Cəmiyyət

Milli Qəhrəman Polad Həşimovun doğum günüdür

Polad Həşimov 2 yanvar 1975-ci ildə Qəbələ rayonunun Vəndam kəndində doğulmuş, ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçmüşlər. Orta təhsilini Sumqayıt şəhərində əvvəlcə 28 nömrəli sonra isə 34 nömrəli məktəbdə alıb. Polad Həşimov Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirib. O, ailəli idi, 2 oğul və 1 qız atası idi.
Polad Həşimov 2003-cü ildə mayor qismində Prezident Heydər Əliyevin Sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilmişdir.6 il sonra, 2009-cu ildə isə o, artıq polkovnik-leytenant qismində Prezident İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif olunur.

2014-cü il iyunun 25-də III dərəcəli Vətənə xidmətə görə ordeni ilə təltif edilən Polad Həşimov, 2016-cı ilin Aprel döyüşlərində göstərdiyi 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə mükafatlandırılır. Həşimov, 2016-cı ilin 2-4 aprelində cəbhə boyu baş verən döyüşlər zamanı Talış qəsəbəsi uğrunda gedən döyüşləri aparan 1-ci Ordu Korpusunun Qərargah rəisi olub və döyüş vaxtı yaralanıb.

2019-cu il iyunun 25-də Polad Həşimova general-mayor ali hərbi rütbəsi verilir.[8] Həşimov daha sonra Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun Qərargah rəisi təyin olunur. General-mayor 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olur.Bununla da, Polad Həşimov İsmət Qayıbov və Məhəmməd Əsədovdan sonra, 1988-ci ildən etibarən başlayan Qarabağ müharibəsində şəhid olan üçüncü Azərbaycan generalı oldu.

İyulun 14-də general-mayor Polad Həşimovun nəşi əvvəlcə doğulduğu Qəbələ rayonunun Vəndam qəsəbəsinə, sonra isə yaşadığı Sumqayıt şəhərinə gətirildi. General iyulun 15-də II Fəxri Xiyabanda, polkovnik İlqar Mirzəyev ilə yanaşı dəfn olundu. Vida mərasimində müdafiə naziri Zakir Həsənov, müdafiə nazirinin müavini Ramiz Tahirov, Baş Qərargah rəisi Nəcməddin Sadıkov, Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdir müavini Yaşar Əliyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov iştirak edib.

9 dekabr 2020-ci il tarixində Prezident İlham Əliyevin sərəncamı ilə Milli Qəhrəman adı verildi.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Daha çox
Back to top button