Siyasət

Makrona və başqa məkrli ermənipərəstlərə möhtəşəm cavab – Yazı

Tarixin səhifələrini bu günlərdə yenidən vərəqləyəndə görürük ki, hazırkı Fransa hakimiyyətinin də Ermənistan kimi xislətində naqislik var.

Əlcəzair öz müstəqilliyini qazanana qədər Fransa onları fransızlaşdırmaq üçün sərt bir assimilyasiya prosesi gerçəkləşdirmişdi. Bu müddət ərzində barbar dövlət olduğunu sübut eləmişdi. 1830-cu ildə Fransa Əlcəzairi işğal etdikdən 124 il sonra – 1954-1962-ci illərdə Əlcəzair azadlıq mübarizəsi apardı və bu azadlıq hərəkatı illərində 1 milyon Əlcəzair vətəndaşının həyatına son qoyuldu. Görün Fransanın bu addımı 1992-ci ildə ermənilərin Qarabağda törətdiyi qırğınla necə də uzlaşır. O nöqteyi-nəzərdən bu gün Fransanın Ermənistana dəstəyi bizi çox da təəccübləndirmədi. Fransa hökuməti Xocalı soyqırımını tanımır. Bu, bizə işarə idi ki, nə vaxtsa döyüş başlasa, Fransanın mövqeyi düşmən tərəfə yönələcək.

Fransa başçısı E.Makronun Azərbaycana qarşı əks mövqeyinin bir səbəbi də onun qatı antiislamçı olmasıdır. Oktyabrın 2-də Fransa prezidenti İslam dini haqqında və müsəlman ölkələrinin geriliyi barədə çıxışında biabırçı fikirlər söyləyib: “İslam dini təkcə bizim ölkədə deyil, bütün dünyada böhran içərisində olan dindir. İslam ölkələrinə baxın, bir çoxunda təhsil belə yoxdur, bir çox ölkələrdə təhsil müəssisələri belə problem içərisindədir”.

Belə bir siyasətçinin demokratiyadan, ədalətdən danışması gülüş doğurur. Makronun özü dinin idarəçilikdən kənarda olmalı olduğundan danışır, amma dini mövqeyinə görə Azərbaycana rəqib dövlətlər sırasında dayanır.

O, “sarı mətbuat xəbərləri”nə istinad edirsə, diplomatik savadı və idarəçilik prinsipləri şübhə altına düşür. Sadaladığım və daha bir çox faktlar E.Makronun necə zəif siyasətçi olduğunun bariz nümunəsidir.

Görünür, Makron Fransa ermənilərini ələ almağa çalışır ki, seçkilərdə namizəd kimi yalnız ona səs versinlər. Amma Makron unudur ki, Fransada 70 min nəfərə yaxın azərbaycanlı yaşayır. Makronun bu planı özünə qarşı yönələ bilər.

Ancaq Fransa hökumətinin ermənilərə tərəf çıxmasında başqa məqsədlər də var. Bir növ, bu məsələdə Türkiyə ilə problemləri olan dövlətlərin əlinə fürsət düşüb sanki. Təsadüfi deyil ki, Nikol Paşinyan Rusiyanı məsələyə cəlb etmək üçün öz çıxışlarında Türkiyənin Azərbaycana dəstəyini qabardır. O, bu yolla Rusiyanı qıcıqlandırıb ermənilərin xeyrinə məsələyə qarışmağa təhrik edir.

ATƏT-in Minsk qrupunun yaranma məqsədi Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq idi. Tərəflərin hansınasa meyllənmək və yaxud yaranmış münaqişə vəziyyətində tərəflərin hansınasa dəstək vermək, münasibət balanslığını pozmaq birbaşa ATƏT-in mandatına ziddir. E.Makron isə açıq-aşkar müharibə vəziyyətində Ermənistana öz dəstəyini göstərdi. Bu səbəbdən Dağlıq Qarabağın azərbaycanlı icması Fransanı, rəsmi olaraq, ATƏT-in Minsk qrupunun həmsədri kimi tanımadığını bəyan etdi. İcmanın bu mövqeyi birbaşa Azərbaycan hökumətinin və Azərbaycan xalqının mövqeyidir. Ümumiyyətlə, ATƏT-in hal-hazırda missiyası dondurlmuş vəziyyətdədir. Onun edə biləcəyi bir şey var ki, onlar Ermənistanı Azərbaycanın sülh şərtlərini qəbul etməyə razı salsın. Əgər bir qurumun məqsədi yalnız sülhün bərqərar olmağıdırsa, həmin qurum bu vəziyyətdə yalnız ədalətin bərpası üçün, yəni Ermənistanın sülh şərtləti ilə razılaşması üçün səy göstərməlidir. Halbuki ATƏT-in Minsk qrupu 28 ildə məsələnin həlli üçün heç nə etməyib!

Bilirik ki, bu günlərdə Prezident İlham Əliyevə zəng edən Makron tezliklə atəşkəsin bərpa edilməsinə, danışıqların aparılmasına çağırıb. Cənab İlham Əliyev isə ona yaranmış vəziyyətlə bağlı Ermənistanın məsuliyyət daşıdığını bildirib, Azərbaycandakı yaşayış məskənlərinin ağır artilleriya atəşinə tutulması nəticəsində mülki vətəndaşların yaralandığını və həlak olduğunu, yüzlərlə evin dağıdıldığını bildirib. Vurğulayıb ki, Azərbaycan sadəcə öz torpaqlarını işğaldan azad edir. Və bu, təkcə Makrona yox, digər ermənipərəstlərə də tutarlı cavabdır. Bu telefon zəngi bir daha Ermənistana və ermənipərəst dövlətlərə sübut elədi ki, Azərbaycan prezidenti Qarabağla bağlı qətiyyətindən dönməyəcək və yalnız ermənilər Qarabağı tərk edəcəyi halda danışıqlar mümkün olacaq. Prezident İlham Əliyevin “Əl-Ərəbiyə” televiziya kanalına müsahibəsindən Fransa hökumətinə verdiyi cavab da Azərbaycan xalqının ürəyindən tikan çıxardı. Bu cavab ilin ən möhtəşəm cavabıdır: “Əgər Fransa Dağlıq Qarabağ üçün öz müqəddəratını təyinetmə istəyirsə, qoy onlar, demək olar ki, sakinlərinin yarısı ermənilərdən ibarət olan Marsel şəhərini onlara versinlər və onlara Dağlıq Qarabağ respublikası elan etməyə icazə versinlər və qoy onlara müstəqillik versinlər”.525.az
Nadir RZALI
Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button