Ölkə

Naxçıvan Muxtar Respublikasında “Sənaye ili” uğurla davam etdirilir

Ölkə Başçısının 2 fevral 2021-ci il tarixli sərəncamı ilə təsdiq edilən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də növbəti onillikdə ölkəmizin sosial-iqtisadi inkişafına dair nəzərdə tutulmuş beş milli prioritetin 2021-ci ildə icrası nəticəsində ölkədə getdikcə güclənən rəqabətqabiliyyətli iqtisadiyyatın gerçəkləşdirilməsi davamlı inkişafın daha da sürətləndirilməsinə möhkəm zəmin yaratmışdır. Azərbaycan Respblikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuzun İkinci Qarabağ müharibəsindəki tarixi zəfəri, işgaldan azad olunmuş ərazilərimizin bərpası və Şərqi Zəngəzur ilə Naxçıvan arasında İran ərazisindən keçməklə avtomobil, dəmir yolu, enerji və rabitə bağlantısının yaradılması istiqamətində layhələrin reallaşması istiqamətində görüləcək işlər region ölkələrlə bərabər, respublikamızın iqtisadi rayonlarınının sosial-iqtisadi inkişafını da şərtləndirəcəkdir. Bu baxımdan Azərbaycanda dayanıqlı, rəqabətqabiliyyətli iqtisadiyyatın, dinamik, inklüziv, eyni zamanda, sosial ədalətə əsaslanan cəmiyyətin formalaşması, respublikamızın rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı, təmiz ətraf mühit, “yaşıl artım” ölkəsi kimi tanınması, habelə işğaldan azad olunan ərazilərə böyük qayıdış proqramının reallaşdırılması istiqamətlərində Naxçıvan MR-da da mühüm işlər görülür.

Qeyd etmək lazımdır ki, 16 dekabr 1995-ci ildə Naxçıvan Muxtar Respublikası Baş nazirinin xarici iqtisadi əlaqələr üzrə birinci müavini Vasif Talıbovun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçildikdən sonra, əsasını Ümummilli Lider Heydər Əlitevin qoyduğu sosial-iqtisadi islahatlar, Naxçıvanda daha böyük uğurların əldə olunmasına şərait yaratdı. Muxtar Respublikanın bütün mövcud problemlərini tam dərinlikləri ilə bilən Ali Məclisin Sədri çox qısa bir müddətdə quruculuq və abadlıq işləri apararq Naxçıvan şəhəri ilə bərabər, Muxtar Respublikanın bütün yaşayış məntəqələrinin yeni və müasir inkişaf konsepsiyasına uyğun qurulmasını təşkil edərək, 1995-2021-cu illəri əhatə edən dövr üzrə sosial-iqtisadi inkişaf baxımından Naxçıvan Muxtar Respublikasının tarixində mühüm dönüş yaratdı.

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev bütün sahələr üzrə Naxçıvanda görülən işləri yüksək qiymətləndirərək muxtar respublikanın ictimayyətinə demişdir: Siz Ali məclisin sədri Vasif Talıbovun fəaliyyəti sayəsində bütün bu uğurlara nail olmusunuz. Azərbaycanın digər bölgələri də inkişaf edir. Amma sizə deyə bilərəm ki, bu baxımdan Naxçıvan Azərbaycanda liderdir və ümid edirəm ki, siz gələcəkdə də liderliyi saxlayacaqsınız. Bunu- abadlıq-quruculuq işlərini, yeni binaların zövqlə, səliqə ilə tikilişini, diqqətlə tikilməsini Naxçıvana gələn hər bir vətəndaş, qonaq görür. Hiss olunur ki, bu işlər böyük məhəbbətlə görülür”.

Sənaye sahəsində rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalının təşviqi, innovasiyalara əsaslanan yeni müəssisələrin qurulması və uğurların artırılması məqsədi ilə 2022-ci il Naxçıvan Muxtar Respublikasında “Sənaye ili” elan edilərək, Tədbirlər Planı təsdiqlənmişdir. Sənayenin uğurlu inkişafı birbaşa sahibkarlıq fəaliyyəti ilə bağlı olduğundan, muxtar respublikada istehsal edilən sənaye məhsulunun 93%-i özəl sektorun payına düşür. Naxçıvan Muxtar Respublikası sənaye məhsulu istehsalının artım tempinə və sənayenin ümumi məhsulunun tərkibində özəl sektorun payına görə Azərbaycan Respublikasının iqtisadi rayonları ilə müqayisədə ön sıradadır. 2021-ci ildə sənaye məhsulunun həcmi 1069655,7 min manat təşkil edərək əvvəlki illə müqayisədə 29179,8 min manat və yaxud 2,8%, 2000-ci illə müqayisədə isə 75,6 dəfə artmışdır. Əhalinin hər bir nəfəriunə düşən sənaye məhsulu artan dinamika ilə inkişaf edərək, 2021-ci ildə 2000-ci ilə nisbətən 60,3 dəfə artmaqla 2310,3 manat olmuşdur. 2021-ci ildə muxtar respublikada dövlət dəstəyi ilə iqtisadi fəaliyyətin müxtəlif sahələrində 142 layihə üzrə istehsal və xidmət obyektləri yaradılmış, 52 layihə üzrə istehsal və xidmət obyektlərinin yaradılması isə davam etdirilmişdir. Sənayenin inkişafı məqsədilə bank və kredit təşkilatları tərəfindən təsərrüfat subyektlərinə 2021-ci ildə 11 milyon 276 min manat kredit verilmişdir.

Naxçıvanda mövcud sənaye sahələrinin diversifikasiya proseslərinə cəlb edilməsi prioritet istiqamətlərdən biri olduğundan, qeyri-neft sektorunda sənaye məhsullarının ixracı üzrə beynəlxalq iqtisadi inteqrasiya amili kimi mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan “Naxçıvan” Universitetində yüksək təşkilatçılıqla 29 aprel 2022-ci ildə keçirilən “Naxçıvan Muxtar Respublikasında sənayenin diversifikasiyası beynəlxalq iqtisadi inteqrasiya amili kimi” adlı “sənaye ili”nə həsr olunan beynəlxalq elmi konfransda müzakirə olunan elmi-tədqiqat işləri ənənəvi və yeni sənaye sahələrinin diversifikasıyasına yüksək töhvə verəcəkdir. Beynəlxalq elmi konfransın yüksək səviyyədə təşkili, iştirakçılara göstərilən diqqət və qaygı, bu diyarda azərbaycan milli-addət ənənələrinin, elm və mədəniyyətin olduqca yüksək səviyyədə olmasını bir daha göstərdi.

Türkiyənin İqdır Universitetinin rektoru, professor Məhmət Hakkı və Universitetin əməkdaşlarının, həmçinin AMEA İqtisadiyyat İnstitutunun, Qazaxıstan Respublikasının Əhməd Yəsəvi Universitetinin əməkdaşlarının və digər qonaqların iştirakı etdiyi konfransın bütün iştirakçıları, 29 aprel 2022-ci il saat 11-00 –da “Naxçıvan” Universitetinin rektoru Nurlana Əliyevanın çıxışı ilə başlayan plenar iclas bitdikdən sonra əvvəlcə Heydər Əliyev Muzeyini ziyarət edərək, Ulu Öndərin mənalı ömür yolu və parlaq siyasi fəaliyyətini əks etdirən eksponatlarla tanış oldular.

Azərbaycan Respublikasının dəyərli, qabaqcıl ali məktəblərindən biri kimi səciyyələndirilən, muxtar respublikanın əsas elm, təhsil, ictimai fikir və mədəniyyət mərkəzlərindən olan Naxçıvan Universiteti ölkəmizin ali məktəbləri arasında yüksək nüfuzu, hərtərəfli inkişafı, yüksək ixtisaslı kadrların hazırlanması sahəsindəki fəaliyyəti ilə diqqəti cəlb edərək, ali təhsil müəssisələri arasında öncül yerləri tutmuş, onun fəaliyyəti təqdir edilərək, klassik universitetlərlə müqayisə olunmuş, regionun elm və təhsil mərkəzlərindən biri kimi tanınmışdır. Universitetdə müasir standartlara cavab verən, inkişaf etmiş ali təhsil müəssisələri üçün xarakterik olan bütün struktur bölmələr yaradılmış, burada müxtəlif innovativ yeniliklər tətbiq edilmiş və onların səmərəli fəaliyyəti təmin edilmişdir.

Saat 15-00-dan başlayaraq konfrans öz işini “Nəzəri iqtisadiyyat” bölməsi üzrə i.e.d., Mehdi Bağırovun və “İqtisadi idarəetmə” bölməsi üzrə dossent İradə Bağırovanın rəhbərliyi altında davam etdirdi. Mövzularla bağlı tələbə-müəllim heyyətini maraqlandıran suallara məruzəçilər cavab verdilər və konfrans öz işini müvəffəqiyyətlə yekunlaşdırdı.

Konfransdan bir gün sonra iştirakçılar Universitet rəhbərliyinin təşəbbüsü ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edərək, şəhərin mərkəzində bir çox mədəniyyət abidələri ilə tanış olduqdan sonra, Naxçıvan şəhərindən 12 km məsafədə, Haca və Nəhəcir dağları arasında hündürlüyü 1665 m olan yüksəklikdə yerləşən Əshabi-Kəhf ziyarətgahinda oldular. Bu zyarətgahda bərpa və abadlıq işləri 1998-ci ildə Azərbaycan Respublikasının Ümumimilli Lideri Heydər Əliyevin tapşırığı və himayəsi ilə görülmüşdür. Ziyarətgaha gedən yollar keçmiş SSRİ dövründə bərbad vəziyyətdə olduğundan insanların inanc yeri olan bu ziyarətgaha gəlmək çətin idi. Ulu Öndər H.Əliyev Naxçıvan Muxtar Respublikası Ali Sovetinin Sədri təyin edildikdən sonra ziyarətgaha gedən yollar tam bərpa edildi və bu gün də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diqqət və qayğısı ilə yollara yüksək səviyyəli asfalf örtüklər çəkilmiş və ziyarətgahda abadlıq işləri aparılmışdır.

1999-cu ildə təsis edilmiş “Naxçıvan” Universitetində fəaliyyət göstərən 10 kafedranı təmsil edən 4 fakültədə 1487 tələbə təhsil alır. Onların 22 ixtisas üzrə 1359 nəfəri bakalavr, 8 ixtisas üzrə 29 nəfəri magistr, 11 ixtisas üzrə 31 nəfəri doktorant və dissertantdır. Universitet 4 hektara yaxın özəlləşdirilmiş sahədə yerləşir. 2000-dən yuxarı tələbənin eyni zamanda tədrislə əhatə oluna biləcəyi universitet şəhərciyinə rektorluq binası, tədris korpusu, xarici dillər korpusu, kitabxana binası, sosial-xidmət mərkəzi, yataqxana binası, idman və mədəniyyət kompleksi daxildir. Universitetdə tədrisin təşkilində İKT-dən istifadəyə xüsusi fikir verilir. Bütün binalarda qabaqcıl dünya universitetlərində olduğu kimi elektron nəzarət və idarəetmə sistemləri quraşdırılmış, elektron təhsil üçün tam infrastruktur yaradılmışdır. Mühazirə otaqları ən müasir modifikasiyalı elektron lövhələrlə təchiz edilmişdir. Universitetdə istifadə olunan 441 kompüterin hər biri internetə qoşulmuş, onlardan 343 kompüter tələbələrin ixtiyarına verilmişdir.

Bundan başqa mühazirə otaqlarında quraşdırılmış 18 elektron lövhə tədrisin yüksək səviyyədə təşkilinə xidmət edir. 2015-ci ildən başlayaraq universitetdə 100 meqabit sürətində internetdən istifadə olunur. Dünyanın qabaqcıl ali təhsil müəssisələrində olduğu kimi 2021-2022-ci tədris ilində “Naxçıvan” Universitetində STEAM layihəsi çərçivəsində eyniadlı mərkəz yaradılmışdır. Bu mərkəzin yaradılmasına aid ixtisaslar (“Kompüter mühəndisliyi”, “İnformasiya texnologiyaları”) tələbələrin nəzəri biliklərinin müasir təcrübi metodlarla daha da möhkəmləndirilməsinə, həmçinin müasir çağırışlara cavab verən yeni innovativ üsulların öyrənilməsinə xidmət edir. Universitetin Elmi kitabxanası aparıcı struktur bölmələrdən biri olub çap əsərlərini və digər informasiya daşıyıcılarını toplayıb, mühafizə edən, onların sistemli istifadəsini təşkil edən, muxtar respublikada elmi kadrların hazırlanmasında xüsusi rol oynayan elmi mərkəzdir. Kitabxananın fondunda müxtəlif dillərdə 20000-ə yaxın ədəbiyyat saxlanılır. Kitabxana həm respublika, həm də xarici ölkələrin universitet və kitabxanaları ilə beynəlxalq informasiya mübadiləsi aparır.

Universitetdə yaradılmış “Tələbə-Gənclər Təşkilatı” “tələbələr arasında könüllü prinsiplər əsasında əlaqə yaratmaq və tələbələrin ictimai həyatda fəal iştirakını təmin edərək, təşkil olunan bütün tədbirlərdə tələbə-gənclərin tam aktivliyi ilə seçilirlməsinə şərait yaradır. “Naxçıvan” Universitetində yüksək səviyyədə təşkil edilmiş və tələbələrin elmi-tədqiqat, eləcə də elmi-praktiki işinin koordinasiyasını təmin edərək, öz fəaliyyətini alim və müəllimlərin iştirakı ilə həyata keçirən tələbə birliyi – Tələbə Elmi Cəmiyyəti də fəaliyyət göstərir.

Universitetdə, Universitetin beynəlxalq mühitə inteqrasiyasına, müxtəlif universitetlərlə əlaqələrin yaradılmasına, beynəlxalq təlim və proqramlarda iştirakına şərait yaradan Beynəlxalq Əlaqələr Şöbəsi də fəaliyyət göstərir. Missiyası yeni beynəlxalq əlaqələrin qurulması və universitetin dünya standartlarına uyğun profilinin yaradılmasıdır. Beynəlxalq Əlaqələr Şöbəsi hər bir fakültə və kafedranı universitet səyiyyəsində elm, təhsil, mədəni sahələr üzrə müvafiq universitet və beynəlxalq təşkilatlarla əlaqələr və məqsədyönlü əməkdaşlıq yaratmaları məqsədi ilə koordinasiya edir, beynəlxalq əməkdaşlığın gələcək töfhələrinə dair danışıqlar aparır. “Naxçıvan” Universitetinin respublikamızın bir çox ali məktəbləri ilə yanaşı çoxsaylı xarici universitetlər və beynəlxalq qurumlarla da əməkdaşlıq müqavilələri mövcuddur. Bu əməkdaşlıqlar ortaq elmi proqramların və konfransların keçirilməsinə, müəllim, tələbə mübadilələrinin həyata keçirilməsinə müsbət təsir göstərmişdir. Hazırda Universitetin Erasmus Mübadilə Proqramı çərçivəsində Avropanın 10-dan çox Universiteti, Mövlana Mübadilə Proqramı çərçivəsində Türkiyənin 18 Universiteti ilə, eləcə də müəllim, tələbə mübadiləsini həyata keçirmək üçün Türkiyədən və Avropadan olmaqla 25 Universitet ilə sıx əməkdaşlıq əlaqələri mövcuddur. Eyni zamanda “Naxçıvan” Universiteti EURAS və KUNİB Universitet Birliklərinin üzvüdür. Hal-hazırda “Naxçıvan” Universiteti Avropa Birliyinin EQAR layihəsində iştirak edir. “Naxçıvan” Universiteti elm və təhsil mühitində, həmçinin geniş ictimaiyyət arasında da yüksək nüfuza malikdir. Universitetdə mütəxəssis hazırlığı tələbatın daha çox olduğu ixtisaslar üzrə razılaşdırılaraq aparır.

Azərbaycan Respublikasının dəyərli, qabaqcıl ali məktəblərindən biri kimi səciyyələndirilən, muxtar respublikanın əsas elm, təhsil, ictimai fikir və mədəniyyət mərkəzlərindən olan Naxçıvan Universiteti ölkəmizin ali məktəbləri arasında nüfuzu, hərtərəfli inkişafı, yüksək ixtisaslı kadrların hazırlanması sahəsindəki fəaliyyəti ilə diqqəti cəlb edərək, ali təhsil müəssisələri arasında öncül yerləri tutmuş, onun fəaliyyəti təqdir edilərək, klassik universitetlərlə müqayisə olunmuş, regionun elm və təhsil mərkəzlərindən biri kimi tanınmışdır. Universitetdə müasir standartlara cavab verən, inkişaf etmiş ali təhsil müəssisələri üçün xarakterik olan bütün struktur bölmələr yaradılmış, ilk dəfə olaraq burada müxtəlif innovativ yeniliklər tətbiq edilmiş və onların səmərəli fəaliyyəti təmin edilmişdir.

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının prezidenti cənab İ. Əliyevin apardığı uğurlu islahatlar respublikamızın beynəlxalq reytinqlərdə rəqabətqabiliyyətlilik indeksinin yüksəldilməsində mühüm rol oynayır. AMEA İqtisadiyyat İnstitutunun direktoru, i.e.d., professor Nazim Müzəffərlinin elmi rəhbərliyi ilə 2019-2021-ci illər üzrə İqtisadiyyat İnstitutunun bütün şöbələrində “Azərbaycanın sosial-iqtisadi inkişafı və beynəlxalq müqayisəli reytinqlərdə mövqeyinin daha da yaxşılaşdırılması istiqamətləri” mövzusunda elmi-tədqiqat işləri aparılmışdır.
Elmmetrik göstəricilər üzrə Azərbaycanın dünya ölkələri arasında mövqeyinin yaxşılaşdırılması məqsədi ilə elmi-tədqiqat işlərinin nəticələri dünyada iki ən önəmli indeks bazasına daxil olan Web of Science və Scopus bazasında indeksləşdirilən məqalələrin dərc edilməsi məsələləri də rəhbərlik tərəfindən qarşıya qoyulmuşdur.

Elmmetrik göstəricilərin istifadə edildiyi məsələlərdən biri də Universitetlərin beynəlxalq və ölkdaxili ranqıdır. Azərbaycan Respublikasının 10 Universitetində Web of Science bazasında indeksləşdirilən 297 məqalə çap edilmişdir. Məqalələrin sayına görə ranqlaşdırılan bu Universitetlər arasında Naxçıvan Universiteti də yer almışdır. Web of Science və Scopus bazasında indeksləşdirilən məqalələrin çap edilməsinə tələb olunan vəsait yüksək olduğundan, Naxçıvan Universitetinin rektoru, elmmetrik göstəricilər üzrə Azərbaycanın dünya ölkələri arasında mövqeyinin daha da yüksəldilməsi məqsədi ilə Universitet əməkdaşlarının Web of Science və Scopus bazasında indeksləşdirilən məqalələrin sayının artırılması üçün Universitetin əsas elmmetrik göstəricisi olan məqalə sayı digər göstəricilərə əlavə olunaraq diferensial əmək haqqı sisteminin tətbiq edilməsi kimi tədbirlərin hazırlanmasını planlaşdırmışdır ki, bu da universitet əməkdaşlarının tədris və elmi-pedoqoji fəaliyyətlərinin qiymətləndirilməsi əsasında, professor-müəlli heyyətinin sağlam rəqabət mühitinə və əməyin fərdi qadaya uyğun olaraq stimullaşdırılmasına istiqamətlənir.

Naxçıvan Mutar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun çoxcəhətli fəaliyyətində maarifçiliyə, universitet quruculuğuna xüsusi diqqət yetirilməsi nəinki ölkə daxilində, habelə onun hüdudlarından kənarlarda da yüksək səviyyədə dəyərlədirilir. Müstəqillik illərində memarı olduğu Naxçıvan Muxtar Respublikasında ali məktəblərin ən qabaqcıl dünya standartlarına uyğun qurulması, o cümlədən Naxçıvan Universitetinin böyük sürətlə inkişaf etdirilməsi bu genişmiqyaslı proqramın əsas istiqamətlərindən biri olmuşdur

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Dayanıqlı İnkişaf Məqsədlərinin icrasının institusional və siyasi baxımdan kompleks yanaşma tələb etdiyini nəzərə alaraq, Azərbaycanda daha dayanıqlı, əhatəli və şaxələndirilmiş iqtisadiyyatın inkişaf etdirilməsi, sosial sahələrin tarazlı inkişafının təmin edilməsi üçün səmərəli milli icra mexanizminin formalaşdırılmasında innovativ elmi-tədqiqat işlərinin xüsusi əhəmiyyət kəsb etməsini qeyd edərək bu sahəhəyə daim diqqət və qayğı göstərmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun muxtar respublikada ali təhsilin müasir tələblər səviyyəsində daha da inkişaf etdirilməsi məqsədilə verdiyi tövsiyə və tapşırıqlar Naxçıvan Universitetinin gələcək inkişafı üçün rəhbər prinsiplərdir. Bu prinsiplər əsasında ali təhsil ocağında informasiya texnologiyalarının ən son nailiyyətlərinin tətbiqinə səyləri gücləndirmək, elektron idarəetmə və tədris sistemindən yüksək səviyyədə fayda götürmək, kadr hazırlığında dövrün tələblərini nəzərə almaq qarşıda duran mühüm vəzifələrdir.

Ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə görülən işlər, bütün sahələrdə həyata keçirilən sosial-iqtisadi islahatlar hesabına respublikamız daha böyük uğurlar əldə edərək, dünya ölkələri arasında lider dövlətə çevrilmişdir. Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan, Qoca Şərqin Qapısı Naxçıvan Muxtar Respublikası da müasir tarixi mərəllədə öz gözəlliyi, quruculuq-abadlıq işləri, sosial-iqtisadi vəziyyıəti, elm, təhsil və mədəniyyəti ilə dinamik inkişaf edir.

Təbriz Abdulla oğlu Yadigarov,
AMEA İqtisadiyyat İnstitutunun “Qloballaşma
və beynəlxalq iqtisadi əlaqələr” şöbəsinin aparıcı elmi işçisi, iqtisad elmləri üzrə fəlsəfə doktoru

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button