Bayden: İsrail və HƏMAS Qəzzada atəşkəs əldə etməyə yaxındır
İsraillə HƏMAS Qəzza zolağında atəşkəs və girovların azad edilməsi ilə bağlı saziş bağlamağa yaxındır.”Report” xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
O, avqustun 16-da Yaxın Şərqdə atəşkəs səylərində iştirak etdiyini vurğulayıb.
“Biz atəşkəsə üç gün əvvəlkindən çox yaxınıq”, – Amerika lideri danışıqlar prosesi barədə danışarkən qeyd edib.
“Axios” portalının məlumatına görə, ABŞ dövlət katibi Antoni Blinken avqustun 17-də axşam saatlarında İsrailə səfər edəcək və avqustun 19-da Baş nazir Benyamin Netanyahu ilə görüşəcək. Bundan sonra onun Misir və Qətərə səfəri gözlənilir.
Avqustun 15-də Qəzza zolağında atəşkəsə nail olmaq və HƏMAS-ın əlində olan girovları azad etmək məqsədi ilə Dohada məsləhətləşmələrin yeni raundu başlayıb.