Aktual

Bakıda velosiped yollarının uzunluğu 2040-cı ilədək isə 251 kilometrə çatacaq

Bu il Bilgəhdə sosial xidmət göstərən müalicə və istirahət mərkəzlərini birləşdirən 2 kilometrlik velosiped yolu salınıb

Hazırda nəqliyyat vasitələri arasında ekoloji cəhətdən zərərsiz olan, atmosferi çirkləndirməyən, səssiz işləyən və sağlamlığa böyük xeyri dəyən velosipedlər daha populyardır. Bugünkü mövzumuz da onlardan rahat istifadə üçün salınan velosiped yollarıdır. İlk velosiped yolu 1896-cı ildə ABŞ-da Nyu-Yorkun Bruklin bölgəsində piyada yolunun bölünməsi ilə yaradılıb.
Velosipedçinin rahat, təhlükəsiz, maneəsiz şəkildə və vaxta qənaət edərək hərəkətini təmin edən velosiped yollarının salınması insanları bu nəqliyyat növünə keçməyə təşviq etməklə yanaşı, şəhər mobilliyinin və əlçatan şəhər mühitinin formalaşmasında mühüm rol oynayır.
Bakıda velosipeddən istifadənin artması ilə əlaqədar olaraq, 2019-cu ildən etibarən velosiped yollarının salınması işlərinə başlanılıb. 2021-ci ildə isə Bilgəh qəsəbəsində sosial xidmət göstərən müalicə və istirahət mərkəzlərini birləşdirən 2 km-lik velosiped yolu salınıb.
Şəhərin mərkəzi küçələri və Dənizkənarı Milli Parkı əhatə edəcək 7,5 km-lik pilot layihə hazırlanıb. Hazırda həmin pilot layihə çərçivəsində Puşkin və Üzeyir Hacıbəyov küçələrinin kəsişməsi, Üzeyir Hacıbəyov küçəsi (Puşkin küçəsi ilə Azadlıq prospektinin aralığında qalan hissədə, yolun hər iki tərəfində) və digər mərkəzi küçələrdə velosiped yollarının salınması istiqamətində iş gedir.
Ümumi strateji plana əsasən, velosiped yollarının uzunluğunun paytaxt ərazisində 2027-ci ilədək 63,5 km, 2040-cı ilədək isə 251 km-ə qədər olacağı nəzərdə tutulur.

Səmayə Məmmədova, analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button