Ölkə

Elçin Bayramlı: “Ölkədə dövlət büdcəsindən ən çox pul ayrılan, ən çox daxili və xarici borcu olan dövlət təşkilatı “Azərsu”dur”

"İsrafçılığın qarşısı alınmalı və su ehtiyatlarının effektiv idarə edilməsi üçün sistem qurulmalıdır"

Məlum olduğu kimi Prezident İlham Əliyevin sərəncamı ilə Əhməd Əhmədzadə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib. Dövlət başçısının digər sərəncamına əsasən, Zaur Rauf oğlu Mikayılov quruma yeni rəhbər təyin olunub. Xatırladaq ki, 76 yaşlı Ə.Əhmədzadə 2006-cı ildən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri idi. Yeni sədr Zaur Mikayılov ali təhsilini Türkiyənin Boğaziçi Universitetində alıb. O, 2015-2016-cı illərdə “Paşa İnşaat”da, 2016-2018-ci illərdə isə “Agro Supply MMC”nin direktoru vəzifəsində çalışıb. Bundan başqa 2009-2015-ci illərdə “Port Baku”nun baş meneceri olmaqla yanaşı, bir sıra yüksək vəzifələri icra edib. Həmçinin, “Azərbaycan Supermarket MMC”nin direktoru vəzifəsində işləyib. Xatırladaq ki, sözügedən strukturun fəaliyyəti, ümumiyyətlə, ölkəmizdə su təsərrüfatı və suvarma sistemləri ilə bağlı ciddi narazılıq var idi.

Həm içməli suyun, həm də əkin sahələrinin suvarılması sahəsində mövcud olan əhəmiyyətli nöqsanlar, çatışmazlıqlar mütəmadi mediada müzakirə olunurdu. Hətta Prezident İlham Əliyev də zaman-zaman məsələ ilə bağlı narazılığını dilə gətirib. Dünən Zaur Mikayılovu qəbul edən dövlət başçısı qurumun yeni rəhbərinə mühüm tapşırıqlarını verib. Ölkə rəhbəri qeyd edib ki, Azərbaycanda su ehtiyatlarından səmərəli istifadə olunmalıdır: “Sizin qarşınızda duran vəzifələrdən biri çatışmazlıqların aradan qaldırılmasıdır. İdarəetmədə müasir yanaşmanın tətbiq edilməsidir, müasir texnologiyaların ölkəmizə gətirilməsidir. Çünki biz bundan sonra meliorativ tədbirləri, necə deyərlər, dədə-baba üsulu ilə apara bilmərik. Dünyanın bu sahədə ən müasir texnologiyaları Azərbaycana gətirilməlidir, sudan səmərəli istifadə edilməlidir. Bizdə mövcud problemlərdən biri də itkilərin böyük həcmdə olmasıdır. Bu itkilər bəzi hallarda təbii xarakter alır, amma bəzi hallarda səhlənkarlıq ucbatından baş verir”.

“Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı “Şərq”ə vurğulayıb ki, Prezident bir il öncə də müşavirədə su təsərrüfatındakı nöqsanları sərt tənqid edərək bu sahənin rəhbərlərinə xəbərdarlıq etmişdi. Ekspertin sözlərinə görə, xəbərdarlıqdan nəticə çıxarmayan Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbəri vəzifədən azad olundu:

“Ölkədə dövlət büdcəsindən ən çox pul ayrılan, ən çox daxili və xarici borcu olan dövlət təşkilatı “Azərsu”dur. Amma ayrılan milyardlara baxmayaraq, bu sahədə ciddi tədbirlər görülməyib və problemlər getdikcə artıb. Nəzərə alaq ki, qarşıdan qlobal quraqlıq və su böhranı gəlir, biz isə su ehtiyatlarına görə çox zəif ölkəyik. Üstəlik, bu su ehtiyatının 70 faizi ölkə sərhədlərindən kənar mənbələrdən formalaşır. Qarşıda bizi necə problem gözlədiyini dərk edə bilərik. Hətta bir çox nüfuzlu ekoloqlar və qlobal mərkəzlər yaxında su müharibələrinin baş verəcəyini proqnoz edirlər. Belə vəziyyətdə bu sahəyə məsul orqanlar və onların rəhbərləri çox əvvəldən ciddi tədbirlər görməli, mümkün ehtiyatlardan səmərəli istifadə etməli, yeni mənbələr tapmalı və istifadəyə verməli idilər. Halbuki, bununla bağlı çox az iş görüldü. Uzun illərdir təklif edirdik ki, alternativ su mənbələri və ehtiyatları ilə bağlı ciddi işlər görülməlidir. Mümkün olan yerlərdə çox sayda artezian quyuları qazılmalı, dəniz kənarında su şirinləşdirici zavodlar tikilməli, su itkisi minimuma endirilməlidir. İsrafçılığın qarşısı alınmalı və su ehtiyatlarının effektiv idarə edilməsi üçün sistem qurulmalıdır. Lakin bunların heç biri həyata keçirilməyib. Bir neçə xırda işlərlə kifayətləniblər. Milyardlarla vəsait havaya sovrulub, daha doğrusu, kimlərinsə cibinə axıb”.

E.Bayramlı vurğulayıb ki, keçən yayda bu təhlükənin ilk simptomlarını gördük:

“Əsas mənbəyimiz olan Kür çayı tarixdə ilk dəfə geriyə axdı, indi də çayda su çox azdır, quruyub yoxa çıxmaq üzrədir. Suvarmada yaradılan problemlər səbəbindən ölkədə məhsul əkib-becərənlər azalır və idxaldan asılı vəziyyətə düşürük. Hazırda bazar-dükanda yerli meyvə-tərəvəzin qiymətinin baha, xaricdən gətirilənlərin ucuz olması bunu sübut edir. Əhalinin içməli su təminatı da həm keyfiyyətcə, həm kəmiyyətcə aşağı səviyyədədir. Məsələn, bizim evdə şəbəkə suyunun TDS dəyəri 750-dən çoxdur. Bu artıq içməli su deyil, texniki sudur. Üstəlik, müxtəlif ərazilərdə tez-tez su kəsilmələri olur. “Azərsu”da su itkisi bəzi hallarda 40-50 fazə çatır ki, bu da dünya rekordudur. Bu qədər su hara, necə itə bilər? Əlbəttə, su itmir, sadəcə, “lazımi yerlərə” qeyri-leqal yollarla ötürülür. Günah isə əhalinin üzərinə atılır, halbuki, suyu əhali israf etmir. İsraf edənlər istehsal müəssisələri, şirkətlər, restoranlar və s. kommersiya obyektləridir. Onlara sayğacdan kənar böyük həcmdə su verilir və yaşıllıqların suvarılması adı ilə “oformit” olunur. Nəticədə su təsərrüfatı zərərlə işləyir və bunu əhalinin hesabına kompensasiya etmək üçün qiymət 2 dəfə, yəni 100 faiz artırılır. Bina həyətlərində, məhəllələrdəki su krantlarını bağladılar və ağaclar qurumağa başladı. Hesab edirəm ki, günahkarlar cəzalandırılmalı, dövlətə dəyən zərər geri qaytarılmalı, iş başına peşəkar və vicdanlı kadrlar gətirilməlidir. İşğaldan azad edilmiş ərazilərimizdəki su mənbələri ümumi ehtiyatlarımızın təxminən 30 faizini təşkil edir ki, bu, çox böyük rəqəmdir. Bu ehtiyatlardan səmərəli istifadə olunmalıdır. Su birbaşa milli və dövlət təhlükəsizliyi məsələsidir”sherg.az.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Daha çox
Back to top button