Redaktor seçimi

29 illik gənclər siyasətinin nəticələri: Zəfər tarixinə aparan yol – TƏHLİL

Oktyabrın 3-ü ümumilli lider Heydər Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçildiyi gündür

Ulu öndərimizin çox maraqlı və keşməkeşli həyat və fəaliyyəti olub. Onun tərcümeyi-halına nəzər salanda adamı qəribə hisslər bürüyür. Belə böyük, müdrik və fenomenal qabiliyyətə malik şəxsiyyətlə eyni ölkədə yaşamağın, eyni xalqdan olmağınla fəxr edirsən.

Heydər Əliyev bir sıra beynəlxalq mükafatlara, müxtəlif ölkələrin universitetlərinin fəxri doktoru adına və digər yüksək nüfuzlu fəxri adlara layiq görülüb. O, dörd dəfə Lenin ordeni, Qırmızı Ulduz ordeni və çoxlu medallarla təltif edilib, 2 dəfə Sosialist Əməyi Qəhrəmanı adını alıb, bir çox xarici dövlətlərin orden və medalları ilə təltif olunub.

Heydər Əliyev dünyada yeganə dövlət başçısıdır ki, ölkəsində iki ayrı-ayrı zamanda və quruluşda uzun müddətli rəhbər olub və hər ikisində də öz xalqını çoxsaylı bəlalardan xılas edib, ölkəsini möhkəmləndirib, inkişaf etdirib. Bu qədər zəngin karyera dünya siyasətçilərin demək olar ki, heç birinin bioqrafiyasında yoxdur.

Ulu öndərimizin Azərbaycan xalqına ən böyük xidmətlərindən biri də onun gələcəyimizə verdiyi töhfələrdir. Heydər Əliyevin elmə, təhsilə, mədəniyyətə və sair sahələrə verdiyi xüsusi diqqət öz bəhrələrini verib. Ümummilli liderimiz daim məktəbliləri, tələbələri, ümumiyyətlə yeniyetmə və gəncləri diqqətdə saxlayıb, onların inkişafı üçün əlindən gələni edib.

Bu günki müstəqil dövlətçiliyimizin üzərində bərqərar olduğu dayaqlarından biri də Azərbaycan gəncliyidir. Gənclərimizin əsil Azərbaycan vətəndaşı kimi formalaşmasında, ümummilli lider Heydər Əliyevin danılmaz əməyi, misilsiz xidmətləri var. Ulu öndərin zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tutub.

Hələ keçən əsrin 70-80-ci illərində müdrik rəhbərin göstərişi ilə yüzlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə, müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərilirdi. Heydər Əliyev ölkədə gənclər siyasətinin düzgün aparılmasını çox vacib hesab edərək deyirdi: “Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən də bu gün Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi isə Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır”.

Gənclər siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində gənclərin iştirakı, gənclər təşkilatlarına dövlət yardımı, gənc ailələrə dövlət yardımı, gənclərin məşğulluğunun təmin edilməsi, gənclərin sağlamlığının qorunması və fiziki inkişafı, istedadlı gənclərə dövlət qayğısı, gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı kimi prinsiplər əsas tutulur. Ulu öndərimiz deyirdi: “Biz dövlətin və cəmiyyətin idarə edilməsində gənc nəslin qüvvəsinə arxalanacaq, onların imkanlarından maksimum istifadə edəcəyik”.

Müasir Azərbaycanın memarı Heydər Əliyev Azərbaycan gənclərinə inanırdı və O, 1998-ci il ölkə gəncləri ilə görüşündə bunu dilə gətirərək deyirdi: “Əziz övladlar! Sizin kimi gəncləri olan, gələcəyi olan Azərbaycan basılmazdır, sarsılmazdır! Məni hədsiz sevindirən odur ki, Azərbaycanın gələcəyini möhkəm əllərdə saxlaya bilən, Azərbaycanı daim bütün bəlalardan qoruya bilən, Azərbaycanın dövlət müstəqilliyini, demokratik dövlətini qoruya bilən gəncliyi var. Bunlar sizlərsiniz, əziz övladlar!”

Heydər Əliyevin rəhbərliyi ilə təhsil ocaqlarında yüksək standartlara uyğun maddi-texniki bazanın yaradılması, müasir tədris prosesinin tətbiq edilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirildi. Dövlət vəsaiti hesabına müasir tələblərə cavab verən məktəblər tikildi, tədris müəssisələri yeni avadanlıqlarla, kompüterlərlə təchiz edildi.

Ulu öndərin gənclər siyasətində idmanın və mədəniyyətin inkişaf etdirilməsi və onun kütləviliyinin artırılması mühüm yer tutur. Ölkə başçısının ardıcıl səyləri sayəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkəsinə çevrildi. Respublikamızda beynəlxalq standartlara cavab verən idman komplekslərinin tikintisi geniş vüsət aldı. Bu siyasət sonralar öz bəhrəsini verdi. Bakıda Dünya və Avropa çempionatlarının keçirilməsi ölkəmizin idman şöhrətindən, müxtəlif yarışlarda qazanılan çoxsaylı mükafatlar isə gəncliyə qayğıdan, onlar üçün yaradılmış gözəl şəraitdən soraq verir.

Keçən əsrin 90-cı illərinin əvvəllərində cəmiyyətimizdə hökm sürən xaos və anarxiya mədəniyyət və incəsənət sahələrinə də təsir göstərməyə bilməzdi. Həmin illərdə Azərbaycan mədəniyyəti dərin böhran içində idi. Heydər Əliyev millətin taleyi üçün misilsiz əhəmiyyət daşıyan bütün fəaliyyət sahələrinə həmişə ciddi diqqət yetirən bir siyasətçi kimi tezliklə bu vəziyyəti aradan qaldırmaq üçün mühüm tədbirlər gördü. O, hələ respublikaya rəhbərlik etdiyi 70-80-ci illərdə keçmiş SSRİ-nin nüfuzlu ali təhsil ocaqlarına axın-axın göndərdiyi gənclərin, ziyalıların, 1969-1982-ci illər ərzində respublikamızın təhsil, mədəniyyət, incəsənət sahələri üçün yaratdığı zəngin maddi və mənəvi potensialın səfərbər edilməsi hesabına müstəqil dövlətimizdə mədəniyyətin tənəzzül vəziyyətindən çıxarılması uğrunda fəaliyyətə başladı. Tez bir zamanda cəmiyyətdə elm, təhsil və mədəniyyət xadimlərinin rolu yüksəlməyə başladı. Yaradıcı ziyalıların respublikamızda aparılan quruculuq işlərinin müxtəlif sahələrinə cəlb olunmaları, əvvəlki şan-şöhrətlərinin, hörmət-izzətlərinin onlara qaytarılması mədəniyyətin, incəsənətin inkişafında böyük rol oynadı.

Əsasını ümummilli liderimiz Heydər Əliyevin qoyduğu, Azərbaycanı uğurlu gələcəyə aparan siyasət bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Hələ rəhbərliyinin ilk illərində Prezident İlham Əliyev bu siyasətə nə qədər böyük əhəmiyyət verdiyini öz əməli ilə göstərdi. Dövlət başçısı gəncləri aparıcı qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədilə 2005-2009-cu illəri əhatə edən “Azərbaycan gəncliyi” dövlət proqramını təsdiq etdi. Dövlət quruculuğunda gənclərin iştirakına şərait yaradılması, gənc ailələrə kömək göstərilməsi, qaçqın və məcburi köçkün ailələrindən olan yeniyetmə və gənclərin hüquqlarının qorunması, sosial problemlərin həlli, gənclərin hərbi vətənpərvərlik tərbiyəsi dövlət proqramının əsasını təşkil edir. Məhz bunun sayəsində Azərbaycan gəncləri tariximizdə ən böyük rollarını oynadılar- Vətən müharibəsində qələbə qazanaraq işğal olunmuş torpaqlarımızı azad etdilər.

Bu gün Azərbaycanda gedən proseslər göstərir ki, Heydər Əliyevin əsasını qoyduğu “böyük gələcək” siyasəti artıq öz bəhrələrini verir. O, fenomenal bir şəxsiyyət kimi öz xalqını tarixin sınaqlarından üzüağ çıxardı və Azərbaycan dövlətini məhv olmağa qoymadı. Azərbaycan xalqı öz Böyük Xilaskarını heç vaxt unutmayacaq.

Qürurla demək olar ki, bu gün Azərbaycan gəncliyi üzərinə götürdüyü vəzifənin öhtəsindən layiqincə gəlməyə çalışır və bunu bacarır: onların uğuru beynəlxalq konfranslardan, dövlət və hökümət orqanlarından, ölkələrarası debat, intellektual bilik yarışlarından eşidilir. Azərbaycan həqiqətlərini- musiqisini, ədəbiyyatını, rəqsini, folklorunu, mətbəxini, milli-mənəvi dəyərlərini dünyanın müxtəlif ölkələrində təbliğ edən gənclər, bütün səy və bacarığı ilə dövlətçilik ənənələrimizi tanıdaraq, dünya ictimaiyyəti tərəfindən sevilməsinə nail olur. İndi əsas amal bu günə kimi formalaşan gənclər ordusunu heç bir itki vermədən gələcəyə aparmaqdır. Şübhəsiz, bu, belə də olacaq. Çünki Azərbaycan gəncliyi ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə sabaha- yeni uğurlara imza atmağa daha yaxındır.

Məftun Quluzadə,

Nəsimi rayon Gənclər və İdman İdarəsinin rəis müavini

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button