Redaktor seçimi

Xüsusi internat məktəbi direktorunun övladlarına xüsusi münasibəti və ya şagirdlərə GİRİŞ QADAĞANDIR- FOTOLAR

Artıq xeyli vaxtdır ki, Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəbinin direktoru Tariyel Əkbərovun adı mətbuat səhifələrini, saytları bəzəyir, sosial şəbəkələrdə müzakirə olunur.

Direktorun personasına artan maraq heç də təsadüfi deyil. Çünki Tariyel Əkbərov vəzifə səlahiyyətlərindən sui-istifadədə, etik davranış qaydalarını pozmaqda, tabeçiliyindəki işçilərlə kobud davranmaqda, bəzi müəllimlərin dərs saatlarının qanunsuz əllərindən almaqda günahlandırılır. Xüsusi internat məktəbində çalışanların bir qrupunun Təhsil Nazirliyi qarşısında etiraz aksiyası keçirməsi də direktor Tariyel Əkbərovu medianın diqqətinə gətirib.

Onu da xatırlatmaq yerinə düşər ki, xüsusi internat məktəbinin direktoru Tariyel Əkbərov illər öncə Masallı Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsindən də qalmaqallı şəkildə ayrılıb. Belə ki, həmin rayonda təhsilin vəziyyətinə cavabdeh olan, savadı və davranışı ilə nümunə göstərilməli bu şəxs özü işdə yol verdiyi nöqsanlara və etik davranış qaydalıarını pozduğu üçün töhmət alıb. Haqqında “Dövlət Qulluğu Haqqında” Azərbaycan Respublikası Qanunun 18-ci maddəsinin 4.1.8. və 6.8. bəndləri tətbiq olunan Tariyel Əkbərov müdirlikdən azad edilib. Üstəlik, Masallı Rayon İcra Hakimiyyəti başçısı yanında Şura üzvlüyünü də itirib.

Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəbinə direktor təyin edildikdən sonra da Tariyel Əkbərov “xüsusi idarəçilik metodları” ilə fərqlənir. “Analoq.az”-a müraciət edən həmin məktəbin bir qrup müəllimi bildirir ki, direktor özünə komanda yaradıb və bu komandada olmaqdan imtina edən müəllimlərin dərs saatları əllərindən alınır, özləri də təhdid olunur, işdən qovulmaqla hədələnir. Tariyel Əkbərovu şit-bayağı tərifləyənlərə, şəninə sağlıqlar deyənlərə isə əlavə üstünlüklər yaradılır.
 
Naşı idarəçilik üzündən internat məktəbində vəziyyət gündən-günə pisləşir. İş o yerə gəlib çatıb ki, məktəbin müəllimi Bahar Kazımova iş yoldaşı Könül Səmədlini Qərbi Azərbaycanlı olduğu üçün “erməni” adlandırıb.

Təhqirə dözməyib direktora şikayət edən Könül Səmədli Tariyel Əkbərovdan mənəvi dəstək görmək əvəzinə töhmət alıb. Bahar Kazımovaya isə gözün üstə qaşın var deyən yoxdur. Çünki o, direktorun komandasının ən “fəal” üzvlərindəndir.

Redaksiyamıza müraciət edənlər bildirib ki , direktor Tariyel Əkbərov hər iclasda “xüsusi internat məktəbində oxuyan uşaqlara diqqət, qayğı lazımdır”-deyib boğazdan yuxarı sözlər işlətməyi xoşlasa da sözü ilə əməli bir-biri ilə düz gəlmir. Bərbəzəkli sözlər işlədən direktorun kabinetinin qapısındakı elan onun xarakterini gözəl açır- “Şagirdlərə giriş qadağandır!”

 
Diqqət və qayğıya ehtiyacı olan xüsusi internat məktəbinin şagirdlərini kabinetinə belə buraxmayan direktor öz övladlarına heç korluq vermir. Onları tez-tez Azərbaycanın müxtəlif rayonlarına gəzməyə aparır, onlarla birgə xarici ölkələrin yolunu su yoluna döndərib.


Görünür qalmaqallı direktor diqqət və qayğını belə başa düşür…

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 4 Ortalama: 3.3]

Back to top button