Cəmiyyət

Sayt rəhbəri ölkə başçısına müraciət etdi

Leqal.az saytının baş redaktoru İsrafil Şükürov mənzili olmadığı üçün ölkə başçısı İlham Əliyevə müraciət edib.

Möhtərəm cənab Prezident!

Mən İsrafil Şükürov 1984-cü ildə Masallı rayonunda ziyalı ailəsində anadan olmuşam. 2001-2005-ci illərdə jurnalistika ixtisası üzrə ali təhsil almışam . Hələ tələbəlik vaxtımdan, 2003-cü ildən dövri mətbuatda çalışmağa başlamışam. AzTV-nin vaxtilə çox populyar olan “Səhər” musiqili verilişlər redaksiyasıında, dövrü mətbuatda – bir sıra nüfuzlu qəzet və jurnal redaksiyalarında çalışmışam. 44 günlük Vətən müharibəsində cəbhədən gələn qələbə müjdələrini paylaşmaqla fəaliyyətə başlayan “Leqal.az” xəbər portalının baş redaktoruyam.

Hörmətli Cənab Prezident , mən fəal vətəndaşlıq mövqeyinə malik bir jurnalist kimi , ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının üzvüyəm.

2005-ci il Gənclər Forumunun iştirakçısı olmuşam. Peşə fəaliyyətimdə də Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş siyasi kursu dəstəkləyir, sayt rəhbəri olaraq sosial əhəmiyyətli bir sıra tədbirlərin, disputların keçirilməsinin təşəbbüsçüsü və təşkilatçısı olmuşam. Həmin tədbirlərə ictimai xadimləri, millət vəkillərini cəlb edə bilmişəm.

Dövlətimizin tərəqqipərvər jurnalistlərə qayğısının ifadəsi olan junalistlər üçün tikilən binalardan bəzi obyektiv və subyektiv səbəblərdən mənzil ala bilmədim. Medianın İnkişafı Dövlət Agentliyinin, Mətbuat Şurasının şərtlərinə, tələb etdikləri kriterilərə tam şəkildə uyğun gəlmədiyim üçün də rəhbəri olduğum saytın resursu yoxdur, yaxud da bu proses çox çəkə bilər.

Sosial və maddi durumum çox aşağıdır. Öhdəliyimdə iki azyaşlı qız övladı var. Ailədə yeganə çalışan mənəm. Aldığım əmək haqqı da kirayə puluna və digər ailə qayğılarına ancaq yetir. Bir çox hallarda kirayə pulumun ödənməsində valideyinlərim kömək edir.

Hörmətli Cənab Prezident , övladlarım bu yaşdan sonra kirayə mənzildə böyüməsini istəməzdim. Onların gələcəkdə öz evlərində yaşaması üçün bu işdə köməklik göstərməyinizi Sizdən xahiş edirəm.

Öncədən minnətdarlığımı bildirirəm.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 1]

Back to top button