ManşetRedaktor seçimi

Nazir Sahil Babayevin “quş”u, yaxud, nazir xalqı avam yerinə qoyub məzələnir?

Saxta yolla bir milyon 800 min manat pensiya alan vətəndaşın kimliyinin dövlət sirri kimi qorunmasına ehtiyac yoxdur

Ötən həftə Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev media rəhbərləri ilə görüşdə deyib ki, “elə vətəndaş olub ki, 14 il ərzində saxta yolla bir milyon 800 min manat pensiya alıb. Həmin fakt üzrə aparılan araşdırmaların nəticəsində o şəxsin saxta əlilliyi ləğv olunub”.

İqtisadçılar isə hesablama apararaq deyiblər ki, ümimilikdə bir milyon 800 min manat pensiya alan vətəndaşla bağlı fakt düzdürsə, onda ona hər ay 10 min 714 manat pensiya verilib. Bəs bu adam kim olub, o, hansı sahədə çalışıb, saxta pensiyanı hansı müddətdə alıb? Nazir də, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və Kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov da həmin şəxsin kimliyini hələ də açıqlamırlar. Fazil Talıbov deyib ki, “Fərdi məlumatlar haqqında” qanuna əsasən şəxsin kimliyi qorunur. Amma bunlar nağıl danışmaqdan başqa bir şey deyil.

Çünki əgər əlillik saxta olubsa və vətəndaş saxtakarlıq yolu ilə dövlət büdcəsindən hər ay 10 min 714 manat pul alıbsa, bu saxtakarlıq cinayət hadisəsi sayılmalıdır. Bu işdə pensiyanı verən də, alan da cinayət məsuliyyətinə cəlb olunmalıdır. Nazirlik bununla bağlı sənədləri hüquq-mühafizə orqanlarına göndərməlidir. Bu işdə ölkə ictimaiyyətinin, xüsusilə də mətbuat orqanlarının dəstəyini qazanmağa çalışmalıdır.

Sahil Babayevin də, Fazil Talıblının da dövlət sirri kimi qorumağa çalışdığı vətəndaşın kimliyi də, onun penisyanı hansı yolla, hansı sənədlə alması və sair məsələlər də cəmiyyətə açıqlanmalıdır. Vətəndaşa verilən bir milyon 800 min manatın ondan geri alınması, saxta pensiyanı verənin inzibati qaydada cərimələnməsi və digər məsələlər ictimailəşdirilməlidir ki, kimsə saxtakarlığa yol verməsin, saxta yolla pensiya almağa çalışmasın. Amma…

Əgər sözügedən saxtakarlıqla bağlı sadaladığım hüquqi məsələlər öz həllini tapmayacaqsa, 1 milyon 800 min manatlıq saxta pensiya ilə bağlı nazir Sahil Babayevin ağzından “quş” buraxmasına, oxu atıb yayı gizlətməsinə sadəcə bir ad vermək olar: xalqı avam, savadsız yerinə qoyub onunla məzələnmək…

Təbriz VƏFALI,

Azərbaycan İnformaisya Mərkəzinin direktoru, Analoq.az saytının baş redaktoru

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 5]

Back to top button