Gündəm

Partiya sədri Razi Nurullayevin bayram TƏBRİKİ

MCP sədri, millət vəkili Razi Nurullayevin bayram təbrik edib. Analoq.az həmin təbriki olduğu kimi təqdim edir :


“Əziz millətim!

Həm öz, həm də Milli Cəbhə Partiyası – MCP adından hər birinizi Dünya Azərbaycanlıları Həmrəylik günü, həm də bu gecə qədəm qoyacağımız 2022-ci il münasibətilə hamınızı təbrik edir, əmin-amanlıq və gözəlliklər arzulayıram.

Biz hamımız arzu edirik ki, ay Allah qoy bu il həyatımızda gözəl, məşəqqətsiz il olsun. Onun üçün də hər birinizə gözəl, dərddən-qəmdən uzaq bir il arzulayıram. Xalqımız çox zülmlər, əziyyətlər çəkib və hamımız ümid edirik və inanırıq ki, daha hər il, Inşallah bundan sonra daha yaxşı olacaq, insanların sosial dolanışığı artacaq.

Mən və təmsil etdiyim MCP buna inanır və çalışır. Xeyli taleyüklü məsələlər arxada qalıb, işğalda olan ərazilər qaytarılıb, Qarabağda quruculuq işləri gedir. Inşallah bu ilin ortalarından yüz minlərlə yüksək məbləğli yeni iş yerləri yaradılacaq və hər bir kəs də öz istəyi ilə gedib Qarabağı da görə biləcək.
Artıq xeyli ərazi minalardan təmizlənib və bu imkan verir ki, Qarabağa vətəndaş səfərləri təşkil olunsun. Bildiyim budur ki, yanvarın ortalarından Qarabağa səfər edə bilərsiniz. Gözünüz aydın!

Biz bu gün siyasi mübarizə aparırıq və məqsədimiz xalqa fərqli siyasi, sosial-iqtisadi və mədəni platforma təqdim etməkdir. Ölkədə demokratiyanın inkişafı, fikir müxtəlifliyinin çoxluğu inkişafa aparan meyardır və bunu daha üst səviyyədə təmin etmək vacibdir.

Bizim həm də mədəni inqilaba ehtiyacımız var. Bu mədəni inqilab isə hər bir kiçik kənddə belə kiçik yaşlarından gözəl təhsil verə bilən, kiçik yaşlarından dünyagörüşü formalaşdıran uşaq baxçalarının olmasıdır. Təhsilin daha üst səviyyəyə qalxması, hər bir vətəndaşın savadlılıq səviyyəsinin artmasıdır. Dünyanı xilas edən, xariqələr yaradan və insanlara yaxşı həyat bəxş edən təhsildir. Bu məsələdə isə doğru yol ilə getsək də tempimiz çox zəifdir və onilliklər lazımdır ki, orta Avropa səviyyəsinə çataq.

Mədəni inqilab ona görə lazımdır ki, biz vətəndaşlarımızı xalqa sevgi, torpağa bağlılıq, əsl vətənpərvərlik və ümumən ölkəmizə təmənnasız sevgi üzərində tərbiyə edə bilək. Bu gün ölkəmizdə rüşvətxor da var, oğru da, hətta satqın da, cahil də, ölkəmizi uçuruma sürükləyən də, xalqımızı başqa millətlərin quluna çevirmək istəyən də, dini cahilliyə sürükləyən də, hətta Talibana bənzər idarə sistemi qurmaq istəyənlər də var. Bu gün ölkəmizdə xeyli yetim haqqı yeyən, acından ölənin başının altını axtaran da var, siyasi dəllallıq, siyasi səbatsızlıq, ancaq öz cibini, özünü düşünənlər və qeyri-səmimi böyük danışanlar da var, özünə böyük lider deyənlər də var, vəzifəsini özünə cah-cəlal yaratmaq, qeyri-qanuni yollarla varlanmaq yolunu tutanlar da var. Bunların sayı isə, mox əfsus ki, çoxdur və məni narahat edən də budur. Onun üçün də milləti silkələyəcək bir mədəni inqilaba ehtiyac var.

Mədəni inqilab həm də onun üçün lazımdır ki, bu millətin içindən yetişən və mənəviyyatını itirənləri, ağzını söyüşlə açıb, söyüşlə yumanları, insanların şəxsi həyatına başını soxanların məcazi mənada başını kəsib ataq. Bu cür insanların vətən sevgisi yoxdur, onlar təmanna, nə və kim üçünsə sevirlər.

Əsas olan xalqı, torpağı, vətəni təmənnasız və ilkin şərtsiz sevməkdir. Biz kim üçünsə, nə üçünsə xalqı, vətəni, torpağı sevmirik. Bizlər öz vicdanımız və vətəndaşlıq borcu qarşısında məsuliyyət daşıyır və onun prinsipləri ilə addım atırıq.

Hər birinizə möhkəm cansağlığı, işlərinizdə nailiyyətlər, şəxsi həyatınızda xöşbəxtlik, əmin-amanlıq, ailə səadəti, nəvə sevinci arzulayıram.

Həmrəylik gününüz və 2022 Yeni İliniz mübarək!”

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button