Region

Gəncədə Əməkdar müəllimə qarşı görünməmiş haqsızlıq-YENİLƏNİR

Azərbaycanın Əməkdar müəllimi, çoxsaylı kitablar müəllifi, şair-publisist İlham Musaoğlu Gəncə Şəhər Təhsil İdarəsinin yeni müdirinin ədalətsiz hərəkətindən Prezidentə şikayət etdi…Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, çoxsaylı kitabların müəllifi, Azərbaycanın Əməkdar müəllimi, 25-ildir YAP-ın üzvü, 45 ildir Gəncədə gənc nəslin təlim- tərbiyəsi ilə məşğul olan, yorulmadan Azərbaycan təhsilinə xidmət edən İlham Musaoğlu haqsızlıqla üzləşib. O, uzun illər çalışdığı təhsil sahəsindən və pedoqoji kollektivindən kənarlaşdırılıb.İlham Musaoğlu Ulu Öndər Heydər Əliyevin yaxın dostu olmaqla, haqqında çoxsaylı elmi-publisistik məqalələrin müəllifidir. Eləcə də hazırda Respublikanın Baş prokuroru olan Kamran Əliyevin müəllimi olub.

İlham Musaoğlu qarşılaşdığı əcaib problemlə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycanın təhsil naziri Emin Əmrullayevə şikayət ərizəsi ilə müraciət edib. Surəti “Təzadlar”a göndərilən şikayət ərizəsi hazırda araşdırılır və tezliklə çap olunacaq. Bununla belə, İlham Musaoğlu ilə əlaqə saxlayıb şikayətə səbəb olan problemə aydınlıq gətirməsini xahiş etdik. Onun söylədikləri ürəkağrıdandır: “…Çox maraqlıdır ki, Gəncə şəhər 30 saylı məktəbin direktoru olan, ömrünü təhsilə, gənc nəslin tərbiyəsinə həsr edən, bu qüsursuz xidmətinə görə Azərbaycanın Əməkdar müəllimi fəxri adına layiq görülən mən- İlham Musaoğlu heç bir səbəb olmadan Gəncə Aqrar Universitetin mühasibat fakültəsini bitirən, təhsil sahəsində bir gün də olsun işləməyən, təhsildən xəbəri olmayan, SOROS-un tələbəsi olmuş, indi hansısa sehirli əlin sayəsində Gəncə Təhsil Şöbəsinin müdiri qoyulmuş Anar Qədiməliyev tərəfindən heç bir əsas olmadan işdən çıxardılıb. O, yaş həddini bəhanə edir. Lakin Gəncə şəhərində 3 nəfər yaşı 65 olan Əməkdar müəllim olan direktor var ki, məhz iki Əməkdar müəllimi işdən kənarlaşdırıb. Bir nəfər yaşı 65 olub, özünə yaxın olan digər Əməkdar müəllimi isə vəzifəsində saxlayıb. Yəni, Anar Qədiməliyev öz şəxsi marağını düşünür. İlin bu çətin vaxtında, karantin dövründə Cənab Pprezidentin də göstərişi var ki, karantin dövründə heç kimi işdən çıxartmaq olmaz. Gəncə Təhsil Şöbəsinin müdiri olan Anar Qədiməliyev isə Prezidentin çıxışlarına belə məhəl qoymur. Cənab Prezident dəfələrlə deyib ki, riyaziyyat müəllimindən müdafiə naziri, fizika müəllimindən xarici işlər naziri olmazdı! Axı necə olur ki, mühasibatlığı bitirən, təhsildən xəbəri olmayan Anar Qədiməliyev bu boyda Gəncənin təhsilinə rəhbər olur, amma mən-uzun illərdir təhsil sahəsində qüsursuz xidmət edən, Azərbaycanın Əməkdar müəllimi olan İlham Musaoğlu isə təhsilə yaramır??? Ola bilər ki, çox hörmətli təhsil naziri Emin Əmrullayev bu məsələdən xəbərsizdir… Cənab nazir bilməlidir ki, heç bir xidməti olmuyan, hətta yaşı 65, 70, 80 olan sıravi məktəb direktorlarını vəzifədə saxlayırlar. Amma Ulu Öndər Heydər Əliyevin dostu olmuş, şair-publisist, çoxsaylı kitablar, elmi-publisistik məqalələr müəllifi, nəhayət, Azərbaycanın Əməkdar müəllimi heç bir xəbərdarlıq olmadan işdən çıxardılır. Mən inanıram ki, cənab nazir bu məsələyə xüsusi diqqət ayıracaq və Anar Qədiməliyevin bu əsassız və ədalətsiz hərəkətinə qiymət veriləcək!”.

“Təzadlar”dan: biz də inanırıq ki, problemə tezliklə aydınlıq gətiriləcək və uzun illər təhsil sahəsində qüsursuz xidmət etmiş, Azərbaycanın Əməkdar müəllimi İlham Musaoğluna qarşı atılmış ədalətsiz hərəkət durdurulacaq, o, sevimli kollektivinə qayıdacaq.
A.Məmmədli

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button