CəmiyyətRedaktor seçimi

Gənclərimizin şəhidlik zirvəsinə ucalması ən böyük şərəf və qürurdur

Hər bir xalqın tərəqqisi onun gələcəyinin necə qurulmasından asılıdır. Gələcəyi isə gənclər qurmalıdırlar. Məhz buna görə də gənclik öz soy-kökünə bağlı, milli-mənəvi dəyərlərə sadiq, əyilməz və tükənməz bir güc sayılır.

Millətin mövcudluğu üçün də sağlam gəncliyin olması vacib şərtdir. Çünki ölkədə dövlətçiliyin , müstəqilliyin daha da möhkəmləndirilməsi gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən və onların aparıcı qüvvəyə çevrilməsindən asılıdır. Bu baxımdan uzun illərdir respublikamızda gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin daha da inkişaf etməsinə təkan verir. Gənclərimizin cəmiyyətdə təsdiq olunmaları üçün şərait yaradır.

Qeyd edək ki, hər bir insanın tarixi qiyməti onun Vətənə, millətə xidməti ilə, əsl insanlıq ləyaqəti isə vətənpərvərlik hissi ilə ölçülür. Bu səbəbdən ölkəmizdə gənclərin vətənpərvər ruhda tərbiyə olunması başlıca vəzifələrdən hesab olunduğu üçün Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətinin başlıca məqsədi gənc nəslin Vətənə məhəbbət ruhunda tərbiyə olunmasıdır. Ona görə də Ümummilli Liderimiz Heydər Əliyev gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasını təhsil sisteminin qarşısında duran ən mühüm vəzifə hesab edərək deyirdi: “İndi bizim təhsilimizin məqsədi gənc nəslə, uşaqlara təhsil verib, onları gələcəyə hazırlamaqdır. Amma, bununla yanaşı, ən böyük məqsədi Azərbaycan vətəndaşı, müstəqil Azərbaycan cəmiyyətinin ləyaqətli üzvünü hazırlamaqdır…

Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, Vətən torpağına, millətə sədaqət, vətən uğrunda şəhidliyə hazır olmaq hislərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir”.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev də öz çıxışlarında uşaq və gənclərin vətənpərvərlik tərbiyəsinin vacibliyini dönə-dönə vurğulayıb, bu işin dövlətin təhsil, gənclər siyasətinin prioritet məsələlərindən biri olduğunu diqqətə çatdıraraq deyib: “Biz böyüməkdə olan nəslin vətənpərvərlik ruhunda, milli-mənəvi dəyərlərimiz ruhunda tərbiyə edilməsinə çox böyük əhəmiyyət veririk. Bu, bizim inkişafımızın əsası, hər bir xalqın inkişafının əsasıdır”.

Artıq neçə illərdir ki, vətənpərvərlik hisslərinin aşılanması üçün həyata keçirilən kütləvi tədbirlər, maarifləndirmə və təbliğat işləri bilavasitə gənclərin mənəvi, fiziki və psixoloji hazırlığının təmin edilməsinə, onlarda Vətənə, doğma torpağa məhəbbət hissinin yüksəldilməsinə, eləcə də müasir dünyamızda qloballaşmanın geniş vüsət aldığı bir zamanda milli-mənəvi dəyərlərin qorunub saxlanmasına yönəldilir. Dövlət başçısı və Ali Baş Komandan kimi cənab İlham Əliyevin müntəzəm olaraq cəbhə bölgələrinə ardıcıl səfərlər etməsi, hərbiçilərimizlə görüşməsi gənc əsgərlərimizin vətənpərvərlik hisslərini daha da gücləndirir.

Bir sözlə, bütün tarixi dövrlərdə olduğu kimi bu gün də gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsində vətənpərvərlik hisslərinin tərbiyəsi həmişə aktualdır.

Gənc nəslin arasında milli şüurun inkişafı, vətənpərvər hisslərinin tərbiyəsində rol oynayan mühüm amillər, şərtlər və qanunlar çoxdur. Onların ən başlıcalarının – qəhrəmanlıqlarla zəngin olan hərb tariximizin öyrənilməsi, xalqımızın əsrlər boyu bizə örnək olan mərdliyinin, hünər və rəşadətinin, milli qürurunun təbliği həyata keçirilən ən mühüm vəzifədir.

Bu baxımdan təkcə Bakı şəhərində deyil, regionlarda da vətəndaşların hərbi vətənpərvərlik tərbiyəsi istiqamətində mühim işlər görülür. Gənclərin vətənpərvərlik, dövlətimizə və xalqımıza məhəbbət ruhunda tərbiyə edilməsi ən mühüm sahələrdən birinə çevridiyi üçün resublikamızda bütün tərbiyə işini həyatla əlaqələndirmək sahəsində məktəblər xüsusi rol oynayırlar. Çnki təhsil ocaqları ictimai inkişaf qanunlarını şagirdlərə başa salmalı, məktəbliləri xalqımızın ənənələri, vətənin müdafiəsinə hazır olmaq ruhunda tərbiyələndirir, onlarda yüksək vətənpərvərlik hissini, həmçinin xalqımızın əxlaqına zidd təzahürlərə qarşı qətiyyətli mübarizə ruhunda inkişaf etdirirlər. Azərbaycan ordusu və xalqının Qarabağ müharibəsində düşmən təhlükəsinə qarşı mübarizədə göstərdiyi qəhrəmanlıqların, igidliklərin öyrənilməsi məktəblilərin hərbi-vətənpərvərlik tərbiyəsi üçün xüsusi əhəmiyyətə malikdir.

Vurğulayaq ki, Azərbaycan Resublikası Silahlı Qüvvələrinin şanlı qəhrəmanlıq tarixi ilə tanışlıq gənclər üçün zəruri olan cəsurluq və şücaət, mərdlik, xalqa və vətənə sədaqət kimi keyfiyyətlər tərbiyə edir. Məktəblərdə hərbi-vətənpərvərlik tərbiyəsinin bütün sistemi gənclərin qəlbində yaşlı nəslin keçmiş ənənələrinə yüksək inam və sədaqət hissini alovlandırmalı, hər bir məktəbli oğlan və qız dərindən hiss etməlidir ki, o, öz babalarının, atalarının və böyük qardaşlarının dönməz davamçısıdır. Məktəbdə hərbi-vətənpərvərlik tərbiyəsinin əsas məzmununu məhz bu prinsip təşkil etməlidir. Tərbiyə işinin bu mühüm sahəsi məktəblilərin əsgəri hissələrlə dostluq əlaqələrindən, onlarla görüşlərdən, mövsümi sərgilərin təşkilindən qaynaqlanır.

Sevindirici haldır ki, gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması istiqamətində təkcə bu sahəyə cavabdeh olan müvafiq dövlət qurumları deyil, eləcə də yerli icra hakimiyyətləri, təhsil ocaqları və digərləri də xüsusi diqqət ayırırlar. Bakı şəhərində və regionlarda torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan Vətən oğullarımızın ruhuna göstərilən yüksək etimad, onların adlarının əbədiləşdirilməsi istiqamətində görülən işlər gənclərin vətənpərvərlik hisslərinin artırılmasına müsbət təsir göstərən amillərdəndir.

Məhz həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsidir ki, gənclərimizin, gənc əsgərlərimizin də iştirakı ilə şanlı Azərbaycan Ordusu illərdir ard-arda qələbələr, zəfərlər qazanmaqla respublikamızın hərbi gücünü, siyasi qüdrətini bir daha dünyaya sübut etməyi bacardı.

Bildirək ki, 2016-cı ildə hərb tariximizə adını “Aprel döyüşləri” kimi yazdırmış olan döyüşlərin Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnməsi xalqımızın və ordumuzun qürur mənbəyinə çevrildi. Bu qələbə Azərbaycan Silahlı Qüvvələrinin gücünü, əsgərlərimizin döyüş əzmini və ruh yüksəkliyini bütün dünyaya nümayiş etdirdi. Həmin döyüşlərdə düşmənə sarsıdıcı zərbə vuraraq torpaqlarımızın bir hissəsini azad edən Azərbaycan əsgəri Vətən qarşısında borcunu şərəflə yerinə yetirmək əzmində və gücündə olduğunu göstərdi. Aprel qələbəsində gənc əsgərlərimiz xüsusilə fərqləndilər.

“Dəmir yumruq” əməliyyatı adı ilə Azərbaycanın yeni tarixinə yazılan Vətən Müharibəsində rəşadətli Ordumuzun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı böyük Qələbə müasir Azərbaycan dövlətinin hərbi qüdrətinin və Azərbaycan xalqının qələbə əzminin əyani təsdiqidir. Dövlətçiliyimizin ən şərəfli səhifələrini yazan bu zəfərlə Azərbaycan faşist ideologiyasına əsaslanan Ermənistanın 30 illik işğalına son qoymaqla dünyada qalib xalq, məğlubedilməz dövlət kimi özünü yenidən təsdiq etdi. Azərbaycanın tarixinə Zəfər səhifəsini yazan Azərbaycan Ordusu dünya hərb tarixinə qalib ordu kimi adını həkk etdirdi.

Bir sözlə, Azərbaycan 44 günlük Vətən müharibəsində istəyinə nail oldu. Bu gün Azərbaycan beynəlxalq hüququ və tarixi ədaləti bərpa edib. Azərbaycan Ordusu məhz belə mürəkkəb amillərin mövcud olduğu bir şəraitdə parlaq qələbə qazandı. Prezident İlham Əliyevin təbirincə desək, “bizim dəmir yumruğumuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir”.

Qeyd edək ki, bu zəfərdə yüzlərlə gənc bütün cəbhələrdə cəsarətlə vuruşub, Qələbəyə gedən yollarda şəxsi şücaət və igidlik nümunələri göstəriblər. Şəhidlik zirvəsinə ucalıb, qazi kimi ailələrinə dönənlər bu gün də yenilməz Ordumuzun sıralarında Vətənə, dövlətə, xalqa sədaqətlə xidmət edir. Müstəqilliyimizin keşiyində, torpaqlarımızın müdafiəsində ayıq-sayıq dayanaraq Ermənistan-Azərbaycan dövlət sərhədi istiqamətlərində düşmən təxribatlarının, döyüş mövqelərimizə hücum cəhdlərinin qarşısını mərdliklə və qətiyyətlə alırlar.

Savalan Talıblı

Aztv-nin əməkdaşı , Analoq.az xəbər saytının təsisçisi

Yazı “Mənəvi dəyərlərimiz: vətənpərvərlik” adlı məqalə müsabiqəsinə təqdim edilir

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button