GündəmMaraqlı

Xırdalan şəhər 2 nömrəli tam orta məktəbdə müəllimlər və şagirdlər soyuqdan donurlar

Qış fəslində valideynləri narahat edən problemlərdən biri də təhsil müəssisələrinin yetərincə istiliklə təmin olunmamasıdır. Xırdalan şəhəri 2 saylı tam orta məktəbin valideynləri təhsil müəssisəsində istiliyin olmamasından narazılıq edir.
Valideynlər qeyd edir ki, istilik olmadığına görə yanvar ayı başlayandan övladları dərsə getmirlər: “Bu günlərdə uşaqları dərsə göndərdik ki, bəlkə problem düzələr, ancaq yenə həmin vəziyyətdir. Uşaqlar dərsdə palto ilə otururlar. Müəllim zəng edib deyir ki, gəlin uşaqlarınızı aparın. Direktor da deyir ki, bu məsələ onun səlahiyyətində deyil. Məsələnin həllinə nazirlik kömək etməlidir. Əgər istilik sistemi düzəlmirsə, onlayn dərsə keçilməlidir”.
Məsələ ilə bağlı Abşeron rayon Təhsil Şöbəsindən bildirildi ki, ötən həftə Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin istilik sistemində bəzi problemlər aşkar olunub: “Aparılan təmir işləri ilə əlaqədar məktəbə istilik müəyyən fasilələrlə verilib. Hazırda təmir işləri yekunlaşıb və məktəb istiliklə tam təmin olunub”.
Təhsil eksperti Nizami Hüseynov bildirdi ki, məktəblər istilik sistemi ilə tam təchiz olunmalı, istixanalar işləməlidir: “Əgər valideynlər şikayət edirsə, deməli, hardasa çatışmayan məqamlar var. Bu barədə Təhsil Nazirliyi müvafiq ölçü götürməlidir. Eyni zamanda, hansı məktəblərdə sırf istilik təchizatı sahəsində problemlər varsa, bununla bağlı valideynlər deyil, Təhsil Nazirliyi aidiyyatı qurumlara müraciət etməlidir. Onu da nəzərə almaq lazımdır ki, koronavirusun hələ davam etdiyi dövrdə məktəblərin istilik təminatı yerində deyilsə, o zaman uşaqların həm virusa yoluxması, həm də soyuqlaması ehtimalı artır”.

Günel CƏLİLOVA

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button