Aktual

Şəfəq Ağacan-“Aygünsüz “Tut ağacımız “qurudu,onun ölümündə”Özümüz günahkarıq”,onsuz “Darıxdım” çox deyəcəyik…Qalan nə varsa hamısı xatirədir…”

Qələmdən də,klaviaturanın şriflərindən belə küsmüşəm …Amma nə edə bilərəm bunu yazmasam ürəyim dayanacaq…

Gecənin xəbəri bizi bizdən alıb.Səsi və sənəti ən uca zirvə olan Aygün Bəylər vəfat etdi.Tut ağacımız qurudu. Məhz mənim həmyaşıdlarımın sinəsinə neçə dağ çəkilmiş “Tut ağacımız”…

Ölümünü “mədə niyyətli”nazirlik əvvəl xəbəri təsdiq etdi,sonra nə oyun quruldusa eyni qurum xəbəri təkzib etdi.Arada bədbəxt jurnalistlər söyüldü.Və üstündən heç bir saat keçməmiş nazirlik sənətkarın ölüm xəbəri ilə bağlı nekroloq paylaşdı…Bunun adı nə idi heç kim bilmədi.Amma onun da üstü açılacaq.”Oyuncaq adamlar”nazirlik idarə edərsə belə olar.

Xalq gecədən oyaqdır. Sevənləri yolunu  gözləyir. Dünyadan nakam gedən,əzabı çox,dərdini içində boğan sənətkarını…

Bu gecə sübut elədi ki,pafoslu,”mənim xalqım”,”xalq artistlərini” deyil,əsl xalq sənətkarını sevir.Amma o getdi,getdikdən sonra kimə lazımdır o sevgi…

Sağlığında qədrini bilmək lazımdır.Biri geyimini,biri imicini,biri danışıq tərzini qınadı…Amma sağlığında kimsə demədi ki,Aygün yaltaq deyil,Aygün publikaya oynamır, Aygün sənətin və səsin zirvəsidir,dedikləri həqiqətdir.

Onun bu həyatda yeganə qazancı və xoşbəxtliyi övladı idi,amma sənət və həyat yolunda çəkdiyi əziyyətə ruhu tab gətirmədi…Bəli,sənət fədaisi məhz Aygün Bəylər idi.Təpədən dırnağa sənət olan adam…Hələ heç bir sənətkar bu amansız xəstəliklə ,möhtəşəm konsert verərək,canlı ifası ilə səhnə və tamaşıçı ilə vidalaşmamışdı.Heç vaxt xaltura eləmədi,hər yerdə canlı oxudu.O, oxumurdu. Musiqini bütün vücudu ilə yaşayırdı…

Aygün zərif səsli,kövrək qəlbli amma kişi xislətli yeganə xanım sənətkarımız idi.

Dünyaya sığmayan sənət sənin idi,Xalq artisti adından da yüksək titul olsa, ona layiq Sən idin.Heç kəs məndən inciməsin ,bu günümüz real xalqın seçdiyi və sevdiyi sənətkar Aygün Bəylər idi.…

Aygünsüz”Tut ağacımız “qurudu,Aygünün ölümündə”Özümüz günahkarıq”,Aygünsüz”Darıxdım” çox deyəcəyik…Qalan nə varsa hamısı xatirədir…

Ruhun şad olsun!

Şəfəq Ağacan

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button