Aktual

Bakıda taksilərin yaratdığı təhlükələr: Sıxlıq və qəzalar niyə artır?

Gün ərzində 12-16 saat sükan arxasında əyləşən taksi sürücülərinin qəza törətmək ehtimalı xeyli yüksəkdir

Avtomobil qəzalarının əksəriyyəti tələskənlik səbəbindən baş verir. Son vaxtlar taksi fəaliyyəti ilə məşğul olan avtomobillərin iştirakı ilə baş verən avtoqəzaların sayı sürətlə artmaqdadır.
Məsələ ilə bağlı Trend-ə açıqlama verən Bakı Şəhər Baş Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, sahibkar nəqliyyat vasitəsini icarəyə verməzdən əvvəl onu sürəcək şəxsə qanunvericiliyin tələblərini izah etməlidir.

“DYP hər hansı sahibkarlıq fəaliyyətinə qarışan struktur deyil. Amma nəqliyyat vasitəsini idarəetməyə alan şəxs avtomobili icarəyə verdiyi şəxslərə qanunvericiliyin tələblərini izah etməli və qanunla sürücülük hüququ olan və tam texniki baxımdan saz nəqliyyat vasitəsini istismara verməlidir. Bu, həm avtomobillərin təhlükəsiz idarə olunması, həm də yol hərəkəti qaydalarının ciddi şəkildə qorunması baxımından vacibdir”, – deyə o qeyd edib.
A.Ələsgərli vurğulayıb ki, mühərrik həcmi kiçik olan digər avtomobillərin taksi fəaliyyəti üçün istifadəyə verilməsi başadüşüləndir. Amma hər kəs istifadə etdiyi nəqliyyat vasitəsini istismar qaydalarına və fəaliyyət növünə uyğun olaraq idarə etməlidir. Qanunda konkret şərtlər və şəxslər üzərində nəzərdə tutulmuş məsuliyyət var.
“İcarəyə götürdükləri avtomobillə taksi fəaliyyəti göstərən sürücülər avtomobili istənilən formada idarə edərək yol hərəkəti qaydalarını poza bilməzlər: “DYP-nin əsas məqsədi yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir. Bu cür nəqliyyat vasitələrini idarə edən şəxslər özgənin əmlakına düzgün münasibət göstərməlidir. “Başqasının əmlakıdır” deyib onu istənilən formada istismar etmək və bu istismar çərçivəsində yol hərəkəti qaydalarını pozmaq olmaz”, – deyə o qeyd edib.
DYP rəsmisinin sözlərinə görə, yol polisi yollarda təhlükəsizliyin qorunması baxımından hər kəsə eyni münasibət göstərir.
“Qanun pozularsa, qanunvericilikdə nəzərdə tutulmuş formada adekvat tədbirlər həyata keçirilir. Qaldı sürücülərə tövsiyəmizə, nəqliyyat vasitəsinin sazlığına, yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etsinlər. Çünki bu qaydalar insanların həyat və sağlamlığına birbaşa təsir edən əsas amildir. Hər bir kəs istifadəsində olan nəqliyyat vasitəsilə rəftar edərkən qanunun onun üzərinə qoyduğu məsuliyyəti bilməlidir. Sahibkarlıq fəaliyyəti qanun çərçivəsində həyata keçirməlidir. Heç kim vəziyyətdən sui-istifadə etməyi düşünməsin ki, bu da onların sonrakı mərhələlərdə qanun qarşısında cavab verməsinə gətirib çıxarmasın”, – deyə baş inspektor əlavə edib.

Trend-ə açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı isə bildirib ki, bu həftənin birinci günü 130 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu, çox böyük rəqəmdir.
“Bu hadislər onu göstərir ki, bu sahədə ciddi təhlillər aparılmalı, qəzaların əsas elementləri öyrənilməlidir. Taksi sürücülərinin daha çox qəza törətməsinin müəyyən hissəsini araşdırmışıq. Burada əsas səbəb taksi sürücülərinin istismarıdır. Bakıda 40 minə yaxın taksi sürücüsü var. Bu sürücülərin əksəriyyəti gün ərzində 12-16 saat sükan arxasında əyləşir. Belə taksi sürücülərinin qəza törətmək ehtimalı xeyli yüksək olur.
Bəzi işbazlar bir neçə avtomobil alıb günü 25 manatdan icarəyə verirlər. Həmin avtomobilləri “online” taksi xidmətlərinə qoşurlar. Sahibkar da müxtəlif proqramlarla taksi sürücüsünə nəzarət edir və tapşırıq verir ki, sistemdən ayrılma, gələn bütün sifarişləri qəbul et. Bu, artıq istismar və məcburi əməyə cəlb etmədir. Belə halda taksi sürücüsü yorğun və psixoloji cəhətdən gərgin olur. Bu cür hallara görə yol-nəqliyyat hadisələrinin sayı artıb”, – deyə ekspert qeyd edib.

BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev isə Trend-ə bildirib ki, hazırda taksi xidməti göstərən sürücülərin demək olar ki, böyük əksəriyyəti, bəlkə də 90%-dən çoxu qanunsuz olaraq fəaliyyət göstərməkdədir. Taksi fəaliyyəti ilə məşğul olan həmin sürücülər fərqlənmə nişanı almadan bu xidməti göstərirlər.
“Əlbəttə ki, qeyri-formal və ya qanunsuz taksi fəaliyyəti müntəzəm sərnişindaşımalar üçün ciddi problemdir. Onlar, eyni zamanda, şəhər yollarında müşahidə edilən nəqliyyat sıxlıqlarına da səbəb olan faktorlardandır. Bu cür fəaliyyətlə məşğul olan sürücülər avtomobillərini əsasən avtobus dayanacaq məntəqələrində, ikinci hərəkət zolağında, kəsişmələrdə və digər qadağan olunan yerlərdə park edərək ümumi nəqliyyat axınına maneə yaradırlar. Qeyri-formal daşımalar, həmçinin yollarda nəqliyyat axınını süni şəkildə artırır. Yəni bir istiqamətdə iritutumlu avtobusla gedəcək sərnişinlər səyahətlərini beş-altı minik yeri olan avtomobillər ilə edirlər ki, bu da yollarda əlavə ləngimələr yaradır. Süni sıxlıq halları bir çox hallarda sərnişinlərin qeyri-formal daşımalardan istifadəsini təşviq etmək üçün məqsədli təşkil edilir”, – deyə M.Ağayev bildirib.

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button