Siyasət

Formalaşan yeni dünya nizamı: Britaniyanın layihəsi – Türk masası (TƏHLİL)

Azərbaycan və Ermənistan liderləri Brüsseldə Rusiyanın iştirakı olmadan görüşdülər və 4 saatdan çox davam edən müzakirələrdə müəyyən razılaşmalar əldə edildi. Düzdür, razılaşmanın nə dərəcədə uğurlu olub-olmaması yaxın zamanlarda bəlli olacaq, danışıqlar hansı ranqda davam edəcək, yaradılacaq komissiyanın tərkibi kimlərdən ibarət olacaq və s. suallara cavab tapıldıqdan sonra Brüssel razılaşmasını ətraflı şərh etmək mümkündür.

Brüssel görüşündən bu günə çıxan siyasi mənzərə bundan ibarətdir ki, Qərb özünü Ukraynada faktiki olaraq girova çevirən Rusiyanın “arxa bağçası”na girir və Cənubi Qafqaz, Orta Asiya, Xəzər dənizi hövzəsini öz təhlükəsizlik zonası elan edir. Xəzər dənizinin ABŞ diplomatiyasında olduqca mühüm rol oynadığını əlavə şərh etməyə ehtiyac yoxdur. Son zamanlar Vaşinqton bu bölgədə daha da möhkəmlənmək üçün konkret addımlar atmaq niyyətindədir. Enerji layihələri ilə zəngin olan Xəzər hövzəsində mövcudluğu, amerikalı ideoloqların qənaətinə görə, Rusiya və İran üçün minimuma endirilməlidir. Bu baxımdan, ABŞ hərbi bazalarının (hər hansı adla və yaxud formada) Xəzərə qısa bir zamanda buraxılması Vaşinqton tərəfindən tələb olunan məsələlərdən ola bilər. Bu müstəvidə Bakının tutacağı mövqe Vaşinqton-Moskva savaşının qalibini müəyyən edə bilər.

ABŞ dünyanın yeganə hegemonu olmaq istəyir. Ukraynada davam edən savaşda Rusiyanın qaçılmaz fiaskosu isə bunu labüd edir. Bu qlobal geosiyasi oyunda kimlərəsə regional güc statusu ayrıla bilər, amma tək güc statusunu Vaşinqton özü üçün saxlayır. Artıq NATO və BMT belə oyuncağa çevrilir və Ukrayna prezidenti Zelenskinin həyacanlı çıxışları da bunu deməyə əsas verir. ABŞ və transmilli korporasıyalar yeni dünya düzəni formalaşdırır. London və Vaşinqton dünya hegemonluğuna can atır. Çinin maliyə dairələri belə hələ ki, ABŞ şirkətlərindən asılı vəziyyətdədir və Pekin bu mərhələdə Vaşinqton üçün ciddi rəqib deyil.

ABŞ Şərqi Avropaya nəzarət uğrunda Ukrayna müstəvisində savaşır və “cənub kəsişməsi”ndə də özünə adacıqlar qurmağı planlaşdırır. Vaşinqton anlayır ki, dünya Avropadan ibarət deyil və Mərkəzi Asiyada onun nəzarətindən kənarda qalmış yeni siyasi oyunçuların peyda olmaqdadır. Birləşmiş Ştatlar Qazaxıstanda baş verən son hadisələri izləyir və bilir ki, bu ölkədə baş verənlər siyasi tamaşanın əsas dirijoru Pekin idi. Çin də Rusiyanın “arxa bağça”sına girə bildi və bunu ABŞ ilə razılaşdırmadı.

Burada maraqlı nüanslar da mövcuddur. Öz ölkəsində heykəlləri devrilmiş Nazarbayevin Türkiyəyə qəfil dəvət alması “Çin istehsalı” olan Tokayevin əleyhinə bir jest idi.

Vaşinqton və London yeni qurulacaq masada artıq hakimiyyətdən getmiş türk respublikalarının rəhbərlərinə yer ayırmaq fikrindədir. Bu masada Nazarbayev, Berdiməhəmmədov və hakimiyyəti öz varisinə ötürüb, iqtidardan gedən digər türk rəhbərlər əyləşə biləcəklər. İngilis və türklərin əməkdaşlığının tərfdarları olduğu kimi əleyhdarları da mövcuddur. İstənilən halda 44 günlük savaşda Londonun Bakıya göstərdiyi açıq siyasi dəstəyin həlledici olduğunu da unutmaq olmaz.

Digər tərəfdən, Qərb Rusiyanı Xəzər hövzəsində maksimum sıxışdırmaq niyyətindədir və bölgədə bu mərhələdə yeni savaş istəmir. Əslində Ermənistan baş naziri Nikol Paşinyan da İrəvanı Rusiyanın forpostu olmaqdan xilas etmək üçün Qərblə anlaşmaq niyyətini gizlətmir. Paşinyan bilir ki, Türkiyə ilə sərhədlərin açılması, Azərbaycanla münasibətlərin qurulması və Avrointeqrasiya İrəvanın yeganə xilas yoludur. Kremldə anlayırlar ki, Ermənistan artıq sürətlə Rusiyadan uzaqlaşır. Moskva Ermənistandakı situasiyanı Paşinyanın nəzarətindən çıxartmaq və özünün vassalını hakimiyyətə qaytarmağa çalışır. Brüssel görüşü ərəfəsində İrəvanda keçirilən etiraz aksiyası da məhz Paşinyana ünvanlanmış mesaj idi.

Rusiya, ümumiyyətlə, Brüssel görüşünün baş tutmasını istəmirdi. Lakin Avropa İttifaqı daha qətiyyətli oldu və görüş baş tutdu. Brüsseldə əldə edilən başlıca razılaşma – üçüncü tərəfin – Minsk qrupu və yaxud Rusiyanın iştirakı olmadan, Bakı və İrəvanın özlərinin sülh sazişini hazırlaması ilə bağlıdır. Faktiki olaraq, münaqişənin ən əsas memarı olan Rusiya “oyundan kənar vəziyyətə” salınır. Rusiya və digər oyunçular olmadan isə Bakı və İrəvanın razılaşacağı məsələlər daha çoxdur.

Rusiya-ABŞ qarşıdurması, Qərbin Rusiyanı Ukrayna bataqlığında boğması, Moskvanın Cənubi Qafqazdan kənarlaşdırmaq niyyəti bölgə ölkələrinin siyasətinə də təsirsiz qalmayacaq. Burada bölgə ölkələrinin maraqlarına da nəzər yetirmək lazım gəlir. Məsələn, zaman-zaman ABŞ-la gərgin münasibətlər yaşayan Türkiyə Rusiya ilə yaxınlaşmaqda davam edəcəkmi sualı aktuallaşır. Lakin Türkiyə öz maraqlarına xidmət edən siyasi kursa üstünlük verir və çalışır ki, digər rəqibləri ilə də münasibətləri normallaşdırsın. Şübhəsiz ki, Türkiyə NATO üzvü kimi daha cəlbedicidir və Prezident Ərdoğanın yeni doktrinası Vaşinqton-London-Türk dünyası xəttinin inkişafına yönəlib. Bu masada Rusiyaya yer verilməyib. Sadəcə olaraq, Bakı və Ankara “yad savaş”ın girovuna çevrilmək istəmir. Türkiyə ilə eyni addımları atan Azərbaycan ABŞ və Avropa Birliyi ilə münasibətləri dərinləşdirmək kursunu yürüdür.

Lakin bölgədə tamamilə yeni bir geosiyasi mənzərə yaranıb. Rusiya təklənib, müttəfiqləri belə ondan üz çevirir. Kreml Baltikyanı ölkələri, habelə, Polşa, Finlandlyanı nüvə silahı ilə vuracağı ilə hədələyir, NATO dolayısı ilə də olsa cavab atəşinin açılacağını bildirir. Bir sözlə, Rusiya Ukrayna və Şərqi Avropada döyülür, bu tarixi şansdan yararlanan Cənubi Qafqaz ölkələri yeni oyun şərtləri və qaydalarını qəbul edirlər.

Rusiya Azərbaycan və Ermənistan arasında dayanıqlı sülhün olmasını arzulamır. Lakin Zəngəzur dəhlizinin açılmasına çalışır. Zəngəzur dəhlizi açıqlacağı təqdirdə, bu marşruta məhz Rusiya hərbi kontingenti tərəfindən nəzarət ediləcək. Bu isə o anlama gəlir ki, Qərb Ermənistan ərazisindən dünyaya açılan hər hansı enerji marşrutunun yaradılmasına nail ola bilməyəcək. Buna görə də Qərb Ermənistanı öz orbitinə almaq, Rusiyanı Cənubi Qafqazdakı dayağından məhrum etmək istəyir. Avropa Birliyinin Ermənistanın inkişafı üçün 2,4 milyard avro maliyyə vəsaiti ayırmasının səbəblərini də elə bu məsələdə axtarmaq lazımıdr. Yəni, Avropa Birliyi hazırda Ermənistanı iqtisadi iflasdan xilas edərək, gücləndirə biləcəyinə hələ də ümid bəsləyir. Onu da unutmaq lazım deyil ki, Cənubi Qafqaz regionu hazırda “böyük qaz savaşı”nda önəm daşıyan geopolitik məkandır. Bu savaş hələ uzun müddət davam edə bilər. Çünki Kremlin əsas hədəfi “Şimal axını-2” marşrutunu işə salaraq, Avropa Birliyini Rusiyadan tamamilə enerji asılılığı vəziyyətinə salmaqdır.

Rəsmi Bakı supergüclərin qarşıdurmasından faydalanmaq niyyətindədir və istəmir ki, gələcəyi yalnız bir ölkədən asılı olsun.

İstisna deyil ki, Rusiya Brüssel görüşünün nəticəsini pozmaqdan ötrü erməniləri atəşkəsi pozmağa təhrik etmək istəyəcək. Rusiya danışıqlar masasını özü təşkil etmək istəyir. Xatırladaq ki, Brüsseldə liderlərin birinci görüşü zamanı Rusiya hələ Ukraynaya hərbi müdaxilə etməmişdi və o zaman Kreml Avropa İttifaqının vasitəçiliyinə qarşı açıq çıxmasa da, bu prosesdən narazı olduğunu vurğuladı. Rusiyanın Ukraynaya hərbi müdaxiləsi və Avropa İttifaqının Moskvaya qarşı sərt sanksiyaları isə Kremli Brüssel görüşünün təşkilatçısı olan Avropa İttifaqına qarşı daha da qəzəbli edir. Təsadüfi deyil ki, Nikol Paşinyan Brüsseldə olarkən İrəvanda onun əleyhinə mitinq keçirilirdi və Kreml növbəti dəfə Paşinyanı hədələmiş oldu. Digər tərəfdən Rusiya XİN rəhbəri Sergey Lavrov Ermənistan XİN başçısı Ararat Mirzoyanı aprelin 8-də Moskvaya dəvət edib. Mirzoyandan Moskvada hesabat tələb ediləcək. Ehtimal etmək olar ki, rəsmi Bakıdan da Brüssel danışıqları barədə məlumat istəniləcək. Lakin Kreml unudur ki, Ermənistanda anti-Rusiya meyilləri artıq Gürcüstandan da yüksəkdir və bu dəfə də Moskvanın oyunu pozula bilər. Azərbaycan isə Qərbin bölgədəki əksər enerji layihələrinin əsas iştirakçısıdır/qaynarinfo.az

Azər Rəşidoğlu

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 4]

Back to top button