Maraqlı

Təranə Nuri təqdim edir: “İgid qızın nağılı”… Uşaqlar üçün mətn və video…

Haşiyə:

Təranə Nuri Abşeron rayonunun Novxanı kəndindəki Mehdi Huseynzadə adina tam orta məktəbdə musiqi muəlliməsi işləyir. 20 ildən artiqdir ki bu təhsil ocağında şagirdlərə dərs keçir. Onun youtube kanalında öz fəaliyyəti və sözügedən məktəbdə hazirlanan möhtəşəm tədbirlər haqqında videolar paylaşılır. Təranə Nuri Analoq.az-a bildirir: “Musiqi dərnəyimin və dərs prosesində sagirdlərimin fəaliyyətini də bu kanalda işıqlandırmışam. Hal-hazirda kanalımızda Azərbaycan və digər xalqların nağıllarını paylaşıram. Məqsədim budur ki, uşaqlarımız qədim nağıl və əfsanələrimizi bilsinlər. İndiki vaxtda uşaqlar kitablara həvəsli deyillər, amma internetdə, youtubedə paylaşılan videoları izləyirlər .Ona gorə də nağıllarımızı youtube kanalında paylaşmaq daha məqsədəuygundur .Yazilan rəylərdən anlaşılır ki, nağıllarımızı bəyənirlər və sevə-sevə dinləyirlər. Danısdığım əksər nağıllar uşaqlıqda Bikə nənəmizdən eşitdiyim nağıllardır. Həm də onlarin itib-batmaması üçün gənc nəsillərə çatdırmaq qərarına gəldim. Youtube kanalımda həm azyaşlılar, həm də böyüklər üçün maraqlı nağıllar var”.
Təranə Nuri Analoq.az-da uşaqlar üçün “İgid qızın nağılı”nı mətn və video kimi təqdim edir. Buyurun, oxuyun və videonu izləyin.
“Biri var idi, biri yox idi, çox qədim zamanlarda bir şəhər və bu şəhərin də xeyli adamları var idi. Bir gün xəbər çıxır ki, bəs bu şəhərdə gecəyarısı bir nəfər gəlib adamları evindən çağırıb aparır, bir kənarda qılıncla vurub öldürür. Bu adam kim idisə çağırdığı adamların hamısı evdən gecə paltarında çıxdığı üçünmü, ya nədənsə, onları bir-bir öldürürdü.
Camaat qalır məəttəl ki, bu nə sirdir, görəsən? Bu adam kimdir? Niyə insanları evindən çıxarıb öldürür? Görəsən, öldürülənlərin bir günahı var idimi, ya bu adam elə belə, kefindən öldürür onları? Heç kim bu suallara cavab tapa bilmir. Hər səhər də bir adamın gecə öldürüldüyü barədə xəbər yayılırdı şəhərə.
Bu şəhərdə cavan bir oğlan var idi. Təzəcə evlənmişdi. Arvadı da çox gözəl və ağıllı bir kəndli qızı idi. Bir gün gecəyarısı bu oğlanın da qapısı döyülür. Oğlan tez yerindən qalxıb bayıra çıxmaq istəyəndə arvadı onu saxlayır ki, bəs sən bu cür alt tuman-köynəkdə niyə çıxırsan bayıra? Bəlkə, səni çağıran bir hörmətli adamdır, onun qarşısına beləmi çıxacaqsan? Ya da, bəlkə, nəsə bir iş çıxdı, uzaq bir yerə getməli oldun. Qayıt, paltarlarını geyin, silahını götür, ondan sonra çıx. Oğlanın bu sözlər ağlına batır. Qayıdıb paltarlarını geyinir, qılıncını bağlayır, qalxanını götürüb çıxır bayıra. Görür ki, bəli, həyətdə atın üstündə cavan və gözəl bir oğlan dayanıb. Oğlanın əynində bahalı paltar, belində dəstəyi qiymətli daş-qaşlarla bəzədilmiş qılınc, əlində də gözəl bir qalxan var. Silahlı adam bu oğlanı geyimli-kecimli, yaraqlı-yasaqlı görüb bir az dayanır, sonra əli ilə ona dalınca gəlməsini işarə edib yola düzəlir. Oğlan da tez öz atını minib silahlı adamın ardınca gedir.
Onlar bir xeyli yol getdikdən sonra gəlib çatırlar bir meşənin kənarına. Silahlı adam burda dayanıb oğlanı yaxına çağıraraq deyir:
– Mən neçə gündür ki, adamları evindən çıxarıb bura gətirirəm, gələnlərin də hamısı evdən gecə paltarında, alt tuman-köynəkdə çıxır. Ona görə də mən onları öldürmüşəm. Sən isə onlardan fərqli olaraq geyimli-kecimli, yaraqlı-yasaqlı çıxdın evdən. Deyə bilərsənmi bunun səbəbi nədir?
Oğlan cavab verir:
– Əslində, elə mən də əvvəl alt paltarımda çıxmaq istəyirdim. Ancaq mənim bir ağıllı əyalım var, o mənə məsləhət gördü ki, paltarımı geyinim, silahlarımı götürüm.
Silahlı adam deyir:
– Hə, görünür, sənin arvadın çox ağıllı qadındır. Onun qədrini bil. Amma and olsun Allaha ki, əgər sən də alt paltarında gəlsəydin, səni də o biri adamların taleyi gözləyəcəkdi.
Silahlı adam sonra sözünə davam edərək deyir:
– Sən mənim qarşıma yaraqlı-yasaqlı çıxdığın üçün bildim ki, sən əsl kişisən. Burda mənim bir düşmənim var. Mən gəlmişəm onu öldürməyə. Mənə bir kişi lazımdır ki, köməyi dəysin mənə. İndi sən burda gözlə. Mən gedirəm. Sən mənim birinci nərəmi eşidəndə bil ki, düşmənimi görmüşəm. İkinci nərəmdə bil ki, onun üzərinə hücum edib vuruşuram. Üçüncü nərəmdə isə bil ki, onu öldürmüşəm. Yox, əgər üçüncü nərəmi eşitməsən, bil ki, düşmənim məni öldürüb. Onda bax bu qızıllarla dolu xurcunu götürərsən, sənin olsun. Amma sağ qayıtsam da, bu qızılları sənə verəcəm.
Silahlı adam bunu deyib qızıl pullarla dolu bir xurcunu verir oğlana. Sonra özü girir meşəyə. Oğlan da burda dayanıb gözləyir ki, görək bu hadisənin sonu necə olacaq. Az keçmiş oğlan bu adamın birinci nərəsini eşidir. Bilir ki, o artıq düşmənini görüb. Bir qədər sonra oğlan ikinci nərəni eşidir. Bilir ki, hə, indi də o, düşməni ilə vuruşur. Oğlan həyəcanlanır ki, görəsən, üçüncü nərəni nə vaxt eşidəcək. Bir müddət keçir, üçüncü nərə hələ də eşidilmir. Oğlan narahat olur. Fikirləşir ki, yəqin, düşmən bu adamı öldürüb. Deyir, bir az da gözləyim, bəlkə üçüncü nərəni eşidə bildim. Gözləyir, gözləyir, üçüncü nərə eşidilmir ki, eşidilmir. Artıq ümidini üzüb geri qayıtmaq istəyirdi ki, birdən üçüncü nərə çəkilir. Oğlan sevinir. Bir də görür ki, o adam meşədən çıxdı, amma oğlana tərəf gəlmədi. Bunlar gələndə gecə qaranlıq olduğu üçün əllərində məşəllə gəlmişdilər. Silahlı adam məşəli götürüb başqa istiqamətdə gedir. Oğlanı maraq götürür ki, bəs, görəsən, bu niyə mənə yaxın gəlmədi? Düşür onun dalınca, başlayır o da getməyə. Gəlib çıxırlar bir qəbiristanlığa. Görür bu adam gəlib bir qəbrin yanında diziüstə çökdü. Əvvəlcə yaraqlarını çıxarıb qoydu yerə. Sonra başından dəbilqəsini çıxardı. Oğlan görür ki, bu, qız imiş, uzun saçları töküldü çiyninə. Qız qəbrin üstündə ağlayaraq deyir:
– Əmioğlu, axır ki, sənin qisasını ala bildim. Sənin qatilini öldürdüm, artıq rahat yata bilərsən. Amma sənsiz bu dünyada yaşamaq mənə haramdır. Ona görə də gəlirəm yanına.
Xəncərini çıxarıb köksünə vurmaq istəyəndə oğlan gizləndiyi yerdən çıxıb qızın qolundan tutur, xəncəri əlindən alır. Soruşur ki, niyə belə edirsən, niyə özünü öldürmək istəyirsən? Qız başına gələnləri danışıb deyir ki, əmim oğlu ilə mən bir-birimizi sevirdik. Bu adam onu öldürdü. Mən də and içmişdim ki, onun qatilini öldürməyincə sakit ola bilmərəm. İndi onun qisasını alandan sonra daha mənim üçün həyatın mənası yoxdur.
Oğlan deyir:
– Artıq qisasını almısan, daha özünü niyə öldürürsən? Gəl gedək, mənim evimdə yaşa. Olarsan mənim bacım. Bacı-qardaş kimi yaşayarıq.
Qız bir söz deməyib razılaşır. Gəlirlər bu oğlanın evinə və orada bacı-qardaş kimi yaşayırlar.
Nağılımız da burada tamama yetdi.
Göydən üç alma düşdü. Biri mənim, biri sənin, biri də nağıl danışanın”.

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button