Gündəm

Natiq Cəfərli: “Kiçik apteklərin ƏDV-ni müştəriyə geri qaytarma mexanizmi yoxdur”

Fiziki şəxs kimi fəaliyyət göstərən bəzi əczaxanalar ƏDV ödəyicisi deyillər

2020-ci ilin may ayından ölkədə pərakəndə ticarət və ictimai iaşə obyektlərindən alınmış mallara görə ödənilən Əlavə Dəyər Vergisinin (ƏDV) bir hissəsinin geri qaytarılmasına başlanılıb. Qaydalara əsasən, ƏDV-nin müəyyən hissəsinin qaytarılması zamanı bir neçə məqama diqqət yetirilməlidir. İlk növbədə istehlakçı, yəni alış-veriş edən və ya xidmətdən yararlanan tərəf fiziki şəxs olmalıdır. İkincisi, satıcı və ya xidmət göstərən tərəfin ƏDV ödəyicisi olması mütləqdir. Eyni zamanda, alınan mal və ya xidmətlər də ƏDV-yə cəlb edilməlidir.

Digər məqam isə satıcının yeni nəsil kassa aparatlarından istifadə etməsidir. ƏDV-nin bir hissəsinin qaytarılması yalnız yeni nəsil kassa aparatlarının tətbiq olunduğu obyektlərdə mümkündür.

Ümumiyyətlə, böyük dövriyyəsi olan dükan, obyekt və ya iaşə obyektləri ƏDV-nin qaytarılma prosesində iştirak etməlidir.

Ancaq son zamanlar apteklərdə bu hal müşahidə edilmir. Əczaxanalardan dərman alanlara ƏDV çeki verilmir. Halbuki, apteklər də böyük dövriyyəyə malikdir.

Iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, ƏDV-nin geri qaytarılması proqramına dövriyyəsi böyük olan şəbəkə aptekləri də daxil edilib: “Məlumdur ki, bəzi əczaxanalar fiziki şəxs kimi fəaliyyət göstərir, yəni ƏDV ödəyicisi deyillər. “ƏDV ödəyicisi olmayan kiçik apteklərin ƏDV-ni geri qaytarma mexanizmi yoxdur. Dövriyyəsi il ərzində 225 min manatdan aşağı olan əczaxanaların ƏDV-dən azad olmaları qanunvericilikdə öz əksini tapıb. Ona görə də fiziki şəxslərin adına rəsmiləşdirilən və VÖEN-lə fəaliyyət göstərən kiçik apteklərdə ƏDV-nin geri qaytarılması proqramında iştirak etməsi qanunvericiliyə görə mümkün olmur”.

Ekspert onu da əlavə etdi ki. ƏDV-nin geri qaytarılması proqramında bəzi problemlər var: “Bu nöqsanlar rəsmilər tərəfindən də etiraf olundu və bildirildi ki, bu sahədə yeniliklər olacaq. ƏDV-nin geri qaytarılması proqramının məğzi ondan ibarətdir ki, insanları nağdsiz ödənişlərə təşviq etsinlər. Nağdsız ödənişlərin həcminin artması isə nəticə etibarilə ölkə iqtisadiyyatının ağardılmasına xidmət etməlidir”.

Günel CƏLİLOVA

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button