Dünya

Paşinyanın “torbasını tikmək” getdikcə çətinləşir – KRİTİK ŞƏRH

İrəvanda yenə aləm qarışıb. Ermənistan ordusunun kapitulyasiyası və Qarabağın itirilməsinə görə İrəvanda “qurbanlıq” axtarılır. Təbii ki, ilk andan bütün baxışlar baş nazir Nikol Paşinyana dikilib. Əslində Paşinyan da yaxasını kənara çəkmir. Əksinə, bütün məsuliyyəti boynuna götürür. Bununla belə o, baş nazir kreslosunu təhvil vermək fikrində deyil. Komendant saatı olmasına baxmayaraq, İrəvan küçələri gecə-gündüz etirazçılarla dolub-boşalır. Üstəlik, dünən axşam saatlarında Ermənistan prezidenti Armen Sarkisyan yeni parlament seçkilərinin keçirilməsi və baş nazirin istefaya getməsinin artıq zərurət olduğunu bildirdi. Lakin Paşinyanın istefaya göndərilməsi o qədər də asan görünmür. Belə ki, baş nazirə etimadsızlıq qaydası Ermənistan Respublikası Konstitusiyasının 115-ci maddəsində nəzərdə tutulub. Bu maddənin 1-ci hissəsinə əsasən, baş nazirə etimadsızlığı üçün parlamentdəki deputatların ən azı üçdəbirinin razılığı tələb olunur. Üstəlik, qərar layihəsində yeni hökumət başçısının namizədliyi də qeyd edilməlidir.

Bundan sonra yeni prosedur başlanmalıdır. Əsas Qanunun 115-ci maddəsinin 2-ci hissəsində qeyd edilir ki, baş nazirə etimadsızlıq haqqında parlamentə qərar layihəsi təqdim edildikdən sonra 48 saatdan tez və 72 saatdan gec olmayaraq parlamentdə səsə qoyulmalı və deputatların ümumi sayının əksəriyyətinin səs çoxluğu ilə qəbul edilməlidir. Yalnız bundan sonra hökumət başçısı məcburən istefaya göndərilə bilər.

Ermənistan qanunvericiliyinə görə, baş nazirə onun seçilməsindən bir il tez etimadsızlıq göstərilə bilməz. Bu tələb Konstitusiyanın 115-ci maddəsinin 3-cü hissəsi ilə müəyyən edilib. Baş nazirə etimadsızlıq haqqında qərar layihəsi parlamentdə qəbul edilməzsə, onda belə bir layihə ən azı altı aydan sonra müzakirəyə çıxarıla bilər.

Burda başqa problem də var. Belə ki, Konstitusiyanın 4-cü maddəsində göstərilir ki, fövqəladə və yaxud hərbi vəziyyət şəraitində parlamentdə belə bir müzakirənin keçirilməsi mümkün deyil.

Göründüyü kimi, Nikolun hakimiyyətdə qalma ehtimalı daha çoxdur.

Parlamentlərin Beynəlxalq İnkişafı Mərkəzinin icraçı direktoru, hüquqşünas Gohar Meloyan bu vəziyyəti “hüquqi böhran” kimi qiymətləndirib. Bu vəziyyətdə isə yeganə çıxış yolu baş nazirin könüllü istefasıdır.

Gohar Meloyan müxalifətin parlamentin fövqəladə iclasını çağırmaq təşəbbüsünün uğursuzluğa düçar olduğunu da xatırladıb. “İndiki halda parlamentdəki narazı qüvvələr də səlahiyyətlərini həyata keçirmək imkanlarından məhrumdur. Bu, hakim siyasi qüvvənin qanunverici orqanda mütləq səs çoxluğuna sahib olması ilə əlaqədardır”, – deyə Meloyan bildirib.

Hazırda Ermənistan parlamentinin 131 deputatından 88-i hakim “Mənim addımım” blokunun nümayəndəsidir. 24 millət vəkili müxalif “Çiçəklənən Ermənistan” Partiyasını təmsil edir. 17-si “Aydınlanmış Ermənistan” müxalifət fraksiyasının üzvü, daha üçü isə müstəqil millət vəkilidir. Göründüyü kimi, Paşinyan parlamentdə böyük tərəfdar üstünlüyünə malikdir. Belə vəziyyətdə isə ermənilərin ümidi ancaq Paşinyanın şəxsi istəyinə qalır. Çünki Nikol könüllü istefaya getməyəcəyi təqdirdə onun “torbasını tikmək” çox çətindir. Buna nə ölkədəki hərbi vəziyyət imkan verir, nə də Paşinyanın parlamentdəki çoxluq təşkil edən tərəfdarları.

Amma həyat sürprizlərlə doludur. Ona görə də tələsmədən hadisələrin inkişafını izləmək daha yaxşı olardı.konkret.az

Surxay Atakişiyev,

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button