Siyasət

Qarabağda geosiyasi oyun: Bakının strateji səssizliyi, yaxud rusların girovu kimdir?

“Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir” dedi Putin və Makron eyni sözləri təkrarladı….

Bölgədə şərtlər dəyişdi artıq və Bakı 44 günlük müharibə ilə yeni reallıq yaratdı:
– Dağlıq Qarabağ münaqişəsi yoxdur;
– Azərbaycan ərazi bütövlüyünü bərpa etdi;
İlham Əliyevin, Putinin, Makronun, Ərdoğanın dediyi kimi…

Amma Ermənistanın kapitulyasiya aktına imza atmasından sonra verilən suallar hələ də qalır.

Qarabağın statusu olacaqmı?

Dağlıq Qarabağın statusu məsələsi Madrid prinsiplərində və bu prinsiplər əsasında ortaya çıxan “Kazan düsturu”, “Lavrov planı” kimi həll variantlarında sonuncu mərhələdə müzakirə olunacaqdı: rayonlar qaytarılır, əhali qayıdır, aralıq status verilir, sonda status referendum yolu ilə həll olunur. Lakin bu, ərazilər danışıqlar yolu ilə qaytarılsaydı, müzakirə mövzusu olacaqdı, müharibə bütün daşların yerini dəyişdirdi, danışıqlar masasındakı sənədləri kənara qoydu və yeni vəziyyət yaratdı. Qarabağın status ola bilərmi sualına SSR Azərbaycan tərkibində mövcud olan Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati ərazisi, eləcə də I müharibədə işğaldan sonra Ermənistanın planı kontekstində baxmaq lazımdır.

Ermənistan Dağlıq Qarabağla yanaşı, 7 rayonu həm bufer zonası yaratmaq, həm də bazarlıq kimi istifadə etmək üçün işğal etmişdi: danışıqlar masasında rayonları qaytarır, Qarabağı özündə saxlayır.

Dağlıq Qarabağın inzibati ərazisi: Xankəndi, Şuşa, Xocavənd və Xocalı olmaqla iki şəhər, iki rayon;

1. Azərbaycan 44 günlük müharibədə Dağlıq Qarabağın inzibati ərazisinə daxil olan Xocavəndin böyük hissəsini, Xocalının bir neçə kəndini və Şuşanı işğaldan azad etdi, bununla ermənilərin istədiyi və danışıqlar masasında mövcud olan həll variantlarında nəzərdə tutulan Dağlıq Qarabağın inzibati ərazinə daxil oldu.

2. Ermənilərin Dağlıq Qarabağa aid etdiyi Ağdərə rayonu rəsmi olaraq mövcud deyil: Azərbaycan Milli Məclisinin 1992-ci il 13 oktyabr tarixli “Azərbaycan Respublikasının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” 327 nömrəli Qərarı ilə #Ağdərə rayonu ləğv edilib və ərazisi Kəlbəcər, Tərtər və Ağdam rayonu arasında bölüşdürülüb. Bu o deməkdir ki, Kəlbəcərin və Ağdamın təhvil verilməsi ilə ermənilərin Qarabağın inzibati ərazisinə daxil etdikləri Ağdərə də təhvil verilmiş sayılır. Lakin hələki Rusiya sülhməramlılarının yerləşməsi ilə bağlı xəritədə Ağdərə şimal məsuliyyət zonasına daxil edilmiş kimi görünür. Ermənilərin yaşaması üçün ayrılan bölgəyə Ağdərə də daxildir, amma Azərbaycanın inzibati ərazi bölgüsündə belə bir rayonun olmaması “Qarabağın inzibati ərazisi”nin mövcud olmamasının ikinci sübutudur.

Nəticə: Qarabağa status verilməyəcək: buna zəmin yaradacaq masadakı həll variantları və inzibati ərazi anlayışı artıq yoxdur; Azərbaycan unitar (vahid dövlət ərazisinin hər hansı siyasi müstəqilliyə malik olmayan inzibati ərazi vahidlərinə bölünməsi) dövlətdir;

Hərçənd, “Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir” deyən Putin həm də “Qarabağın yekun #statusu müəyyən edilməyib” deyir. Və Araik əlini-qolunu sallayaraq gəzir. Bunu necə anlamalıyıq?

Putinin “yekun status” açıqlamasını, “Araik Xankəndidə, Xocavənddə necə sərbəst gəzə bilir”, “rus general niyə qondarma başçı ilə görüşür” suallarını bir sual altında toplayaq:

Ruslar Qarabağda nə edir?

1. Rusiya erməni əhalisinin ayrılmış əraziyə qayıdışını Qarabağdan daha çox Cənubi Qafqazda gələcək varlığı üçün də vacib hesab edir:

– Türkiyənin bölgəyə gəlişi ilə Azərbaycanın Moskva üçün “dayaq məntəqəsi” olmaq perspektivi sıradan çıxdı;
– Gürcüstan Qərbin bölgədəki əsas platformasıdır;
– Ermənistanın Qafqazdakı rus qalası olmasına Nikolun hakimiyyəti dövründə təhlükə yarandı;

Rusiya Qərbin Gürcüstandan sonra Ermənistanı da ələ alacağı perspektivinə qarşı Cənubi Qafqazı Türkiyə ilə paylaşmaq qərarına gəldi, yaxud məcbur oldu və bu zərurətin müharibənin başlanmasından sonrakı mərhələdə qaçılmaz olduğu ehtimalı daha güclüdür: əlini Ermənistanın üzərindən çəkdi; müharibənin gedişinə müdaxilə etmədi;

Bölgədə Rusiya-Qərb yox, Rusiya-Türkiyə-Qərb faktoru yarandı və bu, ruslara maraqlarına yaranmış təhlükə fonunda daha sərfəlidir. Çünki Ankara Moskva üçün NATO ölkəsindən daha çox, regional tərəfdaşdır, həm də Qərbdən gələn hücumlara qarşı qalxan ola biləcək gücdür, 2016-cı ildən sonrakı dövrdə bunu açıq şəkildə gördük.

Burada Bakı və Ankaranın Gürcüstan üzərindəki təsir imkanları diqqət çəkir:

Birincisi, yeni reallıqda Bakı və Ankara #Gürcüstanı da yanına almaqla regionda həlledici gücə çevriləcək;
İkincisi, Azərbaycan və Türkiyənin Gürcüstan üzərindəki təsiri Rusiyanın bölgədə Qərb təsirini azaltmaq planına da uyğundur;

Bu geosiyasi proseslər fonunda Qarabağda erməni əhalisini Rusiya üçün girov da hesab edə bilərik. Çünki məğlub olmuş Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi yüksəldi və bunun uzun müddət dəyişməsi çətin olacaq. Bu vəziyyətdə İrəvanın Qərbə doğru siyasi oriyentariyasının sürətlə dəyişməsi təhlükəsi var. Ruslar erməni əhalisini Ermənistanın mərkəzdənqaçma siyasətinə qarşı istifadə edəcək. Bu məqsədlə Putin:

– bir tərəfdən açıqlamalarında “əlimizdən gələni etdik, amma Paşinyan müharibəyə davam etdi” rəyini yaratmaqla erməni əhalisinə günahkarın Rusiya olmadığını göstərir;
– digər tərəfdən, erməni əhalisinin Qarabağa qayıdışı üçün əlindən gələni edir;

Nəticə: Qarabağdakı erməni əhalisi Rusiyanın sülhməramlı missiyası ilə bölgədə olması və Ermənistanda zəifləyən təsir gücünü yenidən bərpası üçün lazımdır:

1. Putin “yekun status müəyyən olunmayıb” deməklə ermənilərə ümid verir;
2. Araiki “adam yerinə” qoymaqla ermənilərdə qayıtmaları üçün inam yaradır;

Araik özü istifadə müddəti başa çatanda atılacaq məhsul kimidir və tezliklə onun Qarabağda heç bir “rolu” qalmayacaq: ya Ermənistana qaçacaq, ya da Azərbaycana təhvil veriləcək;

Bakının baş verənlərə səssiz qalmasının səbəbsiz olmadığını unutmayaq.

Və sual yaranır: Azərbaycan ermənilərin Qarabağa qayıdışına niyə icazə verir?

1. Qarabağdakı ermənilər bizim vətəndaşımızdır və Azərbaycan əvvəldən bunu açıq şəkildə bəyan edib;

2. Bakı erməni vətəndaşlarını qəbul etməklə gələcəkdə ciddi təhlükəyə çevrilə biləcək “etnik təmizləmə” iddiaları sıradan çıxarır;

Yaxud Rusiyanın marağında olan proseslərə və cəmiyyətdə suallar yaradan addımlarına niyə səssiz qalır?

1. Azərbaycan münaqişənin həll edilməsi, ərazi bütövlüyünün bərpası qarşılığında Rusiyanın bölgədə, xüsusilə Ermənistan üzərindəki maraqlarına qarşı çıxmır;

2. Türkiyəni bölgəyə gətirməklə, rus təhlükəsinə qarşı qarant əldə edir;

3. Bundan sonra Cənubi Qafqaz Türkiyə və Rusiyanın əsas, Azərbaycanın həlledici gücə çevrildiyi bölgə olacaq;
4. Bölgədəki güc balansı Qərbin Azərbaycana qarşı marağını ikiqat artıracaq;
5. Dünyada “yüksələn güc” kimi qəbul edilən
Çin üçün də artıq bölgədə Azərbaycanın alternativi olmayacaq, xüsusilə Avrasiyanın önümüzdəki 50 illik siyasi-iqtisadi bazasını təşkil edəcək “bir kəmər bir yol” layihəsində: #Naxçıvan dəhlizi həm də Azərbaycanın bu layihədə əsas istiqamətlərdən biri olması perspektivini gücləndirir;

Böyük tablo, yaxud tamamlanmış pazl Azərbaycanın 44 günlük münaqişə ilə geosiyasi tarazlığı xeyrinə dəyişdirdiyini göstərir. Lakin yenə də pazlın narahatlıq yaradan hissələri var: suallar, suallar…

a) Ermənilər hansı pasportu daşıyacaq?

b) Ermənilərin yaşayacağı üç rayon
Azərbaycanın tərkibində olacaqmı?
c) Qarabağa nə qədər erməni qayıdacaq?

Qarabağa heç bir status verilmirsə (verilməyəcək), ermənilər Azərbaycan pasportu daşıyacaq və onların yaşadığı üç rayonda Azərbaycanın digər rayonlarındakı kimi idarəçilik olacaq. Hərçənd, birgəyaşayışı təmin etmək üçün bir qədər zamana ehtiyac olacaq.

Qarabağa qayıdacaq ermənilərin sayına təsir edəcək bir neçə amil var:

– Bölgəyə qayıdan ermənilər arasında əsasən yaşlılar və Ermənistanda qalmağa yer tapmayanlar təşkil edir və bu, gedənlərin az bir qismidir;
– Qayıdanların Azərbaycan vətəndaşlığını daşıması şərti qayıtma prosesində saya ciddi təsir edəcək: çoxluq bunu qəbul etmədiyi üçün imtina edəcək;
– Qayıdanlar hələki rus sülhməramlılarının zəmanəti altındadır, sonrakı dövrdə vətəndaşlıq məsələsi ortaya çıxanda bir çoxu yenidən çıxıb gedəcək;
– Qarabağda işğal dövründə Ermənistanın demoqrafik siyasətinə uyğun olaraq, bölgəyə köçürülmüş ermənilər yaşamayacaq: Qarabağın erməni əhalisi ilə bağlı məlumatlar Azərbaycan dövlətində var və dövlət bunu zamanla tənzimləyəcək;

Yekun nəticə: Azərbaycan 30 il gözləyib, 30 il sonra kiməsə torpaq vermək üçün #müharibəyə başlamadı: niyyət bu olsaydı, müharibə üçün 30 il gözləməz, danışıqlar masasında Qarabağa status verməklə münaqişəni həll edərdi.

Asif Nərimanlı

Analoq.azž

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button