Siyasət

Ərdoğan Tokayevi dəstəkləyəcək – Gecikən məcburi siyasət

Məlum olduğu kimi, Qazaxıstanda qazın qiymətinin artması ilə başlayan etiraz aksiyaları hökumət əleyhinə üsyana çevrildi. Xalqın tələbini yerinə yetirməyə gecikərək etirazın üsyana çevrilməsinə və prosesə radikal əhval-ruhiyyəli şəxslərin qarışmasına səbəb olan, nəzarət edə bilmədiyi üsyanı qanla yatırmağa çalışan Kasım-Jomart Tokayev hökuməti uğursuzluğa uğradı və ölkədə kiçik miqyaslı vətəndaş qarşıdurması yaşandı. Nəticədə Tokayev ölkədəki iğtişaşları yatırmaq üçün KTMT-yə, Rusiyaya müraciət etdi. 6 yanvar tarixindən etibarən Rusiya, Tacikistan, Ermənistan, Belarus hərbi birləşmələrindən ibarət KTMT “sülhməramlı” qüvvələri Qazaxıstana daxil oldu.

Bütün bunlar baş verərkən diqqət çəkən əsas məqamlardan biri Türkiyənin susqunluğu idi. Xatırladaq ki, Türkiyə hazırda Qazaxıstanın da üzvü olduğu Türk Dövlətləri Təşkilatının Əməkdaşlıq Şurasına sədrlik edir.

Türkiyənin “qazax üsyanı” diplomatiyası

Qeyd edildiyi kimi, Türkiyə Qazaxıstanda baş verən hadisələri ilkin mərhələdə susqunluqla izlədi. Kütləvi etirazdan üsyana, üsyandan vətəndaş qarşıdurmasına çevrilən “qazax baharı”na rəsmi Ankara operativ reaksiya vermədi və yaxud verə bilmədi. Böyük ehtimalla Ankara hadisələrin bu qədər genişlənəcəyini və ən əsası Tokayevin Rusiya/KTMT-ni köməyə çağıracağını gözləmirdi. Lakin bir məsəldə olduğu kimi: “Ummadığın daş, baş yarar”. Daş baş yardı və KTMT qüvvələri ötən gün səhər saatlarında Qazaxıstana daxil oldu. Məhz bu hadisədən sonra Türkiyə “qazax baharı” diplomatiyasını intensivləşdirdi.

Qazaxıstandakı hadisələrə Türkiyənin ilk reaksiyası Xarici İşlər Nazirliyindən 5 yanvarda quru bir dəstək mesajı ilə gəlmişdi. Türkiyə XİN-dən verilən yazılı açıqlamada dost Qazaxıstana dəstək ifadə olunmuş və Tokayev hökumətinin bu böhranı həll edəcəyinə olan “inanc” ifadə edilmişdi.

Lakin məlum olduğu kimi Tokayev problemi həll edə bilmədi, əksinə daha da dərinləşdirdi və rusları köməyə çağırdı. Tokayevin KTMT-yə müraciətindən sonra isə Ankaradan ardıcıl bəyanatlar səsləndi. TDT-nın Ağsaqqallar Şurasının sədri, sabiq Baş nazir Binəli Yıldırım, ardınca iqtidardakı AKP-nin sözçüsü Ömər Çəlik ötən gün günorta saatlarında ardıcıl dəstək mesajları verdilər.

6 yanvar axşam saatlarında isə Ərdoğan oyuna qoşuldu. Rusiya/KTMT qüvvələrini ölkəsinə çağıran Tokayevə zəng edən Ərdoğan təmkinli bir şəkildə qazax həmkarına yardım əlini uzatdı. Ərdoğan Qazaxıstan prezidentinə ölkəsində baş verənləri yaxından izlədiyini, Türkiyənin daim Qazaxıstanın yanında olduğunu bildirdi. O, həmçinin ehtiyac olduğu təqdirdə Türkiyənin hər cür texniki bilgi və təcrübəsini Qazaxıstanla bölüşməyə hazır olduğunu qeyd etdi. Sədr Ərdoğan ardınca İlham Əliyev başda olmaqla digər TDT-yə üzv dövlətlərin başçıları ilə Qazaxıstandakı vəziyyəti müzakirə etdi.

Bu günsə Ərdoğanın telefon diplomatiyasını Xarici İşlər naziri Mövlud Çavuşoğlu davam etdirib. Əvvəlcə, qazax həmkarı Muxtar Tleuberdi ilə telefonda danışan Çavuşoğlu bir daha ölkəsinin Qazaxıstana dəstəyini təkrarlayıb, ardınca isə Türkiyə XİN-i TDT-ya üzv ölkələrin Xarici İşlər nazirləri arasında fövqəladə iclas keçiriləcəyini bildirib. İclasın gündəmində isə Qazaxıstandakı hadisələr daxil edilib. İclasın 11 yanvar tarixində keçiriləcəyi bildirilib.

Beləliklə, göründüyü kimi Türkiyə Rusiya/KTMT qüvvələri Qazaxıstana girdikdən sonra “qazax baharı” diplomatiyasını intensivləşdirib. Lakin sanki bir az gecikib. Ox yaydan çıxıb, iş-işdən keçib. Artıq Tokayev xalqa müraciətində açıq şəkildə nümayişçiləri terrorçu adlandırıb. Üstəlik orduya bu “terrorçu”lara xəbərdarlıq edilmədən “vur” əmri verib. KTMT qüvvələri Qazaxıstana girib. Nursultan, Almatı kimi şəhərlərdə “insan ovu” başlayıb. Ən əsası Tokayev rejimi ilə qazax xalqı arasında olan-qalan bağ qırılıb, Qazaxıstanın Rusiyadan asılılığı artıb, dövlət müstəqilliyi sual altına düşüb. Bütün bunlardan sonra Ankaranın edə biləcəyi bir şey qalmayıb.

Bəs bundan sonra nə olacaq? Türkiyə Qazaxıstanla əlaqələrini necə quracaq?

Bu sual 11 il əvvəl gündəmə gəlsə idi, Türkiyənin Qazaxıstandakı rejimi tanımayacağını bildirmək mümkün idi. Çünki 11 il bundan qabaq Ərdoğan “qardaşım” deyə xitab etdiyi Bəşər Əsədin hakimiyyətini öz xalqına divan tutan bir diktator olması səbəbilə tanımadığını bildirmiş və Əsədi devirmək istəyən müxaliflərlə hər cür dəstək vermişdi. Hazırda ona etiraz edən xalqı terrorçu elan edib, orduya onları vurmasını əmr edən, iqtidarını qorumaq üçün Rusiya/KTMT qüvvələrini ölkəsinə dəvət edən Tokayev Əsədin etdiklərini təkrarlayır. Lakin Ərdoğan 11 il əvvəlki siyasətini davam etdirmir.

Bu gün 11 il əvvəl xarici siyasətdə (xüsusilə Misir və Suriyada) buraxdığı səhvlərdən dərs alan, ideoloji yox, real-siyasi bir strategiya yürüdən Ərdoğan var. Bu strategiya Türkiyənin dövlət maraqlarının müdafiəsinə istiqamətlənib. Türkiyənin dövlət maraqları isə Qazaxıstanı itirməyə yox, qazanmağa yönələn siyasəti tələb edir. Ona görə də, Ərdoğan Qazaxıstandakı rejimi könülsüz də olsa dəstəkləməyə, onunla əməkdaşlığı genişləndirməyə, Misir və Suriyadakı duyğusal, xəyalpərəst siyasəti təkrarlamayıb, real-siyasi addımlar atmağa məcburdur. Çünki indiki məqamda Tokayevin devrilməsi eynilə Əsədin devrilməsi kimi mümkünsüz görünür. Tokayevlə əlaqələri dayandırmaqsa Suriya və Misir kimi Qazaxıstanı itirmək deməkdir…

Nicat İsmayılov

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button