Nazirlər Kabineti yenidən buraxılır, deputatların sayı 171-ə çatdırılır – Mühüm dəyişiklik
Son günlər Milli Məclisə yeni seçkilərin keçirilməsi ilə bağlı xəbərlər intensivləşib. Cəmiyyətdə parlamentin özünü buraxacağı müzakirə olunur. Digər tərəfdən bir çoxları tərəfindən hazırki parlamentin öz işini yetərincə icra edə bilməməsi ilə bağlı fikirlər də var. Sözügedən iddialarla bağlı Yenisabah.az-a danışan politoloq Cümşüd Nuriyev bildirib ki, parlament fəaliyyəti ilə bağlı səsləndirilən fikirlər doğru deyil:
“Bu cür iddialar düzgün deyil. İndiki parlamentin fəaliyyəti qənaətbəxşdir. Fikrimcə, yaxşı işləyirlər. Biz bütün ölkələrin parlamentlərinə baxsaq, görərik ki, orada da bütün deputatlar danışan olmur. Belə götürsək, Milli Məclisdə 30-a qədər peşəkar millət vəkili var. Ona görə demək olmaz ki, parlament yetərincə işləmir.
Azərbaycan Konstitusiyasına görə, prezident seçkilərindən sonra mövcud qanunvericiliyə uyğun olaraq, oktyabr ayının birinci bazar günündə parlament seçkiləri keçirilməlidir. Bu parlamentin fəaliyyəti və yaxud digər faktorlarla bağlı deyil. İyul ayına qədər gözləmək lazımdır, çünki qaydaya əsasən, seçkilərə 3 ay qalmış qərar verilir”.
Politoloq hazırda yeni konstitusiya layihəsinin məzmunu ilə bağlı da danışıb:
“Hazırda yeni konstitusiya layihəsi müzakirə olunur və yeni konstitusiya layihəsinə mən də baxmışam, layihədə parlament üzvlərinin sayının artırılıb 151 və 171 olması müzakirə olunur. Digər tərəfdən, yeni layihədə parlamentli respublikaya keçmək məsələsi də var. Belə olan təqdirdə hökumət buraxılır və nazirlər kabineti yenidən formalaşır. Bununla bağlı yaxın 2 ay ərzində referendum keçirilə bilər. COP29-a gəlincə isə, parlament seçkilərinin bu tədbirə heç bir aidiyyəti yoxdur. Parlament seçkilərinin növbəti ilə təxirə salınması isə elə parlamentin özündən asılı olan bir şeydi. Əgər parlament özünü buxarsa, hətta seçkilər sentyabrda da keçirilə bilər. Hətta bu seçkiləri referendumla eyni gündə də keçirmək olar’
Analoq.az