Aktual

Google saxta erməni toponimlərinə qarşı – separatçıların ombudsmanı yerindən oynadı…

Ənvər Çingizoğlu: “Beynəlxalq platformalarda ermənilərin saxtalaşdırdığı toponimlərin öz tarixi adları bərpa edilib...”

Azad edilən ərəzilərimizdə toponimlərin milliləşdirilməsi, daha dəqiq desək, onların tarixi adlarının yenidən bərpası erməniləri möhkəm qıcıqlandırır. Bu toponimlərin adlarının yalnız yerli xəritələrdə deyil, beynəlxalq elektron xəritələrdə də, axtarış saytlarında da öz tarixi adı qeyd olunması faktı hər yerdən əli üzülən erməniləri yeni saxtakarlıqlara təhrik edib.

Belə ki, onlar reallıqla barışmaq əvəzinə, Azərbaycana qarşı yeni qara piar kampaniyası aparırlar. “Azərbaycan erməni toponimlərini dəyişir” deyə yaxa-başını cıran ermənilər çox gülməli iddialar irəli sürürlər. Separatçıların “ombudsmanı” Qeqam Stepanyan kimi. Q.Stepanyan Google-u “erməni toponimlərinin” adının dəyişdirilməsindən imtina etməyə çağırıb. Separatçı “ombudsman” utanmadan bu təşkilata məktub göndərərək, onu Azərbaycanın “təxribatlarına” uymamağa, Bakının “əsassız tələblərinə” məhəl qoymamağa və “Arsaxın” “erməni adlarını” rəqəmsal xəritələrdən çıxarmamağa çağırıb. Bu barədə erməni mediası məlumat yayıb. “Ombudsman” o qədər hissə qapılıb ki, Azərbaycanı “erməni irsini silməkdə” də ittiham edib. Belə yerdə deyirlər, boyuna qamış ölçüm, ay Stepanyan, kim kimin irsini silib? Azərbaycan irsini silən ermənilər olmayıbmı ki, indiyə qədər minlərlə toponimimiz erməniləşdirilib, saxtalaşdırmaya məruz qalıb?

Tanınmış tarixçi-etnoqraf Ənvər Çingizoğlu bizimlə söhbətində bildirdi ki, “ombudsman”ın həyasızlığı artıq bütün sərhədləri aşır. O qeyd etdi ki, Qarabağda Azərbaycan-türk toponimləri ermənilər tərəfindən kütləvi şəkildə saxtalaşdırılmışdı və toponimlərimizin adları süni şəkildə dəyişdirilərək erməniləşdirilmişdi. “İşğal dövründə ermənilər Qarabağdakı Azərbaycan toponimlərinin hamısını kütləvi olaraq saxtalaşdırıb, onlara erməni dilində qondarma adlar qoymuşdular. Təsəvvür edin ki, onlar bu saxtalaşdırma işini beynəlxalq platformalara qədər daşıya bilmişdilər. Bizim Qarabağdakı bütün toponimlərin Google-dan tutmuş digər bu və digər platformalara qədər hamısının adı qondarma erməni adları ilə verilirdi. Bilirsiz ki, bu istiqamətdə hər birimiz mübarizə aparmışıq, erməniləşdirməni dayandırması üçün o  təşkilatlarla 30 il vuruşmuşuq. Azərbaycan toponimlərini Google-da oturan erməni redaktorlar kütləvi olaraq erməni “toponimi” kimi qeyd edirdilər. Biz onların yanlışlarını düzəltmələri üçün çox çalışmışıq. Nəhayət 44 günlük müharibə nəticəsində Azərbaycan öz ərazilərini işğaldan azad etdi və ilk rəsmi addımlardan biri məhz erməniləşdirilmiş Azərbaycan-türk toponimlərin tarixi adlarının bərpası ilə bağlı oldu. Cənab Prezident sərəncam verib bir neçə toponimin adlarını bərpa etdi. Bundan sonra beynəlxalq paltformalarda da erməni saxtakarlıqlarına qarşı kampaniyalar başladı. Artıq google və bu qəbildən olan başqa platformalara, şirkətlərə rəsmi məktublar göndərildi və onlar öz yanlışlarını düzəltməyə başladılar”.

Ə.Çingizoğlunun sözlərinə görə, google-da və başqa bu kimi şirkətlərdə başlayan proses isə erməni saxtakarlığına vurulan əməli zərbə oldu. Ekspertin dediyinə görə, Azərbaycan öz ərazilərini azad edəndən sonra bizə qarşı yanlış mövqe tutan beynəlxalq şirkətlərin çoxu mövqeyində düzəliş etdi: “Ermənilər uzun illər əllərinə keçən fürsətdən yararlanaraq saxtalaşdırdıqları Azərbaycan-türk toponimlərini erməni toponimi kimi verirdilər. Amma sonra reallıq üzə çıxdı ki, bu toponimlərin ermənilərə heç bir aidiyyəti yoxdur. Artıq bu beynəlxalq platformalarda ermənilərin saxtalaşdırdığı toponimlərin öz tarixi adları bərpa edilib, onlar öz tarixi adları ilə təqdim edilir. Bu da, şübhəsiz ki, separatçıları bərk narahat edir. Çünki google-da Azərbaycan toponimlərinin tarixi adlarının bərpası ermənilərin bütün saxtakarlıqlarının ifşa edilməsidir. Separatçı “ombudsman”da öz ayıblarına kor olmaq əvəzinə daha böyük həyasızlıq edərək əsassız iddialar irəli sürməyə başlayıb. Bütün bunlar separatçıların “varlığını sübut etmək” üçün daxilə hesablanmış açıqlamadır, saxta ombudsmanın yazdığı əsassız məktuba google şirkətinin hər hansı bir reaksiya verəcəyini düşünmürəm.  Çünki google illərdir etdiyi yanlışı o toponimlərin tarixi adları ilə təqdim etməklə düzəldir. Bu da separatçıları qıcıqlandırır. Ona görə də, toponimlərin Azərbaycan adları ilə təqdim edilməsi ermənilərin uzun illik saxtalaşdırma əməlinin üstündən qara bir xətt çəkir. Əlbəttə, bütün bunlar bizim xeyrimizdədir və informasiya müharibəsində də nailiyyətlərimizin olduğuna əyani sübutdur”- deyə Ə.Çingizoğlu vurğuladı.

İradə SARIYEVA

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button