AktualBannerSiyasət

Yeni müharibə cəmi 7-10 gün çəkəcək ” PAŞİNYANA SONUNCU “SARI ” VƏRƏQƏ

Bakı İrəvana “atı arabanın arxasına bağlamağa” imkan verməyəcək; Ermənistandan kütləvi qaçış sürətlənir – SƏBƏBLƏR

Ötən il 46 900-dən çox Ermənistan sakini Rusiya vətəndaşlığını qəbul edib. Bu, rəsmi rəqəmdir və son illərin rekord göstəricisi sayılır. Ümumilikdə, 2017-2021-ci illərdə təxminən 153 800 min Ermənistan vətəndaşı Rusiya pasportu alıb.

Ermənistan sakinlərinin mühacirətinin əsas səbəbləri məlumdur: kütləvi işsizlik və ya minimum yaşayış səviyyəsini belə təmin etməyən aşağı gəlirlər; inflyasiya (ötən il 7,2%), xüsusilə kənd təsərrüfatında ikirəqəmli inflyasiya (11,2%); 44 günlük müharibənin ağır nəticələri, ölkədə, xüsusən də sərhədyanı rayonlarında gərgin vəziyyət. Bütün bunların yekununda çoxları Ermənistanı ölkənin gələcəyi ilə bağlı qeyri-müəyyənlik səbəbindən tərk edir – öz ailələrinin, xüsusən də uşaqların təhlükəsizliyindən ehtiyatlanaraq gedirlər.

Ermənistandan bu kütləvi qaçışı dayandırmağın, erməni əhalinin özünə və sabaha inamını təmin eləməyin tək yolu isə bəlli: İrəvan vaxt itirmədən öz qonşuları ilə – Türkiyə və Azərbaycanla bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyan sülh müqavilələri imzalamalıdır.

Sərhədlərin delimitasiyası və demarkasiyası bu xüsusda ikinci dərəcəli məsələdir. Çünki bu, illərlə çəkə bilər. Necə ki, Azərbaycan Gürcüstanla da indiyədək sərhədlərin dəqiqləşdirilməsini başa çatdıra bilməyib. Lakin bu, Bakı və Tiflisin bir-birinin ərazi bütövlüyünü tanıyıb siyasi-diplomatik münasibətlər qurmasına əsla mane olmayıb. Ermənistanla da elə.

“Delimitasiya-demarkasiya Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tanıyandan sonra başlaya bilər. Çünki delimitasiya-demarkasiya prosesinin axırında siyasi sənəd qəbul olunmur. Nəyə görə bu, texniki məsələni qabağa salırlar? Burada siyasi məqsəd var: Ermənistan necə ki, 30 il bundan qabaq bizə qarşı ərazi iddialarını irəli sürüb və münaqişəni başlayıb, indi də təzə şəraitdə eyni iddiaları davam etdirmək istəyir. Müharibədən sonra məğlub olan tərəf ilk növbədə ərazi bütövlüyünü tanımalıdır”.Bu fikri sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Yeni Müsavat”a deyib.

“Bəzən biz də aldanırıq ki, delimitasiya-demarkasiya oldusa, hər şey həllini tapacaq. Birincisi, bu, texniki məsələdir. İkincisi də illərlə çəkə bilər”, – o vurğulayıb.

Odur ki, bu iki məsələni bir-birinə qarışdırıb “bulanıq suda balıq tutmaq” sevdası, başqa sözlə, vaxtı süni şəkildə uzatmaq cəhdləri əbəsdir. Azərbaycan sözsüz ki, Ermənistana “atı arabanın arxasına bağlamağa” imkan verməyəcək. Üstəlik, Bakı məğlub ölkənin rəhbərliyinə sonsuzadək zaman limiti tanımaq niyyətində də deyil

Daha bir səbəbə: Azərbaycan Prezidentinin 12 yanvar müsahibəsində vurğuladığı kimi, bizim Ermənistana ərazi iddiası irəli sürməyimiz üçün qat-qat çox əsasımız var, nəinki qarşı tərəfin bizə. Yəni, kapitulyant ölkə unutmasın ki, indiki Azərbaycan Respublikası məhz 110 kv km-lik AXC-nin (1918-1920) hüquqi-siyasi varisidir, 89.9 kv km-lik Azərbaycan SSR-in (1920-1991) yox!

Bu mənada heyrətamizdir ki, tələsməli olan Ermənistan əksinə, rəsmi Bakının təklif elədiyi sülh müqaviləsini gecikdirir. Məsələni birbaşa və dolayısıyla aparıb mifik “artsax”a bağlamağa çalışır. Halbuki 10 noyabr 2020-ci il tarixli üçtərəfli sənəd daxil, həmin tarixdən bu yana Azərbaycan-Ermənistan münasibətləri kontekstində qəbul edilən heç bir beynəlxalq sənəddə, anlaşmada artıq “Dağlıq Qarabağ” ifadəsi keçmir. Hətta ATƏT-in bədnam Minsk Qrupunun həmsədrləri də bu söz birləşməsini unutmağa başlayıblar. Bu isə o anlama gəlir ki, “status” həqiqətən də gorbagor olub, “artsax” qatarı gedib…

“Qəribədir ki, Nikol Paşinyan Qarabağ ətrafında baş verən bütün bu hadisələrdən, uduzulmuş müharibədən sonra da anlamaq istəmir ki, Azərbaycan prezidenti sözünü küləyə atmır. Bu mənada İlham Əliyev ümumilikdə bir çox həmkarlarından kəskin şəkildə fərqlənir”.

Analoq.az bu barədə Axar.az-a açıqlamasında xarici siyasət, müdafiə və təhlükəsizlik sahəsində tanınmış rusiyalı ekspert Qriqori Trofimçuk deyib.

Politoloq İrəvana xəbərdarlıq edib: “Ona görə də rəsmi Bakı əgər sakit tərzdə, diplomatik yolla, lakin təkidlə Paşinyana bu və ya digər məsələ ilə bağlı ciddi xəbərdarlıq edirsə, – indiki halda delimitasiya və demarkasiya problemini həll etmək lazımdır, – bu, o deməkdir ki, bir gün Bakı daha xatırlatma etməyəcək”.

Başqa sözlə, Azərbaycan Prezidenti obrazlı ifadə eləsək, erməni tərəfinə əslində, sonuncu “sarı vərəqə”ni artıq göstərib. Ondan sonra “qırmızısı” gələcək… 

Kapitulyasiyadan sonra da “göydən yerə” enmək istəməyən Ermənistanın bəlası həm də ondadır ki, onun heç bir qiymətli təbii qaynağı və dünya okeanına çıxışı yoxdur. Çıxış – yalnız ölkədən kütləvi qaçış üçün qalıb.

“2020-ci ilin payızı ilə müqayisədə Ermənistanın vəziyyəti indi daha pisdir. Neftin dünya bazarında qiyməti sürətlə bərpa olur, qazın qiyməti isə bütün rekordları qırıb. Bu, Azərbaycan iqtisadiyyatına dəstəkdir. Azərbaycan silahlı qüvvələri Türkiyə ilə əməkdaşlıqdan da bəhrələnir”.

Bunu isə rusiyalı ekspert, Maliyyə Analitikləri və Risk Menecerləri Gildiyası Müşahidə Şurasının üzvü Aleksandr Razuvayev deyib.

“COVID-19 pandemiyası uzandı. Bu da beynəlxalq turizmdən asılı ölkələrin, o cümlədən Ermənistanın iqtisadiyyatını vurur. Ermənistan həm də investorları çəkindirən siyasi qeyri-sabitliklə xarakterizə olunur. Hamı anlayır ki, Azərbaycan hərbi baxımdan Ermənistandan qat-qat güclüdür. Di gəl, boş ambisiyalar, revanş yanğısı, imzalanmış müqavilələrin yerinə yetirilməməsi İrəvanı yeni müharibəyə sövq edə bilər ki, bu da kövrək Ermənistan dövlətinin sonunu gətirə, sərmayə qoyuluşunu sıfırlaya bilər. Biz dünya erməni diasporundan da Ermənistana böyük sərmayələr qoyulmasını görmürük. Əgər ermənilər özləri öz ölkələrinə sərmayə qoymursa, başqa ölkələrdən, o cümlədən Rusiyadan, MDB-dən bunu gözləməyə dəyərmi”, – deyə ekspert sual edib.

Lakin onun qənaətincə, sonda İrəvan imzalanmış müqavilələri yerinə yetirməyə məcbur olacaq. “Onların sadəcə, ayrı seçimi yoxdur. Əks halda, İrəvan Moskvanın dəstəyini qəti olaraq itirəcək, cəmi bir həftə-on gün çəkəcək yeni müharibə isə Ermənistanın sürətli məğlubiyyəti ilə başa çatacaq. Bu dəfə Vladimir Putin Ermənistanı xilas etməyəcək. Əgər Putin Ermənistanı bloklasa, onu ancaq möcüzə xilas edə bilər”, – Razuvayev əlavə edib.

Ermənistanın və erməni xalqının real xilas ünvanı isə çoxdan məlum. O, lap yaxınlıqdadır/musavat.com

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button