GündəmŞikayət

Qalmaqallı BOA Agentliyində nə baş verir? – ŞİKAYƏT

Adı müxtəlif qalmaqallarda hallanan BOA Agentliyi əməkdaşlarının əmək hüquqlarını pozmaqda ittiham olunur. Bununla bağlı Agentliyin problemli kreditlərin idarə edilməsi departamentinin keçmiş direktoru Nicat İsmayılov Editor.az-a göndərdiyi şikayət məktubunda qeyd edir. Nicat İsmayılov bildirir ki, o, uzun müddətdir ki, sözügedən şirkətdə çalışır və şirkətin inkişafı üçün xeyli əmək sərf edib:

“Lakin son zamanlar şirkətin direktoru Samir Mustafayev tərəfindən fəaliyyətimə yaradılan süni əngəllər, şirkətdəki qeyri-işgüzar mühit sonrasında burada fəaliyyətimi dayandırmaq qərarı verdim və 1 aprel 2023-cü il tarixində ərizə ilə müraciət edərək 2 iyun 2023-cü il tarixindən öz qərarımla işdən ayrılmaq istədiyimi bildirdim. İşdən azadolma ərizəmi təqdim edərkən eyni zamanda, məzuniyyət hüququmdan da istifadə etdim. Məzuniyyətdə olduğum müddətdə şirkətin bir çox əməkdaşları, rəhbər şəxsləri tərəfindən yenidən işə qayıtmağımla bağlı mənə çoxsaylı xahişlər olundu. Lakin mən şirkətdəki qeyri-işgüzar mühitin olduğunu, direktorun fəaliyyətinin mənə süni əngəllər yaratdığını bildirərək şirkətə geri dönməyəcəyimi dedim. Bundan sonra mənə qarşı qərəzli münasibət başladı”.

N. İsmayılov qeyd edir ki, şirkət rəhbərliyinə işə qayıtmayacağını bildirdikdən sonra ona qarşı xüsusi plan qurulub: ” Belə ki, bu yaxınlarda bildim ki, mənim öz istəyimlə işdən ayrılmaq barədə ərizəm bir kənara qoyularaq şirkət rəhbərliyi məni Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad etmək barədə qərar qəbul edib. Onlar bu qərarı guya mənim şirkətin fəaliyyətinə maddi ziyan vuran addımlar atmağım, eyni zamanda, guya şirkətin elektron sisteminə müdaxilə etməyim ilə əlaqələndirirlər. Bildirmək istəyirəm ki, mən heç bir zaman şirkətin fəaliyyətinə heç bir maddi ziyan vuran addım atmamışam. Şirkətin elektron sisteminə isə ümumiyyətlə iş yerindən kənarda daxil olmaq, müdaxilə etmək mümkün deyil. Mən isə onların mənim şirkətin elektron sisteminə müdaxilə etdiyimi iddia etdiyi dövrdə məzuniyyətdə, ölkə xaricində olmuşam. Maraqlı fakt ondadır ki, əgər mən şirkətə maddi ziyan vurmuşamsa, iddia etdikləri kimi şirkətin elektron sisteminə müdaxilə etmişəmsə, nə üçün mən ərizəmi verdikdən dərhal sonra işdən xüsusi maddə ilə azad olunmamışam və iki aylıq məzuniyyət dönəminin əmək haqqı mənə ödənilib? Bu faktın özü göstərir ki, bu məsələ sadəcə mənim işə qayıtmaq istəmədiyim qərarını açıqladıqdan sonra mənə qarşı hazırlanmış xüsusi planın tərkib hissəsidir”.

Keçmiş departament rəhbəri qeyd edir ki, o, şirkət tərəfindən işdən ayrılmaqla bağlı müvafiq araşdırılmaların aparılması üçün 2 iyun tarixində şirkətə dəvət edilib: ” Lakin bu dəvət mənə poçt vasitəsilə ayın 7-i tarixində daxil olub. Məktubu ayın 7-ində almağıma baxmayaraq onlar mənim danışıqlarda iştirak etmədiyimi sənədləşdirilib imtina kimi qəbul ediblər. Bu, ciddi qanun pozuntusudur. Mən öz əmək hüquqlarımın qorunması ilə bağlı Əmək Müfəttişliyi və digər müvafiq qurumlara müraciət edəcəm”.

Editor.az mövzu ilə bağlı şirkətin hüquqşünası Elşən Səfərovla əlaqə saxlayıb. O qeyd edib ki, Nicat İsmayılovun iddiaları əsassızdır. Vəkil detalları açıqlaya bilməyəcəyini, bunun araşdırma mərhələsində olduğunu, lakin İsmayılovun şirkətə maddi ziyan vuran əməllər törətdiyini iddia edib: ” Nicat İsmayılov şirkətə ciddi maddi ziyan vuran addımlar atıb. Bunlar tərəfimizdən araşdırılır. Yaxşı olardıki, İsmayılov öz hüquqlarını müdafiə etmək üçün mediaya yox, dövlət qurumlarına, məhkəmələrə müraciət etsin. Biz onu dəfələrlə iddiaları araşdırmaq üçün şirkətə dəvət etsək də o gəlməyib, imtina edib”.

Qeyd edək ki, BOA Agentliyi ASC əvvəl “BOA Kollektor Agentliyi MMC” kimi fəaliyyət göstərib. Şirkətin direktoru Samir Mustafayev, təsisçiləri Rüstəm Hacıyev və İlkin Qəriblidir. Rüstəm Hacıyev Ekologiya və Təbii Sərvətlər nazirin keçmiş müavini Rauf Hacıyevin, İlkin Qəribli isə “Unibank” ASC-nin İdarə Heyətinin sədri Eldar Qəriblinin oğludur.

Şirkətin adı mətbuatda bir sıra qalmaqallarda hallanıb. Mətbuatda şirkətin idmançı görünüşlü əməkdaşlarının banklara krediti olan vətəndaşlara qarşı kobud münasibət sərgilədiyi, onları mənəvi və fiziki təzyiqlə təhdid etdikləri ilə bağlı çoxsaylı məlumatlar yayılıb.

Məsələn, xəbərlərin birində “Anti-Kollektor” MMC-nin rəhbəri Əkrəm Həsənov ölkə mətbuatına açıqlamasında bildirib ki, insanları intihar həddinə çatdıran, hətta 70 yaşlı Sevil Əbdüləli qızı Vəliyevanı “nəvəni oğurlayarıq” deyə təhdid edən BOA nümayəndələri haqqında tədbir görülmür.

S.Vəliyevanın özü isə mətbuata bildirib: “Bizə zəng edib, pulu ödəməyəcəyim halda qonşular arasında biabır edəcəklərini dedilər. Bütün qohumlarımıza bu borcla bağlı danışıblar. Deyirlər ki, qapıda stul qoyub oturacaqlar. Son dəfə hətta nəvəmi məktəbdən oğurlayacaqları ilə hədələdilər”.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button