İqtisadiyyat

Manat region ölkələrini dollar-avro asılılığından xilas edəcək

zərbaycan manatı da Türkiyə Mərkəzi Bankı tərəfindən ehtiyat valyuta kimi qəbul olunacaq

Məlum olduğu kimi, bu günlərdə Azərbaycan manatı və Birləşmiş Ərəb Əmirlikləri dirhəmi Türkiyə Mərkəzi Bankı tərəfindən “Ticarətə aid xarici valyutalar” siyahısına əlavə edilib. Bu qərarla TMB Türkiyə Mərkəzi Bankı tərəfindən həyata keçirilən maliyyə əməliyyatlarında manat və dirhəm alqı-satqısına yol açılıb.
Ekspertlər isə bildirir ki, əslində, Türkiyə Mərkəzi Bankının məlum qərarından sonra manatın regional valyutaya çevrilmə şansı da əhəmiyyətli dərəcədə yüksəlib. Məsələ burasındadır ki, Azərbaycan manatı Türkiyə ilə yanaşı qonşu İran və Gürcüstanda da geniş istifadə edilir. İndi Türkiyə Mərkəzi Bankının bu addımından sonra İran və Gürcüstan Türkiyə ilə ticarət əməliyyatlarını manatla apara bilər. Bu da həmin ölkələrin dollar və avrodan asılılığının aradan qalxması üçün mühüm önəm kəsb edir. Çünki manatı əldə etmək və onu Türkiyə ilə ticarətdə istifadə edə bilmək üçün əlverişli şərait yaranıb. Bunu türkiyəli professor Mehmet Yücenin açıqlamaları da təsdiq edir. O, “axar.az” portalına bildirir ki, Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı Azərbaycan manatını ticarətdə istifadə edilən və konvertasiya olunan valyutalar siyahısına daxil edərək, konvertasiya imkanı yaradıb: “Konvertasiyaya gəldikdə isə, bu, ümumiyyətlə, istənilən valyutanın başqa valyutaya dəyişdirilə biləcəyini göstərir. Konvertasiya əməliyyatları məzənnə adlanır və öncədən nəzərdə tutulan tədbirlər çərçivəsində həyata keçirilir. Lakin bu qərarda əsas nəzərdə tutulan məsələ valyutanın başqa ölkələrdə məqbul olması deyil. Bunu örnəklə izah etmək istəyirəm. Məsələn, Türkiyədə Azərbaycan manatı ilə ödəniş etmək istəyəndə, satıcı pulu qəbul etmir. Bunun səbəbi pulun konvertasiya olunmamağı deyil. Səbəb həmin valyutanın ehtiyat bir valyuta kimi qəbul olunub-olunmamasıdır. Sözügedən qərarla isə Azərbaycan manatı da Türkiyə Mərkəzi Bankı tərəfindən ehtiyat valyuta kimi qəbul olunacaq. Yəni hər hansı bir firma beynəlxalq ticarət əməliyyatlarında manatla hesab-faktura verə biləcək. Əvvəllər manat sərbəst bazarda satıla bilərdi və məzənnə bazar şəraitində dollar pariteti nəzərə alınmaqla çarpaz məzənnə ilə müəyyən edilirdi. Manatın Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının ticarət etdiyi valyuta hovuzuna daxil edilməsi ilə onun pariteti artıq Mərkəzi Bank tərəfindən müəyyən ediləcək və ehtiyat valyuta kimi qəbul ediləcək”. Ekspert qeyd edir ki, əslində qərarın bir neçə mənası var: “Bu o deməkdir ki, iki ölkə arasında ticarət dövriyyəsi artıb. Manatın ehtiyat pul kimi qəbul edilməsi kommersiya fəaliyyətinin daha da asanlaşması ilə nəticələnəcək. Bu qədər əməliyyatları indi manatla rəsmiləşdirmək olar. Bu vəziyyət gələcəkdə ticarət əməliyyatlarının milli valyutalarımızla aparılması ilə nəticələnə bilər və tədricən dünyada xarici ticarətdə ödəniş vasitəsi kimi görülən dollar və avrodan asılılıq azalar. Yaxın gələcəkdə isə bir çox ölkənin bu sistemə qoşulması ilə yeni ödəniş sistemi yaranacaq. Digər nəticə ondan ibarətdir ki, əmanətçilərin əmanətlərini dollardan başqa ehtiyat valyutada yatırma və istifadə etmə şansı olacaq. Bu, Türkiyədə və Azərbaycanda dollara tələbin azalmasına səbəb olacaq. Yekun olaraq deyə bilərəm ki, belə qərarlarla dollara tələb digər alternativlər yaratmaqla balanslaşdırılır”.
Hadisələrin indiki inkişaf axarı isə bu qənaətə gəlməyə əsas verir ki, manat yaxın tezlikdə artıq regional valyutaya çevrilə bilər. Çünki qonşu ölkələr manatla Azərbaycanla ticarət etməkdə maraqlı tərəf qismində çıxış edirlər. Hazırda Azərbaycanın malik olduğu valyuta rezervləri və beynəlxalq bazarlarda vəziyyət ölkədə makroiqtisadi sabitliyi təmin etməyə imkan verir. Bu baxımdan manatın məzənnəsini bundan sonra da sabit saxlamaq üçün bütün imkanlar var. Elə bu da manatla ticarətə marağın artmasına rəvac verən amillərdən sayılır. Digər tərəfdən burada nəzərə almaq lazımdır ki, Azərbaycanın qonşuluğunda yerləşən Rusiya, Türkiyə, İran kimi ölkələr getdikcə dollardan imtina edir. Məlumata görə, Türkiyədən başqa, İran da Azərbaycanla ticarəti milli valyutalar üzərindən həyata keçirmək üçün aktiv iş aparır. Eyni sözləri Rusiya barəsində də demək mümkündür. Azərbaycanın həmin ölkələrlə böyük ticarət əlaqələri var. Hesab edilir ki, bu ölkələrlə ticarət milli valyutalar üzərindən həyata keçirilsə, manat regional valyutaya çevrilə bilər. Çünki rubl, lirə və riala nisbətən manatın məzənnəsi sabitdir. Bu səbəbdən özəl sektor üçün də ticarəti manat üzərindən həyata keçirmək daha sərfəli sayılır. Onu da bildirək ki, dünya ticarətində milli valyutalardan istifadəyə maraq getdikcə artır. Məsələn, məlumdur ki, Avropa İttifaqı ilə də ticarət əlaqələrində milli valyutalardan, ilk növbədə avrodan istifadə həcminin artması gözlənir. Xatırladaq ki, Avropa İttifaqı dünyada ən iri neft və qaz idxalçısıdır. Ancaq bu sahə üzrə Avropa müqavilələrinin yalnız 30%-i avroda həyata keçirilir. ABŞ dolları, Avropa Komissiyasının hesabatına görə, neft, qaz və kömür idxalı zamanı haqq-hesabda əsas valyuta olaraq qalır. Bu durumda Avropa Komissiyası enerji daşıyıcılarının təchizatı üzrə müqavilələrdə avronun rolunu gücləndirmək üçün artıq hərəkətə keçib. Avropa Komissiyası qeyd edir ki, energetika ilə bağlı müqavilələrdə dolların üstünlük təşkil etməsi valyuta kurslarının dəyişməsinə görə Avropa şirkətlərini risqlərə məruz qoyur. Məhz bu şəraitdə Avropa İttifaqı artıq Rusiya ilə enerji sazişlərini avro ilə bağlayır. Perspektivdə analoji addımların Azərbaycanla da münasibətdə atılması istisna olunmur. Bütün bunlar bir daha göstərir ki, manata dünya miqyasında maraq artacaq.

Ramil QULİYEV, Bakı Xəbər

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button