Hadisə

Bələdiyyədə nə baş verib? – 7 nəfər qapını bağlayıb, şöbə müdirini xəstəxanalıq edib… – REPORTAJ+FOTO

Bakıda özlərini Qarabağ qazisi kimi təqdim edən şəxslər bələdiyyə üzvlərini döyüb.Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, dekabrın 9-da saat 11 radələrində özlərini “Çinar Park” MMC-nin işçiləri və Qarabağ qaziləri kimi təqdim edən bir qrup şəxs Yasamal rayon bələdiyyəsinin inzibati binasına daxil olub. Daha sonra onlar bələdiyyə ilə MMC arasında bağlanan müqavilənin vaxtından əvvəl ləğv edilməsinə etiraz edərək inzibati binanın otaqlarında dağıntılar törədib və bələdiyyənin 2 üzvünü döyərək onlara xəsarətlər yetiriblər.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin olunub və iş üzrə istintaq hərəkətləri aparılır.

Cebhe.info-nun əməkdaşı məsələ ilə bağlı ətraflı məlumat almaq üçün hadisə yerində olub. Yasamal rayon Bələdiyyəsinin inzibati binasında sakitlik hökm sürürdü. Ancaq bir gün əvvəl binada vəziyyət tam fərqli idi. Bələdiyyədən aldığımız məlumata əsasən, 7 nəfər bələdiyyə sədrinin otağına hücum edib:

“9 dekabr saat 10:35 radələrində 7 nəfər bələdiyyə sədri Tahir Məmmədovun otağına daxil olaraq, qapını içəridən bağlayıblar. Onlar vergi və ödənişlər şöbəsinin müdiri Rəşid Muradovu çəliklə döyüblər. Rəşid Muradov aldığı ağır xəsarətlərin ardından hal-hazırda xəstəxanada müalicə olunur”.

Bələdiyyədən o da bildirilib ki, yalnız ehtiyat açarla qapını çöldən açmaq mümkün olub:

“Sədrin otağına hücum edənlər bələdiyə sədrinin otağındakı şkafın şüşələrini, televizoru, noutbuku və qapını sındırıblar. Onlar Birinci və İkinci Qarabağ müharibəsinin qaziləri olduqlarını deyərək, işçiləri çox ağır şəkildə təhqir ediblər. Hadisə nəticəsində bələdiyyənin işçiləri və xanım əməkdaşları böyük stress keçirib. Bələdiyəyə dəyən maddi zərər ekspertiziya rəyindən sonra bilinəcək”.

Əraziyə gələn polis əməkdaşları tərəfindən aparılan qazilər ifadələri alındıqdan sonra sərbəst buraxılıblar. Yasamal Bələdiyyəsi həmin şəxslərdən şikayətçi olub.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button