Cəmiyyət

İnsan alverinin qarşısının alınmasında gənclərin hansı rolu ola bilər? – MÜZAKİRƏ

Bu gün Hüquqi və Demokratik İslahatlar Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə keçirdiyi “İnsan alverinə qarşı mübarizədə vətəndaş həmrəyliyinin artırılması” layihəsi çərçivəsində növbəti tədbirini Bakı Slavyan Universitetində keçirib.

Analoq.az xəbər verir ki, universitetdə təşkil olunan tədbirdə müəllim və tələbələrlə yanaşı jurnalistlər, sosioloqlar və ictimai fəallar da iştirak edib. Layihə çərçivəsində təşkil olunan “İnsan alverinə qarşı mübarizədə gənclərin maarifləndirilməsi” adlı tədbiri layihə rəhbəri İlham Əliyev açaraq, bu mövzunun aktual olduğunu və bu sahədə maarifləndirmənin vacibliyini bildirdi: “Xüsusən də, gənclərin, tələbələrin bu sahədə maarifləndirilməsi və məlumatlandırılması belə halların qarşısının alınmasında əsas vasitələrdən biridir. Bu səbəbdən də təşkilatımız əlindən gələni etməyə çalışır ki, bu problemin həllinə öz töhfəmizi verə bilək”.

HDİM sədri bu sahədə beynəlxalq və yerli statistikanı açıqlayaraq problemə diqqətin artırılmasına ehtiyac olduğunu dedi və belə cinayətkar şəbəkələrin toruna düşməmək üçün öz tövsiyyələrini verdi.

Tədbirdə çıxış edən layihənin eksperti, sosioloq Elçin Bayramlı bildirib ki, dövlət insan hüquq və azadlıqları sahəsində ardıcıl tədbirlər görüb, qanunlar qəbul edib, islahatlar aparsa da bu sahədə ağrılı problemlər hələ də qalmaqdadır: “İnsan hüquq və azadlıqları üçün ən böyük problemlərdən olan yoxsulluq, müharibələr, iqtisadi böhranlar insan alveri münbit şəraitin yaranmasına səbəb olub və cinayətkar qruplar üçün geniş imkanlar yaradır. Azərbaycanda insan alveri hallarına görə vəziyyət qənaətbəxş olsa da, bu sahədə mövcud problemlərin həlli mümkün olmayıb. Mənəvi-əıxlaqi deqradasiyadan və sosial problemlərdən əziyyət çəkən qruplar bu şəbəkələr üçün potensial qurbandır. Digər tərəfdən də, bəzi yad ünsürlər tərəfindən Azərbaycan ailə dəyərlərinə, milli adət-ənənələrinə zidd olan təbliğatların aparılması belə qurbanların sayını artırır”.

Ekspert vurğuladı ki, insan alverinin qurbanları əsasən qadınlar və gənclər olur, ona görə də onların bu haqda daha çox məlumat alması və maariflənməsi vacibdir.

Daha sonra Slavyan Universitetinin müəllimi Əli Süleymanov çıxış etdi. Natiq problemin səbəbləri və insan alveri qurbanı olmağa aparan yollar haqda məlumat verdi də qeyd etdi ki, belə hallar həm mənəvi-əxlaqi, həm də sosial problemlərdən qaynaqlana bilir.

Tədbirdə universitetin fəal tələbələrindən olan Fatimə Rəsulova, Kənan Bağırlı, Nigar Səfərli, Sənan Şükürov, Nilgün Şümalova və başqaları ekspertlərə suallarını ünvanlayıb, mövzu ilə bağlı fikirlərini bildiriblər. Mövzu ətrafında geniş müzakirələr aparılıb, problemin səbəbləri, nəticələri, qarşısını almaq yolları ətraflı təhlil olunub. Ümumi fikir belə olub ki, Azərbaycanda milli mənəvi dəyərlərə söykənən inkişaf yolu qorunmalı, bu kimi problemlərin qarşısının alınmasında və həllində cəmiyyət və dövlət birgə səylər göstərməlidir.

Tədbirdə layihə mövzusunda hazırlanmış bukletlər paylanılıb.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button