Ölkə

Müasir Müsavat Partiyası sülhməramlıların özbaşınalığı ilə bağlı BƏYANAT VERDİ

Müasir Müsavat Partiyası (MMP) Rusiyanın Azərbaycan ərazilərində yerləşən sülhməramlı qüvvələrin özbaşınalıqları ilə bağlı bəyanat yayıb.Analoq.az xəbər verir ki, Bəyanatda deyilir:

“2020-ci il 27 sentyabr tarixində Ermənistanın hərbi təxribatlarına, təcavüzünə qarşı əks-hücum həmləsi həyata keçirən Azərbaycan ordusunun 8 noyabr tarixi zəfəri ölkə ictimaiyyətinin, eləcə də MMP-nin qürur mənbəyidir.

MMP torpaqların işğaldan azad olunmasında bir sıra siyasi partiyalar, QHT-lər, ictimai təşkilatlar, bütövlükdə xalqla birlikdə Ali Baş Komandanın əmrinə əsasən səfərbər oldu. Torpaqlarımızın bir hissəsi hərbi yolla işğaldan azad edildi. Lakin regiona ikilistandartlarla yanaşmalar hələ də davam edir. Azərbaycan diplomatik mərhələdə növbəti gərginliklə üz-üzədir. Çünki regionda, eləcə də Azərbaycanda özünün marağını təmin etmək istəyən imperialist qüvvələr hələ də öz məkirli niyyətlərindən əl çəkmirlər.

Beynəlxalq təşkilatların 30 illik münaqişəyə münasibəti, ATƏT-in Minsk Qrupu dövlətlərinin timsalında proseslərə heç bir təsir edə bilməməsinə, yaxud etmək istəməməsinə, fəaliyyətlərini yalnız Qarabağda status kvonun saxlanmasına yönəltmələrinə, BMT-nin işğalçılıq siyasətini rəsmi sənədlərlə təsdiq edən 4 qətnamənin icrasız qalmasına, eləcə də Avropa Şurası Parlament Assambleyası və digər beynəlxalq təşkilatlarda Ermənistanın işğalçı siyasətini təsdiq edən sənədlərin qəbul olunmasına baxmayaraq, Ermənistanı işğalçılıq siyasətindən çəkindirən heç bir tədbir görülməmişdir.

Azərbaycana qarşı ikilistandartların mövcudluğunu daha geniş şəkildə əsaslandıran faktlar ortaya qoymaq olar. Ölkə Prezidenti, cənab Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, iradəsi, eləcə də xalqın onun ətrafında sıx birləşməsi sayəsində Azərbaycan böyük güclərin 30 ildə edə bilmədiyini 44 gün ərzində həyata keçirərək öz haqq işini bərpa etdi. Heç şübhəsiz ki, diplomatik mərhədə də Azərbaycanın suverenliyini bərpa edib, Ermənistanın işğalçılıq siyasətini gözündə qoyacağıq. Azərbaycanın zəfərinə kölgə salınmasına imkan verməyəcəyik. Bu prosesdə sülhyaratma missiyasını öhdəsinə götürən Rusiya sülhməramlılarının fəaliyyəti diqqətə alınmalı və onun qarşısında qəti tələblər qoyulmalıdır. Azərbaycan hərbi, indi isə diplomatik şəkildə ərazisinin suverenliyinin təminatı üzərində işləyir.

MMP bildirir ki, 10 noyabr bəyannaməsindən sonra regionda yerləşən Rusiya sülhməramlıları ilə bağlı gözləntilər özünü doğrultmur. Sülhməramlılar Qarabağda mandata uyğun olmayan özbaşına fəaliyyətlə məşğuldur, eyni zamanda mina xəritələrini alıb Azərbaycana verməkdə maraqlı görünmür. Rusiya sülhməramlılarının işğaldan azad edilmiş torpaqlarımızdakı missiyasına erməni və Azərbaycan xalqları arasında sülhün təminatı daxil olsa da, onlar burada humanitar işlərlə məğul olur.

Sülhməramlılar Xankəndidə 9 may paradı keçirmək niyyətlərini ortaya qoymaqla hədlərini aşmış oldular. Bu mənada MMP bəyan edir ki, sülhməramlıların statusu müəyyən olunmalıdır. Və Rusiyadan rəsmi olaraq tələb edilməlidir ki, sülhməramlıya aid olan missiyasını beynəlxalq standartlar çərçivəsində həyata keirsin.

Qeyd edək ki, cənab Prezident İlham Əliyev son çıxışlarında da istər “İsgəndər-M” raketi, istərsə də sülhməramlıların Azərbaycan ictimaiyyətində yaratdığı narazılıqlara cavab verilməsi istənilir. Prezidentin Zəngəzur dəhlizi ilə bağlı məlum mühüm çıxışını da bu siyahıya daxil etmək olar.

MMP bəyan edir ki, regionla bağlı bu kimi gərginliklərin aradan qaldırılması üçün Azərbaycanın Milli Məclisi, eləcə də Azərbaycanın nüfuzlu güc dairələri xarici güclərin ölkəmizə bu kimi təsirlərinin qarşısını almaq üçün prezidentimizin çıxışlarını əsas götürərək, daha sərt və qətiyyətli addımlar atmalıdr.

MMP bir daha bəyan edir ki, Rusiya sülhməramlılarının Xankəndi və ətrafında atdığı addımlar ictimaiyyət tərəfindən şiddətlə qınanılır. Hesab edirik ki, bu halı yaradan əsas səbəblərdən biri sülhməramlıların mandatının təyin olunmamasıdır. Bunun da iki perspektivi var. Birincisi, beynəlxalq təşkilatlar Rusiyanın təsiri altında bu sənədi hazırlayıb Azərbaycan Respublikasının Milli Məclisinə ratifikasiya olunmağa göndərəcək. İkincisi, Azərbaycan Respublikasının Milli Məclisi bu sənədi hazırlayıb beynəlxalq təşkilatlara müzakirə üçün təqdim edəcək.

MMP olaraq bütün yerli qeyri-hökumət və yaradıcı təşkilatları beynəlxalq partnyorları ilə əlaqələr quraraq, sülhməramlıların atdığı addımları pisləməyə çağırırıq. Prezidentin dediyi kimi, DƏMİR YUMRUQ YERİNDƏDİR. Azərbaycan ictimaiyyəti, bütövlükdə siyasi partiyalar, QHT-lər, vətəndaş cəmiyyətləri, vətəndaş institutları, beynəlxalq mərkəzlər – hər kəs o yumruqda birləşməli, səfərbər olmalı, Azərbaycanın tam qalibiyyətinin təmin olunması üçün ayaqda olmalıdır”.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button