Ölkə

Həsrətə son… Azərbaycan Qarabağa qovuşdu…

Mən Qarabağlıyam, Qarabağın gözü olan Şuşalıyam. Düzdür, gözəl Şuşamızı görməmişəm, orada yaşamamışam. Ancaq Tələt babamın, Almaz nənəmin, atam Hikmətin necə həsrətlə, bir gün Şuşaya qayıtmaq ümidilə danışdıqlarına qulaq asıb, internet, televiziya vasitəsilə virtual olaraq ora səyahət etmişəm. Bir gün mən də babamın, atamın doğulub yaşadıqları Şuşanın gözəl yerlərində, Cıdır düzündə, İsa bulağında istirahət etməyi, gəzməyi həmişə xəyalımda canlandırmışam. Bu mənim ən böyük arzum olub. Onu da bilirəm ki, bu arzu tək mənim deyil, yurd həsrəti çəkən, doğma evlərindən didərgin düşən, bütün Qarabağlıların arzusudur. Mən həmişə fikirləşirdim ki, görəsən adam öz vətənində məcburi köçkün həyatı yaşayarmı? Heç cürə başa düşmürdüm, anlamırdım, yəqin yaşımın az olmağından irəli gəlir, axı mənim hələ 8 yaşım var. Böyüyəndə bütün bunları daha yaxşı başa düşəcəm.

Mən birinci Qarabağ müharibəsini görməmişəm. Ancaq mənim babalarım, nənələrim, atam, anam, dayılarım, əmim, bibim, xalam bu müharibələrin canlı şahidi olublar. Doğma evlərindən, qonşularından, məktəblərindən, dostlarından, iş yerlərindən olublar, özləri istəmədən, bu arzuolunmaz məcburi köçkün həyatı onlara bizim xain düşmənlərimiz ermənilər yaşadıb. İyirmi faiz torpaqlarımızı işğal edib eləcə də, 1992-ci il 8 mayda atam Şuşa şəhərindən, 1993-cü il iyulun 23-də isə anam Ağdam rayonundan az yaşlarında evlərindən didərgin düşərək, valideynləri ilə birlikdə Bakı şəhərinə pənah gətiriblər. Mən bilirəm ki, onlar üçün çox çətin olub, çünki onlar o vaxtlardan danışanda gözləri dolur.

Bacılarım Ahuzəndə və Mehribanla birlikdə atam Hikmətin, Aytən bibimin, Orxan əmimin uşaqlıq şəkillərinə, Şuşadan gələn ailə albomuna baxmaqdan  çox xoşumuz gəlir. Həmişə Almaz nənəmlə birlikdə o şəkillərə baxırıq, nənəm bizə Şuşanın mənzərəli yerində çəkdirdikləri şəkillər haqqında danışır.

Ancaq anamın uşaqlıq şəkilləri yoxdur, çünki onlar öz evlərindən heçnə götürə bilməyiblər, eləcə də ailə albomunu. Məryəm nənəm həmişə deyir ki, Muhammədəli mənim, Səhhət babanın cavanlığımızın anan Günayın, Vüqar dayının, Vüsal dayının, İlahə xalanın uşaqlıq şəkillərimiz qaldı Papravənddə (anamgilin kəndi). Anam da çox  peşiman halda deyir ki, mənim ürəyim sanki hiss edirdi ki, biz bir də evimizə qayıtmayacağıq. Anamın onda 13 yaşı olub.

Anam deyir ki, evimizin pilləkənlərində dayanıb həyətimizə, dağlara, ağaclara qonşularımızın evinə baxdım, sanki, bir qəriblik, bizsiz  yetim qalmaq qorxusu çökmüşdü hər tərəfə və elə də oldu. Kəndimiz ermənilər tərəfindən işğal olundu, kəndimiz də yetim  qaldı, evimiz də. Anam bu günə kimi də özünü bağışlamır ki, mən niyə ailə albomunu götürmədim. Nənəm də ona  təsəlli verir ki, ay qızım min əziyyətlə tikdiyimiz evimizi o qədər sevirdik ki, evin düzənini pozmaq istəmirdik. Elə bilirdik həmişəki kimi kəndimizdə gedən döyüş sakitləşəcək, biz də yenidən evimizə qayıdıb həyatımıza davam edəcəyik. Səhhət babam da mənə danışır ki, belə döyüşlər kəndimizdə tez-tez olurdu. Bizim kəndin kişiləri “özünümüdafiə batalyonu” yaratmışdıq, əsgərlərlə bərabər biz də döyüşür, kəndi müdafiə edirdik. Vüsal, Vüqar dayılarının 10-15 yaşlarının olmasına baxmayaraq öz  yaşıdları ilə birgə bizə kömək edirdilər. Hətta bir dəfə 1992-ci il yay ayları idi. Kəndimiz uğrunda ermənilərlə ağır döyüşümüz oldu.  Bir gecədə 12 şəhidimiz və yaralımız oldu, ancaq kəndimizi ermənilərdən qoruduq. Yağı düşmənlərimiz çoxlu  itki verərək geri çəkildilər.

Nənəmgil hardan bilsinlər ki, doğma ev-eşiklərinə qayıtmaqları 27 ildən sonra baş tutacaq. İkinci Qarabağ müharibəsinin şahidləri də mən və mənim kimi uşaqlar olacaq. Amma bu dəfə qalib olaraq!
Birinci Qarabağ müharibəsini babalarımın, nənələrimin, ata, anamın, müəllimlərimin dilindən eşidirdim. Təsəvvür edirdim  necə qanlı-qadalı günlər yaşanıb. Bağçada Afiqə, Almaz müəllimlərimiz, məktəbdə Şəhla müəlliməmiz həmin müharibədə Xocalı kimi faciəmizin olduğunu bizə danışıblar.

Xocalıda nə qədər günahsız uşaqların, nənələrimizin,  bacı-qardaşlarımızın ermənilər tərəfindən vəhşicəsinə, işgəncələrlə öldürülüb, əsir götürüldüyünü deyiblər. O vaxtlar bizim indiki kimi güclü ordumuz, çoxlu silahlarımız olmayıb. Ancaq bizim bu şəhidlərimizin qanı yerdə qalmadı, onların qisası alındı. O gün gəldi çatdı və mən də bu günün canlı şahidi oldum.
27 sentyabr 2020-ci il Azərbaycanda İkinci Qarabağ müharibəsi başladı. Ali Baş Komandanımız, cənab Prezident İlham Əliyev qismən səfərbərlik elan etdi. Qarabağımız uğrunda qızğın döyüşlər başladı.

Hər gün babam xəbərlərə baxır, mən də böyük maraq və səbirsizliklə onunla birlikdə igid əsgərlərimizin işğaldan azad etdikləri rayon və kəndlərimizin adlarını eşitmək istəyirdim.

Bizim yaşadığımız Qurban Pirimov küçəsində də qonşularımız çox həyəcanlıdır. Çünki bizim məhlənin oğlanları Nurlan, Veys, Heydər də vətənimiz uğrunda döyüşə gediblər. Mənim atam və qonşumuz Elmar da Nərimanov rayonu Hərbi Komissarlığına neçə dəfə getdilər ki, onları da döyüşə  aparsınlar, ancaq orada onlara demişdilər ki, hələ siz gözləyin əsgərlərimiz çoxdur, lazım gələrsə sizi də çağıracağıq. Onlar da peşiman halda evə qayıtmışdılar. Ona görə peşiman idilər ki, onlar da Qarabağımız uğrunda döyüşüb, erməniləri məhv edib şəhidlərimizin, günahsız insanlarımızın qisasını almaq istəyirdilər. Mənim Vüsal, Vüqar dayılarım da könüllü olaraq döyüşə qatılmaq istədilər. Ancaq onlara da hərbi komissarlıqda atamgilə deyilən sözləri demişdilər, Milli Ordumuzda qüvvəmiz çoxdur, lazım gələrsə sizi də çağıracağıq.

Mən qonşumuz Nurlanın müharibəyə  getdiyini görmədim, çünki məktəbdə idim. Tələt babam onu Quranın altından keçirərək, sağ-salamat gedib gəlməsini Allahdan istəyib. Mən də həmişə atamgil namaz qılarkən, onların yanında durub Allaha dua edirdim ki, bütün əsgərlərimiz döyüşdən sağ-salamat, zəfər sevincilə evlərinə qayıtsınlar. Ancaq qonşumuz Veysin müharibəyə getdiyini gördüm. Küçədə uşaqlarla oynayırdıq, Veysin anası Mətiş xalanın necə ağlayıb, oğlunu qucaqlayıb, öpüb yola saldığını gördük. Bütün qonşular onların qapısına toplaşdılar, hamı Veysin sağ-salamat gedib gəlməsini arzuladı. Nənəm, anam, Şəfiqə nənə, Gülüm nənə, Sevda xala, Gülü xala, Gülşən nənə, bacım Abuzəndə, Mehriban, böyük Murad, balaca Murad, Sevinc, Nazlı hamımız orada idik və Allaha dua edirdik ki, əsgərlərimizi düşmən gülləsindən qorusun. Mən bir anlığa özlüyümdə düşündüm ki, görəsən bu müharibə nə vaxt bitəcək, necə olacaq. Ancaq yaxşı oldu, qəhrəman əsgərlərimiz bir-bir torpaqlarımızı erməni işğalından azad edir, üçrəngli bayrağımızı həmin azad etdikləri kənd və şəhərlərmizə sancır, cənab Ali Baş Komandana məruzə edirdilər. Biz də televiziya qarşısında dayanıb, bütün əsgər və zabitlərimizi alqışlayırdıq.

Ermənilər igid əsgərlərimizin torpaqlarımızı onların tapdağından azad etməkləri ilə heç cürə barışa bilmirdilər. Həmişə olduğu kimi pis əməllərindən qalmayaraq mülki vətəndaşlarımıza xaincəsinə saldırırdılar.

Belə ki, qədim şəhərimiz olan Gəncəyə, Bərdə, Tərtər, Mingəçevir şəhərlərinə raket, qadağan olunmuş silahlardan ataraq, onlarla dinc insanları, uşaqları öldürdülər. Lakin Azərbaycan xalqı öz məğrurluğunu itirmir, yumruq kimi birləşərək ordumuza, prezidentimizə dəstək olmaqda davam edirdilər.

Azərbaycan əsgəri vətən uğrunda Qarabağ uğrunda tarix yazır, 3 oktyabr Suqovuşan qəsəbəsi, 4 oktyabr Cəbrayıl rayonu və onun kəndləri, 9 oktyabr Hadrut qəsəbəsi, 17 oktyabr Füzuli rayonu və kəndləri, 18 oktyabr Xudafərin körpüsü işğaldan azad olunaraq bayrağımız taxılır. Bəli bu sıralama davam edir, 20 oktyabr Zəngilan rayonu və kəndləri, 25 oktyabr Qubadlı rayonu və onun kəndləri azad edildi.
Bu azad olunan rayon və kəndlərimiz münasibətilə cənab Prezidentimiz Ali Baş Komandanımız televiziya vasitəsilə bütün Azərbaycan xalqını təbrik edir. Müzəffər ordumuzun bu qürurverici qələbəsini alqışlayır, onları da təbrik edir, Qarabağ Azərbaycandır! – deyirdi.

Nəhayət Qarabağımızın gözü olan Şuşamızın azad olunduğu tarix 8 noyabr 2020-ci il cənab Prezidentimiz Azərbaycan Ordusunun bu qələbəsini bizə möhtəşəm bir şəkildə çatdırdı.

Cənab Prezidentimiz Birinci Vitse Prezident Mehriban xanımla birlikdə əvvəlcə Fəxri xiyabana gedərək, Ulu Öndərimiz Heydər babamızın və Zərifə xanımın məzarları  üzərinə gül qoydu. Sanki onlara gözünüz aydın olsun, ermənilər tərəfindən işğal olunmuş torpaqlarımızı, Şuşamızı azad etdik dedi. Daha sonra Şəhidlər Xiyabanına gələrək şəhidlərimizi ziyarət etdi, onlara əziz şəhidlərimiz biz sizin qanınızı yerdə qoymadıq, güclü ordumuz zəfər çaldı, Qələbə çaldı deyirdi. Ailəmiz, bizim kimi yüzlərlə ailə səbirsizliklə Cənab Ali Baş Komandanımızın dilindən Şuşanı azad etdik – kəlmələrini eşitmək üçün televiziya qarşısında gözləyirik. Artıq o məqam çatdı.

Prezidentimiz İlham Əliyev əziz Şuşa sən azadsan, biz qayıtdıq dedi. Əziz Şuşa biz səni dirçəldəcəyik söylədi. Biz necə sevindik, babam, nənəm, atam, anam sevinc göz yaşlarını saxlaya bilmirdilər. Hamı bir-birini təbrik edir, Prezidentimizi və Azərbaycan Ordusunu alqışlayır, onlara təşəkkür edirdik, bu möhtəşəm qələbə sevincini bizə yaşatdıqları üçün.

Azərbaycanın bütün bölgələrində, eləcə də paytaxtımız Bakımızın küçələrində hər kəsin əlində üçrəngli bayrağımız, maşınların siqnalları, hamı sevinir… Qarabağ Azərbaycandır! – deyir. Mən, bacılarım, məhlənin uşaqları, bütün qonşular əlimizdə bayrağımız yola qaçdıq.

Şuşa bizimdir! Qarabağ Azərbaycandır! – deməyə başladıq, əlimizdə üzrəngli bayrağımız çoxlu xatirə şəkilləri çəkdirdik. Atam çoxlu şokolad aldı, mən bacılarımla birlikdə Şuşamızın azadlıq şirnisini payladıq.

İkinci Qarabağ müharibəsi cəmi 44 gün çəkdi.  Noyabr ayının 10-da gecə yatmışdım. Bir də gördüm atam sevinə-sevinə məni səsləyir, Muhammədəli dur, müharibə bitdi. Əvvəlcə elə bildim yuxu görürəm, sonra yoldakı maşınların siqnalları, insanların sevinc qışqırıqlarını eşitdim, gördüm bu yuxu deyil, həqiqətdir. Atam dedi ki, ermənilər yenilməz Azərbaycan Ordusunun qarşısında tab gətirə bilmədilər, silahlarını qoyub qaçdılar, təslim oldular. 10 noyabr 2020-ci il tarixdən Azərbaycan, Rusiya, Ermənistan arasında üçtərəfli sülh müqaviləsi imzalanıb, müharibə dayandı. Qalan rayonlarımız Kəlbəcər, Laçın, Ağdam dekabrın birinə kimi boşaldılacaq, yağı düşmənlərimiz ermənilər torpaqlarımızdan rədd olub çıxacaqlar.

Belə də oldu, yağı düşmənlərimiz 20 noyabrda Ağdam rayonundan, 25 noyabr Kəlbəcər rayonundan, 1 dekabrda Laçın rayonundan çıxdılar. Ancaq yenə də həmişə olduğu kimi ziyankar əməllərindən, pis niyyətlərindən əl çəkməyərək Kəlbəcər rayonunun meşələrini yandırır, ağacları qırır, evləri yandırıb çıxdılar. Ağdamda qalan Laçında qalan bir-iki evi dağıdıb yandırıb rədd olub getdilər.
Onsuz da biz Qalibik, güclü dövlətimiz, qüdrətli dövlət başçımız, yenilməz ordumuz, yumruq kimi bir olan millətimiz var.

Ermənilərin talan edib dağıtdıqları, yurd-yuvamızı yenidən qurub yaradacağıq.
Cənab Prezidentimiz Ali Baş Komandanımız Mehriban xanımla birlikdə azadlığına qovuşmuş Füzuli rayonuna, Ağdam rayonuna, Cəbrayıl rayonuna, Xudafərin körpüsünə səfər etdi. Oradan bütün dünyaya səsləndi ki, baxın görün vəhşi ermənilər bu rayonları, qəsəbələri, kəndləri nə vəziyyətə salıblar, dağıdıb, yandırıb, daşı daş üstündə qoymayıblar. Bütün hər yeri məhv ediblər və buna görə onlar beynəlxalq məhkəmə qarşısında cavab verəcəklər. Cənab Prezidentimiz xalqımıza söz verdi ki, bu yerləri əvvəlkindən də  gözəl vəziyyətə gətirəcəyik, tikib yaradacağıq.

Bizim Prezidentimiz Şuşa şəhərinə yeni yol salınması, Ağdam rayonuna dəmir yolu salınması haqqında Sərəncam da verdi.
Bu yol bizi atamın, anamın doğma vətəninə, yurduna, evinə aparacaq. Babalarıma, nənələrimə, atama, anama deyirəm ki, gözünüz aydın olsun, Sizlər öz doğma yurdunuza qayıdırsınız. Bu qayıdışı biz Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyev cənablarına, Müzəffər Azərbaycan əsgərinə, cənnətə qovuşmuş, nur üzlü şəhidlərimizə, vətən uğrunda sağlamlığını itirən qazilərimizə borcluyuq. Biz Sizlərə minnətdarıq əzizlərimiz! Haqqınızı halal edin! Qarabağ Azərbaycandır!

Bakı şəhəri Nəriman Nərimanov rayonu 177 saylı orta məktəbin 2b sinif şagirdi Muhammədəli Hikmət oğlu Həsənzadə

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button