Sağlamlıq

Azərbaycanda qan azlığından əziyyət çəkən 43 min 188 nəfər qeydiyyata alınıb

Səhiyyə Nazirliyi: "Passiv həyat tərzi və qeyri-sağlam qidalanma anemiyaya səbəb olur"

2020-ci ildə Azərbaycanda anemiyadan (qan azlığı) əziyyət çəkən 43 min 188 nəfər qeydiyyata alınıb. Deməli, ölkədə hər 100 min nəfərdən 433-ü anemiya xəstəsidir. Anemiyadan əziyyət çəkənlərin əksəriyyəti gənc qadınlardır.

AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Zakir Quliyev nazirliyin instaqram hesabında canlı yayımda danışarkən deyib.

Həkim-mütəxəssis qeyd edib ki, 2016-2020-ci illər ərzində ölkədə qan azlığından əziyyət çəkənlər arasında azalma müşahidə edilir: “Anemiyadan əziyyət çəkənlərlə bağlı 2021-ci il üzrə statistik məlumatlar tam hazır deyil. Xəstəliyə qadınlarda daha çox rastlanması isə fizioloji prosesdir. Həmçinin vegetarianlar arasında da anemiya halları geniş yayılıb, lakin ölkədə vegetarian qidalananların sayı azdır. Ümumiyyətlə passiv həyat tərzi və qeyri-sağlam qidalanma qan azlığına səbəb olan amillərdəndir”.

Z.Quliyevin dediyinə görə, anemiyanı yaradan əsas səbəblər yalnız müayinə nəticəsində aydın olur: “Xəstəliyin bir sıra simptomları var. Həmin simptomlar digər xəstəliklərin əlamətləri ilə oxşardır. Misal üçün, baş gicəllənməsindən, ürək döyüntülərindən və qan təzyiqi yüksəkliyindən əziyyət çəkdiyi üçün kardioloqa müraciət edənlər arasında anemiya xəstələri çoxdur. Saç tökülməsi də həmin xəstəliyin əlaməti ola bilər. İstənilən halda, düzgün qidalanaraq və sağlam həyat tərzi keçirərək anemiyadan xilas olmaq bir çox hallarda mümkündür.

Onu da qeyd edim ki, qanın ümumi analizi anemiyanı müəyyən edir, lakin məhz hemoqlobin müayinəsi anemiyanın dəmir defisitli, B12 defisitli, yoxsa sümük iliyi ilə bağlı olduğunu ayırd etməyə imkan verir. Azərbaycanda daha çox dəmir defisitli anemiyaya rast gəlinir. Dəmir defisitli anemiyanın əsas əlamətləri halsızlıq, yorğunluq və hərəkət ağrılarıdir”.

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button