Köşə

Arada heç olmasa yuxularımıza gəl Taleh…

Ölüm cavanlaşdığı qədər də adiləşib.Mən belə düşünürəm. Dünya Tanrının bir OL-uyla yarandığı gündən Adəm övladı doğulduğu gündən qəbr evinə doğru gedir.

Niyə?

Niyəsini də Tanrı bilir…

Amma bu arada özümə də maraqlıdır Tanrı niyə bizə bu dünyayla o dünya arasında yaşamağa müvəqqəti vaxt verir?…

Yenə Tanrı bilər…

Ötən ayın sonlarında “Qafqaz-Media” İctimai Birliyinin sədri, həkim, publisist-şair,jurnalist, Prezident təqaüdçüsü Azadə Hüseynovanın oğlu Taleh Hüseynov qəfil ürək tutmasından bu dünyadan nakam köçdü.

Üç yaşlı Zenfira-Memi qızını atasız qoyub gedən Taleh,anası Azadə xanımı da yarı yolda qoydu.Özü də gözüyaşlı.

Taleh Hüseynovu tanıyan hər kəs onun qəfil ölümünə çox üzüldü .Taleh Allahın xoşbəxt bəndələrində idi ki, hələ sağlığında ikən ürəklərdə özünə yuva qura bilmişdi. “Adam var evdən gedər, adam var eldən” deyimi də məhz Taleh kimi insanlar üçün deyilib.

Bilgi üçün qeyd edək ki,Taleh Cavanşir oğlu 16 noyabr 1988-ci ildə Bakıda İçəri Şəhərdə anadan olub. Gəncə şəhərində İsmət Qayıbov adına orta məktəbdə və Gəncə Türk Liseyində təhsil alıb .

Türkiyənin paytaxtı Ankarada, Ankara Universitetinin hüquq fakültəsində,sonralar isə Azərbaycan İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsinin Beynəlxalq əlaqələr bölməsini bitirib,diplomat kimi fəaliyyətə başlayıb,eyni zamanda “Qafqaz-Media”İctimai Birliyinin Gənclər şöbəsinə rəhbərlik edirdi.

Taleh müqəddəs Həcc və Məşəd ziyarətlərində olub.

Gənc və istedadlı Taleh dövrü mətbuatda mütamadi olaraq çap olunurdu.Özü kimi məqalələriylə də oxucuların diqqətini cəlb etmişdi.

Taleh Hüseynov publisistik məqalələrinə görə daimi Jurnalist təşkilatlarından müxtəllif mükafatlar, fəxri fərmanlara layiq görülüb. Dedektiv janrda qələmə aldığı “Məhv Olmuş Həyat” adlı povesti tezliklə ölümündən sonra işıq üzü görəcək.

Tanrı Talehə daha bir istedad vermişdi.O həm də gözəl rəssam idi.İlk rəsm əsərlərindən ibarət bukleti on bir yaşında ikən çap olunub.

Yüzdən çox əsərinin təqdimatı Gürcüstanda, İsraildə, Almaniyada, Bakıda, Gəncədə keçirilib. Bir ay öncə yağlı boya ilə çəkdiyi son rəsm əsərinə isə “Qaranlıqdan işıq doğacaq” adı verib.Taleh rənglərlə çox əsərlər yaratmışdı.Bircə ölümün tablosunu çəkə bilməmişdi.
Ailənin yeganə övladı olan Taleh 19 iyul 2020-ci ildə qəfil ürək tutmasından dünyasını dəyişdi.

Dostları ilə gəzintidə olan zaman anası Azadə xanımla telefon bağlantısından sonra son anda “oy ürəyimdə nəsə qırıldı,anamdan muğayat olun” söyləyən Taleh bu enişli-yoxuşlu dünyada iki saniyənin içində həyatla vidalaşır.

Həmən andan Taleh bir göz qırpımında,işıq, ildırım sürətiylə Tanrının görüşünə getdi.

Qələmini,fırçasını bu dünyaya bağışlayıb Tanrıyla görüşə gedən Taleh, bu dünyadan vaxtsız köçən Cavanşir müəllimlə, nənə-babasıyla, yaxınlarıyla da buluşacaq.

Çox hörmətli şairimiz Vaqif Bayatılı Ödərin təbirincə desək :

Allah ətəyinə aşan an
hamı hamıdan körpə,
hamı hamıdan qoca,
hamı hamıdan cavan,
hamı hamıdan uca

Bu fikirlərimi hansı hiss-həyacanla yazdım onu da bu yerin-göyün sahibi bilir.

Ümumiyyətlə dünyada insana,yaradıcı adama ən əzab verən ölümdən sonrakı yazılan yazıdır.Adını nə qoysaq da bu yazı adamın bütün qaysaq basmış yaraları kimi incidir.Haqq dünyasında yerin-yurdun mübarək olsun.

Bir də onu deyim ki,Azadə xanım sənin uyuduğun torpağı öpdüyü şəkilləri gördüm.Nitqim qurudu.Tam bu dünyayla da əlaqəni kəsmə.Arada heç olmasa yuxularımıza gəl…

Turan Etibaroğlu

Analoq.az

Daha çox
Back to top button
Close