Bu gün Azərbaycan-Ermənistan sərhədində tarixi danışıqlar baş tutub. Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan arasında iki ölkənin dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib.
Görüşün nəticələrinə görə, delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) – Bağanıs Ayrım (AR), Voskepar (ER) – Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrımlı (AR) və Berkaber (ER) – Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar. Qərara alınıb ki, sərhəd xəttinin bu hissələrinin təsviri koordinatları yerdəki geodeziya ölçmələrinə əsaslanaraq dəqiqləşdirilməsi nəzərə alınmaqla tərtib edilsin və bu, tərəflər arasında 15 may 2024-cü il müddətinədək müvafiq Protokol-təsvirlə sənədləşdirilərək razılaşdırılmalı və imzalanmalıdır.
Razılaşdırılıb ki, tərəflər sərhəd xəttinin razılaşdırılmış hissələrində öz sərhəd xidmətlərinin eyni vaxtda və paralel yerləşdirilməsi üçün tədbirlər görmək məqsədilə öz hökumətlərinə müraciət edəcəklər.
Analoq.az