GündəmSiyasət

ABŞ siyasəti – Gündəmin “soyqırımı” -TƏHLİL – Fuad Qarayev yazır…

Gündəmi silkələyən mövzulardan biri də Baydenin “erməni soyqırımı” ifadəsini işlətməsi və onu dövlət səviyyəsində səsləndirməsi oldu. Bu hadisə Beynəlxalq münasibətlər sistemində siyasi parametrləri yenidən dəyişəcəkmi?

Onu qabaqcadan qeyd edək ki, bu qərarın erkən açıqlanması və bir neçə gün əvvəldən ictimaiyyətə təqdim olunması özündə bir neçə maraqlı məqamları ehtiva edir. Rusiya – ABŞ münasibətlərinə nəzər salsaq, Ukraynada baş verən olaylardan sonra Bayden Administrasiyası kifayət qədər çətin rəqiblə kəllə-kəlləyə gəldiyini anladı.

Rusiya ilə başa-baş regionda olan proseslərə ciddi təsir göstərən və olduqca siyasi ağırlığı olan Türkiyə kimi dövlətə qarşı belə bir Beynəlxalq səviyyəli qərar qəbul etmək elə yeni siyasi və diplomatik mübarizənin başlanğıcını qoymaq demək idi.

Bəzi ciddi məqamların gözə alınması məhz əvvəldən bu qərarın dünya mətbuatına yayımlanmasına şərait yaratdı. Bir növ Türkiyənin nəbzini yoxlamaq və qarşılığında hansı reaksiyanın olacağını bilmək vacib məsələ idi.

Bu addım Türkiyə cəmiyyətində qınanılsa da, dövlət səviyyəsində cəmi bir telefon danışığı baş tutdu. Bayden və Ərdağan arasında olan bu söhbət Ankaradan Vaşinqtona pərdəarxası təlimatın, məsələyə münasibətin sonuncu göndəriş formatı oldu. Bu danışığın nəticəsi, sabahı gün bəyan edilən “soyqırım aktının” ifadəsində öz əksini tapdı.
Hüquqi sənəd kimi qəbul olunmasa da, “Erməni soyqırımının” pislənilməsi, vəhşilik adlandırılması ən birinci Türkiyəyə qarşı tarixi ittihamdır və alternativ şərh variantı yoxdur!

Bu “qırğının” təbliğatı dünya ictimaiyyətinə saxtalaşdırılmış süni tarixi fakt adı altında “türk vəhşiliyinin” göstərilməsi, eləcə də, türk milli dəyərlərinin aşağılanmasıdır.
Bu “kartdan” sadəcə Prezident seçkilərində manipulyasiya məqsədi ilə istifadə edib, daha unikal şərait yaranana qədər müvəqqəti təxirə salmaq olmazdımı?
Yəni, ABŞ-da erməni lobbisi bu qədərmi risklidir?!
Görünür ki, bəli…
Diplomatik pozuntuların olması potensial Türkiyə – Rusiya yaxınlaşmasını gözlənilən edir.
Amma, əslində, Çinlə və Rusiya ilə münasibətlərin gərgin olduğu bir vaxtda Türkiyə ilə də qırılma nöqtəsi hər şeyin sonu demək deyildir. Düzdür, bu iki dövlət arasında soyuqluq müşahidə olunacaq, amma NATO vasitəçiliyi buna tam zəmanət vermir.

Qeyd edək ki, həm ABŞ iqtidarının mövcud siyasi kursuna görə, həm də hazırkı siyasi şəraiti nəzərə alsaq Türkiyə Rusiyadan daha yaxın strateji müttəfiqdir. O cümlədən, Türkiyənin NATO-da aparıcı dövlətlərdən biri olması tamamilə, ABŞ – Türkiyə əlaqələrinin kəsilməsini labüd etmir.

Bu məsələ hazırda dərin siyasi böhran keçirən Ermənistana necə təsir göstərəcək?!

Baydenin bəyənatdan saatlar sonra Ermənistanın Baş Naziri Nikol Paşinyan öz vəzifəsindən istefa verdiyini elan etdi. Bu xəbər gözlənilən idi, amma daha “ürəkaçan vəziyyətin sədaları altında” bunu etmək qarşıdakı seçkilərdə Paşinyana siyasi dividend qazandıracaq. Bu üstünlük bunu deməyə əsas verəcək ki, “erməni soyqırımının” tanınması Paşinyanın hakimiyyəti dövründə oldu.

Ümumilikdə, bu proseslər ABŞ-da siyasi və iqtisadi durğunluğun yaranmasına gətirib çıxaracaq desək, yanılmarıq. İstənilən halda, hadisələrin hansı məcrada inkişaf etdiyini öz gözlərimizlə görəcəyik.

Şərhçi Fuad Qarayev

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 5]

Back to top button