqını Putin hakimiyyətinə qarşı ayaqlandırar. Bir çoxlarımıza inandırıcı gəlməsə də, artıq bu istiqamətdə bəzi məsafələr qət edilib. Qərb ölkələrində SWIFT sanksiyalarına etiraz edən ölkə qalmayıb.

Görünən budur ki, Rusiya qəsdən çəkildiyi Ukrayna bataqlığında yeni sürprizlərlə qarşılanacaq. Bu sürprizlər həm hərbi, həm də iqtisadi bir sıra tədbirləri ehtiva edir. Yeri gəlmişkən, qeyd edək ki, əslində Rusiya çoxdan belə bir bataqlığa çəkilirdi. 2015-ci ildə Türkiyənin rus təyyarəsini vurması, ardınca da ölkədəki rus səfirinə edilmiş sui-qəsd məhz bu məqsədə qulluq edirdi. Putin həmin vaxt təmkinli davranaraq, bu oyuna gəlmədi. Ardınca da 2020-ci ildə 44 günlük savaşda eyni təmkini nümayiş etdirdi. Amma Ukrayna və Gürcüstanın NATO-ya daxil edilməsi ehtimalının gündəmə gətirilməsi bardağı daşıran son damla oldu. Pitun buna da dözmüş olsaydı, Qara dənizi tamamilə itirə bilərdi. Bu isə onun isti sulara çıxışı olan yeganə qapısının bağlanması mənasına gəlirdi. Görünür, böyük dövlət yolunda sonuncu şansını əldən qaçırmaq istəməyən Rusiya sonunda tələyə düşdü.

Rusiyanın tələyə salınmasında ABŞ və NATO qüvvələrinin ona verdiyi yalançı vədlər də öz işini gördü. ABŞ və NATO açıq şəkildə Rusiyanın Ukraynaya hücumu zamanı proseslərə müdaxilə etməyəcəklərini deməklə Putini işğala həvəsləndirdilər. Maraqlıdır ki, buna bənzər tələ 1990-cı ildə İraq lideri Səddam Hüseynə də qurulmuşdu. Küveytə hücumdan bir neçə gün qabaq ABŞ-ın İraqdakı səfiri ilə görüşən Səddam Hüseyn ondan tərəfsiz qalacaqlarına dair təminat almışdı. Küveytə hücum edəndən dərhal sonra isə ABŞ haray-qışqırıq salıb məsələni BMT TŞ-na gətirdi və ilk köfrəz savaşına başladı. Bu gün Rusiya prezidenti də 1990-cı illərin Səddam Hüseynini xatırladır.Heydər Oğuz Ovqat.com

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button