Siyasət

Azərbaycan bütün varlığı ilə qardaş Türkiyənin yanındadır!

Bütövlükdə böyük bir yalandan ibarət olan erməni “dövləti” deyəsən “Dənizdən dənizə Ermənistan” xülyasından əl çəkmək istəmir. XIX əsrin ortalarından başlayaraq Azərbaycana və Türkiyəyə ərazi iddiaları ilə çıxış edən ermənilər Azərbaycanın böyük bir ərazisini – Qərbi Azərbaycan torpaqlarını, tarixi oğuz elini öz havadarlarının köməyi ilə Azərbaycandan qopardılar. İndi isə erməni təbliğat maşını və onun havadarları Osmanlı imperiyasında ermənilərə qarşı soyqırımı törədildiyini sübut etməyə və bütün dünyanı buna inandırmağa cəhd göstərir. Həqiqət isə odur ki, Birinci Dünya müharibəsi zamanı çətin döyüş şəraiti, daxili münaqişələr, aclıq və xəstəliklər üzündən çoxlu sayda erməni həyatını itirib. Lakin məqsədyönlü şəkildə unudulur ki, həmin dövrdə ermənilərdən daha çox türklər həlak olub.

Tarixi olduğu kimi, təhrif etmədən təbliğ etmək lazımdır. Müəyyən maraqlar naminə tarixi saxtalaşdırmaq yolverilməzdir. Əgər məqsəd tarixi faktların obyektiv araşdırılmasıdırsa, tarixi mənbələr, sənədlər əsasında ciddi araşdırmalar aparılmalı və bu proses tanımış tarixçilərə həvalə edilməlidir. Türkiyə öz arxivlərini tarixçilərə açmağa hazır olduğunu dəfələrlə bildirib və həqiqəti üzə çıxarmaq naminə birgə komissiyanın yaradılması təklifini irəli sürüb. Ancaq ermənilər həmişə müxtəlif bəhanələrlə bu təklifdən boyun qaçırıblar. Ona görə ki, həqiqəti bilirlər amma öz şəxsi maraqlarına görə bütün dünyanı saxta tarixə inandırmaq üçün məqsədyönlü şəkildə yalan danışırlar.

Rəsmi İrəvanın məkrli siyasətinin arxasında Türkiyənin onlara təzminat ödəməsi və Türkiyə ərazisinin bir hissəsinin Ermənistana verilməsi kimi cəfəng tələb və iddialar durur. Erməni ədəbiyyatında Türkiyənin şərq əyalətlərinin “Qərbi Ermənistan” adlandırılması da həmin iddiaların rəsmiləşdirilməsinə xidmət edir. Hətta ermənilərin tərtib etdiyi bəzi gülünc xəritələrdə Türkiyə və Azərbaycan ərazisi Ermənistan ərazisi kimi qeyd edilir və bu ərazilərin üzərinə “Böyük Ermənistan”, “Dənizdən dənizə Ermənistan” adları yazılıb.

Ermənistan Azərbaycan və Türkiyə dövlətlərinin beynəlxalq səviyyədə tanınmış ərazilərini məqsədli şəkildə təhrif edir. Bu böyük bir cinayətdir. Ermənistanın bir çox qanunsuz hərəkətləri hər iki türk dövlətinin suverenliyinə qəsd kimi qiymətləndirilməlidir.

Ermənistanın tarixi faktların saxtalaşdırılması və ekspansiya siyasəti yalnız qardaş Türkiyəyə qarşı deyil, uzun illər ərzində Azərbaycana qarşı da həyata keçirilib.

Təkcə 1918-ci ilin mart soyqırımı zamanı 12 mindən çox türk-müsəlman öldürülüb. Onların çoxunun meyitləri tapılmayıb. XX əsrin digər faciəsi Xocalı soyqırımıdır. 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri tərəfindən 7 min əhalisi olan Xocalı şəhərində amansız cinayət törədilib. Baş vermiş bu faciələr təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdəndir. Aqressiv erməni siyasətinin bariz təcəssümü olan bu cinayətlərin uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almaması ikili siyasətin təcəssümüdür. Qondarma erməni “soyqırımı” bəzi dünya dövlətləri tərəfindən tanınsa da bəşəriyyətə qarşı Xocalıda törədilən cinayət məqsədli şəkildə bəzi dövlətlər tərəfindən qəbul edilmir. Bunu etməklə həmin dövlətlər bu cinayətin bir parçasına çevrilirlər.

Son dövrlər qondarma “erməni soyqırımı” iddialarının dünya gündəmində yer almasının səbəbkarı təkcə Ermənistan və erməni lobbisi deyil, həmçinin regionla bağlı imperialist maraqlar güdən qlobal güclərdir. Qondarma “erməni soyqırımı” anlayışı yalnız siyasi təzyiq alətidir və ikili standartlar siyasətinin təzahürüdür. Yaxşı olardı ki, “tarixi həqiqətlər axtarışı”nda olan qüvvələr erməni millətçilərindən Mərkəzi Anadoluda törətdikləri amansız qətllərin hesabını istəsinlər. Erməniləri müdafiə edən bəzi güc mərkəzləri unutmasınlar ki, tarixi ədalət həmişə öz sözünü deyir. Haqq və ədalət məhkəməsi isə çox amansız olacaq. Heç bir tarixi əsası olmayan, ermənilərin uydurmaları əsasında “erməni soyqırımı” olub demək düzgün deyil.

ABŞ prezidenti Co Baydenin qondarma “erməni soyqırımı”nı tanıması dünya ölkələri arasında nüfuzunu itirməkdə olan ABŞ üçün heç də yaxşı nəticələr verməyəcək. Türkiyə haqlı olaraq Baydenin əsassız bəyanatına qarşı etiraz etdi və tutarlı cavab verdi. Azərbaycan haqq işində qardaş Türkiyənin yanındadır.

Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar da hər zaman olduğu kimi indi də qardaş Türkiyənin yanında olduqlarını bildirir və xəstə erməniçilik idealları bəsləyən ABŞ Prezidentinin qondarma “erməni soyqırımı” məsələsinə dair mövqeyini qətiyyətlə pisləyirlər. Ölkələr və xalqlar arasında dözümsüzlük təlqin edən bu cür yanaşmalar ayrı-ayrı regionların və ümumilikdə bəşəriyyətin dayanıqlı sülhpərvər inkişafına təhdid törədir.

Anar Salehoğlu (Qarayev)

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Daha çox
Back to top button