Şikayət

“EGE Hospital” klinikasında qanlı cinayət — Şok təfərrüat

Bakıda xəstəxanada dava salmaqda ittiham olunan 1973-cü il təvəllüdlü Telman Rzayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Telman Rzayev arvadının zərərçəkmiş Zahid Şahməmmədov ilə münasibətinin olmasından şübhə edib. O, əvvəlcədən planlaşdırmış şəkildə yaşadığı evdən götürdüyü bıçaqla silahlanaraq Nərimanov rayonunda yerləşən “EGE Hospital” xəstəxanasının arxa giriş hissəsinin qarşısına gəlib.

Daha sonra Telman Rzayev orada Zahid Şahməmmədova yaxınlaşıb və heç bir əsaslı səbəb olmadan üzərində gəzdirdiyi silah qismində istifadə etdiyi bıçaqla onun bədənini müxtəlif nahiyələrinə 9 zərbə vurub.

Hadisə zamanı Telman Rzayev xuliqanlıq hərəkətləri edib, ərazidə olan insanların rahatlığını pozan xuliqanlıq hərəkətləri göstərib.

İstintaq orqanı tərəfindən Telman Rzayevin barəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Telman Rzayev elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O, qeyd edib ki, hadisə baş verməmişdən əvvəlki gün “EGE” Hospitalın qarşısında olub: “Bu zaman arvadımım bir nəfər tanımadığım kişi ilə avtobus dayanacağına getdiklərini, orada bir qədər durduqdan sonra arvadımın avtobusa minib evə getdiyini, lakin həmin şəxsin dayanacaqda dayanmış vəziyyətdə olduğunu gördüm. Onun dəqiq üzünə baxmaq üçün həmin şəxsin yanına getdim, ona baxdım. Sonra bildim ki, həmin şəxsin adı Zahidir və “EGE” Hospitalda sürücü işləyir”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, bundan sonra həmin gün evdə arvadından işdən çıxandan sonra dayanacağa kimi onu ötürən kişinin kim olmasını soruşub: “Lakin arvqadım mənə həmin kişini tanımadığını bildirdi. Ona həmin vaxt həmin kişi ilə söhbət etdiyini, birlikdə piyada yol getdiklərini, özümün də orada olduğumu və gördüyümü dedim. Arvadım həmin şəxsi qismən tanıdığını birlikdə işlədiklərini dedi”.

Telman Rzayevin sözlərinə görə, hadisə baş verən günü səhər yaşadığı evdən gəlib “EGE” Hospitalın qarşısında dayanıb, Zahidi gözləyib: “Həmin vaxt oğlum Şamil də orada idi. Zahidi oğlum Şamilin vasitəsi ilə yanıma çağırdım. Daha sonra söhbət etmək üçün “EGE” Hospitalın arxa giriş qapısının qarşısına keçdim. Ora keçdikdən sonra Zahidə iki gün əvvəl arvadımın yanında nə etdiyini, birlikdə nədən söhbət etdiyini soruşdum. Bu zaman o həyacanlı şəkildə ilk əvvəl belə bir halın olmadığını, sonradan isə iş yoldaşı kimi söhbət etdiyini deyəndə əsəbiləşdim. Həmin gün səhər evdən çıxan zaman götürdüyüm açılıb-qatlanan cib bıçağını açılı vəziyyətdə şalvarının sağ cibindən çıxardım, qəfildən Zahidin müxtəlif yəni ciddi xəsarət almaması üçün bərk nahiyyələrindən, qol, bel və yan hissələrindən bir neçə zəif zərbələr endirdim. Sonra kənara çəkildim. Həmin hadisə zamanı oğlum Şamil də orada idi. Daha sonra Şamil məni sakitləşdirərək oradan yola saldı. Mən də bıçağı özüm ilə cibinə qoyub yoldan keçən tanımadığı, nömrəsi və ya markası yadımda qalmayan avtomobil ilə yaşadığım Bakı şəhəri Binəqədi rayonu Çiçək qəsəbəsində yerləşən evimə gəldim. Üzərimdə olan geyimlərimi dəyişdim, suya ataraq təmiz paltarlar geyindim. Sonra yaxınlıqda yerləşən Abşeron rayon Polis İdarəsinə gedərək törətdiyim cinayət əməlini etiraf etdim”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Zahid Şahməmmədov bildirib ki, hadisə baş verən günü “EGE” Hospitalına işə gəlib: “Bir neçə dəqiqə sonra hospitalın həyətində durduğum vaxt hospitalın həyətinin qarşısında dayanmış Şamil məni yanına çağırdı. Həmin vaxt Şamilin yanında əvvəl tanımadığım sonradan mənə məlum olduğuna görə Şamilin atası təqsirləndirilən şəxs olub. Onların yanına getdim. Orada bir qədər adamların olmadığı yerə çəkildik. Orada salamlaşanda Telman “sən mənim arvadımla dayanacaqda niyə durmusan?, – deyə soruşdu. İlk əvvəl başa düşmədim, sonradan Telmanın Rəhimənin əri olduğunu və qısqanclıq zəmində mənə sual etdiyini başa düşdüm. Ona işdən çıxandan sonra iş yerimin yaxınlığında avtobus dayanacağında dayanıb avtobus gözləyərkən Rəhimə ilə rastlaşdığımı, Rəhimə ilə aramızda heç bir münasibəti olmadığını, iş yoldaşım olduğunu izah etməyə çalışdım. Hətta oğlu Şamilin də onlarla birlikdə işlədiyini, onu tanıdığımı dedim. Şamil də utana-utana məni tanıdığını, sadəcə atasının dəqiqləşdirmə aparmaq istədiyini dedi. Telmana “ayıb olduğunu” dedim, çönüb getmək istəyəndə Telman qəfildən arxadan bıçaqla bel nahiyəmə bir dəfə vurdu. Bunu gözləmədiyimdən çönüb Telmana tərəf gedərək onu saxlamaq istədim, Telman bıçaqla bir neçə dəfə də sinə, qol və digər nahiyələrimə vurdu. Həmin vaxt Şamil atasını sakitləşdirməyə çalışdı, köməyə adam çağırmaq üçün getdi. Telman isə məni bir neçə dəfə bıçaqla vurduqdan sonra hadisə yerindən getdi”.

Qeyd edək ki, adı cinayət işində hallanan qadın “EGE Hospital” klinikasında tibb bacısı işləyib.

Nərimanov rayon Məhkəməsinin hökmü ilə Telman Rzayevin əməli Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin məcəllənin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsinə tövsif edilib.

Hökmə əsasən, Telman Rzayev 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.Demokrat.az

Daha çox
Back to top button
Close