Redaktor seçimi

Dünya rəhimsizlərin oylağına çevrilir… – ADƏM ABBASLI YAZIR

Acılar dolu əsrin bu səhəri daha bir acı xəbər ildırım sürətilə yayıldı. Şirin səsli, ekstravaqant tərzli, son dərəcə mədəni və təvazökar bir şəxsin ölüm xəbəri bürüdü sosial şəbəkələri və xəbər portallarını. “Kaş bu xəbər yalan olsun!”, – deyənlərin duası Allaha çatmadı. Çünki artıq gec idi… Xəbərin doğruluğu ürəkləri sızladıb, gözləri doldurdu.

Bir insan da belə köçdü həyatdan. Bir qəbir də əkildi torpağın sinəsində. Bir ruh da torpağın altından göyün ənginliklərinə qalxdı. Gözü yumulu gedilən o dünyaya bir insan da səfər etdi. İndi hamı ona Allahdan rəhmət diləyir. O isə anadan olandan rəhimli idi, rəhim idi – Rəhim Rəhimli idi.

Yetmişlərin cocuğu idi Rəhim. Elə cocuq kimi də qaldı – həyatda da, səhnədə də, auditoriyanın nəzər və diqqətində də.

Qarabağın ağ bağında, indi “damsız” qalan Ağdamında doğulmuşdu. Gözəlliklər diyarının yaradıcılıq mayası onun da ruhuna hopmuşdu. O da yaradıcı insan idi. Duyduqlarını nota köçürüb mahnılar bəstələdi, gördüklərini lentə köçürüb kliplər çəkdi. Dərd də çəkdi, amma ürəyindən başqa heç kimə demədi o dərdini. Və günlərin bir günü dərddən bezən ürəyi onu da götürüb 43 illik bir ömürə nöqtə qoyaraq getdi – qayıdışı mümkün olmayan yerə…

Rəhim Rəhimlinin musiqi duyumu, musiqini bilməsi əvəzolunmaz idi. Onun səhnədə oxuduğu mahnının ritminə uyğun göstərdiyi performans, bədən hərəkətləri bunu sübut edirdi. Əlbəttə ki, olacaq. Səhnəmiz dolacaq da, daşacaq da, oxuyanlar, həm də “oxuyanlar” çox olacaq, amma Rəhim Rəhimlidən olmayacaq. Bəstəkar, müğənni, aktyor Rəhim Rəhimlidən…

Məşhur bir monoloqu bəzi dəyişikliklərlə xatırlayıram: İtirə-itirə gəlirik. Hərə bir şeyini itirir, kimi qeyrətini, kimi namusunu, kimi ağlını, kimi işini, kimi var-dövlətini, kimi də bəxtini. Kim itirmirki bu dünyada?! İtirə-itirə gəlirik… Amma kimliyindən asılı olmayaraq hamımızın itirəcəyimiz bir şey var – həyat! Son günümüz də ölüm…

Bir rəhimli də belə getdi… Dünya rəhimsizlərin oylağına çevrilir yavaş-yavaş! Allah rəhimsizlərə lənət, Rəhimliyə isə rəhmət eləsin!!!

Adəm ABBASLI

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 2 Ortalama: 5]

Back to top button