Siyasət

Ermənistanın iqtisadi taleyi tam şəkildə Azərbaycandan asılı vəziyyətə düşür…

Nikol Paşinyan: "Azərbaycanla Ermənistan arasında avtomobil əlaqəsini bərpa etmək mümkündür"

Ermənistanın Rusiya ilə əlaqə saxlamasında mühüm rola malik Gürcüstandan keçən “Yuxarı Lars” keçid məntəqəsində baş verənlər bir daha İrəvanın Azərbaycana ciddi ehtiyac duyduğunu təsdiqlədi. Məsələ burasındadır ki, təbii şərait üzündən “Yuxarı Lars” keçid məntəqəsində yenə ciddi problemlər yaranıb.
Ermənistanın keçid məntəqəsindəki attaşesi Aram Tananyan qeyd edir ki, ölkəsinə məxsus 500-ə yaxın yük maşını Rusiya-Gürcüstan sərhədindəki “Yuxarı Lars” keçid məntəqəsində qalıb. O bildirib ki, sərhəddə ümumilikdə 1500-2000 maşın qalıb və hər gün 500 maşın artmaqdadır. Tananyanın sözlərinə görə, hər dörd maşından biri Ermənistana məxsusdur. Qeyd edək ki, bu günlərdə Gürcüstanın bu yolu güclü qar uçqunu təhlükəsi səbəbindən bütün nəqliyyat vasitələri üçün bağlanıb. Məhz bu fonda bir daha bəlli olur ki, Rusiya ilə də etibarlı əlaqə üçün Ermənistanın Azərbaycana ehtiyacı böyükdür. Hazırda Ermənistan yalnız Rusiya ilə Gürcüstandan keçən “Yuxarı Lars” marşrutu vasitəsilə yükdaşımalar həyata keçirir. Lakin bu marşrut hava şəraitindən asılıdır və qış aylarında çox vaxt günlərlə bağlı olur. Yüklərin “Yuxarı Lars” vasitəsilə fasiləsiz daşınması həyata keçirilmədiyindən, Ermənistan iqtisadiyyatı bundan ciddi zərər görür. “Yuxarı Lars”a alternativ, fəaliyyəti isə təbii şərtlərdən asılı olmayan yeni keçid məntəqələrini bu gün Ermənistana təqdim etmək iqtidarında olan yeganə dövlət Azərbaycandır. Rəsmi Bakı Azərbaycan ərazisindən keçməklə Rusiyadan Ermənistana nəqliyyat xətlərinin açılmasına imkan yaratmağa hazır olduğunu dəfələrlə bildirib. Bundan başqa, Azərbaycan Zəngəzur dəhlizinin işə düşməsindən sonra Ermənistanın da buradan keçəcək dəmir yolu vasitəsilə İrana çıxış əldə edə biləcəyini bəyan edib. Bütün bunlar Ermənistanın iqtisadi inkişafının, düşdüyü ağır vəziyyətdən xilasının sırf Azərbaycanla normal əlaqələrdən asılı vəziyyətə düşdüyünü göstərir. Beləliklə, yalnız Azərbaycanla normal münasibətlər quracağı, ölkəmizin ərazi bütövlüyünü tanıyacağı təqdirdə Ermənistan Rusiya və İrana, eləcə də Xəzər dənizi vasitəsilə Orta Asiyaya etibarlı çıxış əldə edə, regional layihələrə qoşula bilər. Bu bir daha təsdiq edir ki, Ermənistanın gələcəyi tamamilə Azərbaycandan asılı vəziyyətdədir. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan da etiraf edir. O, Tiflisdə keçirilən ticarət-iqtisadi əməkdaşlıq üzrə Ermənistan-Gürcüstan hökumətlərarası komissiyasının iclasında hətta bildirib ki, Azərbaycanla Ermənistan arasında avtomobil əlaqəsini bərpa etmək mümkündür.
Ermənistanın baş naziri deyib ki, iki ölkə liderlərinin noyabrın 26-da Soçidə və dekabrın 14-də Brüsseldə keçirilən görüşlərinin nəticələrinə əsasən tərəflər avtomobil rabitəsini bərpa edə bilər. O əlavə edib ki, bu, regionda yeni infrastruktur layihələrinin yaranmasına səbəb olacaq. Söhbət Ermənistan-Gürcüstan sərhədini Ermənistan-İran sərhədi ilə birləşdirən Şimal-Cənub yolundan gedir: “Əgər biz Ermənistanla Azərbaycan arasında yol əlaqəsi ilə bağlı razılığa gələ bilsək, bu layihə Şimal-Cənub, Şərq-Qərb marşrutuna çevrilərək xeyli dəyişəcək”. Paşinyan xatırladıb ki, artıq İlham Əliyevlə dəmir yolu əlaqəsinin bərpası ilə bağlı prinsipial razılıq əldə edib. Ermənistanın baş naziri qeyd edib ki, regionda dəmir yollarının inkişafı Gürcüstanın maraqlarına mənfi təsir göstərə bilməz, ancaq ölkələri ticarət əlaqələrinin daha fəal inkişafına təkan verəcək. Bütün bunlar həm də onun göstəricisidir ki, İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda yaranmış yeni vəziyyət regionda geniş imkanlar və alternativlər yaradıb. Azərbaycan bu fonda son illərdə özünün regionun nəqliyyat mərkəzi kimi rolunu təsdiqləyib. Eləcə də Azərbaycanın nəqliyyat dəhlizi kimi funksionallığını və əhəmiyyətini artıran həm də odur ki, ölkəmiz yalnız Şərqlə Qərb arasında qapı rolunda çıxış etmir, eyni zamanda, Şimal və Cənubu da birləşdirən mühüm dəhlizdir. Azərbaycan bu dəhlizin – nəqliyyat infrastrukturunun formalaşması üçün ciddi siyasi iradə nümayiş etdirib və investisiya yatırımları edib. Nəticədə, istər daxili, istərsə də xarici nəqliyyat infrastrukturu çoxşaxəli qovşağa çevrilə bilib. Azərbaycanın işğalda olan ərazilərini azad edilməsi ilə bölgədə yaranan yeni geosiyasi reallıqlar Ermənistan üçün geniş imkanlar açır. Ermənistan nəzərə almalıdır ki, Zəngəzur dəhlizinin açılması ilə Azərbaycanın Avrasiyada qovşaq kimi rolu artacaq. Bundan yararlana bilmək üçün isə Azərbayvcanla münasibətlər mütləq normallaşdırılmalıdır. Bir ölkənin nəqliyyat və logistika sisteminin inkişafı, xarici və daxili daşınmalar üçün alternativlərin çox olması bu ölkənin iqtisadi inkişafında, idxal və ixrac əməliyyatlarının təhlükəsiz həyata keçirilməsində önəmlidir. Zəngəzur dəhlizi sayəsində quru əlaqələrin bərpası ilə beynəlxalq miqyasda Asiya və Avropa arasındakı çoxtərəfli iqtisadi əlaqələrin inkişafında mövcud daha bir problem öz həllini tapacaq. Belə ki, sazişə qədər Azərbaycanla quru yolları bağlı olan Naxçıvan əhəmiyyətli regional və beynəlxalq tranzit layihələrdən kənarda qalmışdı. Postblokada dövründə isə Naxçıvan bu tranzit xətləri öz üzərinə çəkməklə Xəzər dənizi və Aralıq dənizi arasında körpü rolunu oynayacaq, İpək Yolu üzərindəki ölkələr üçün təhlükəsiz, ucuz və sürətli daşınmanı təmin edəcəkdir. Bundan başqa, Naxçıvan gələcəkdə Şimal-Cənub nəqliyyat dəhlizinə və layihəsi planlaşdırılan Qars-İğdır-Naxçıvan dəmir yolu xətlərinə inteqrasiya vasitəsilə beynəlxalq yüklərin Avropaya daşınmasında açar mövqeyində olacaq. Bundan yararlana bilən tərəfdən biri də məhz Ermənistan ola bilər.

Tahir TAĞIYEV,Bakı Xəbər

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button