Manşet

Vüqar Bayramov: “Bank sektorunda güzəştlər ilin sonunadək uzadılıb”

Pandemiyadan təsirlənmiş fiziki şəxslər və sahibkarlıq subyektlərinin maraqlarının qorunması və dəstəklənməsi tədbirlərinin müddəti artırılıb

Pandemiya səbəbindən bank sektorunda tətbiq olunan bir sıra requlyativ dəstək tədbirlərinin tətbiqi bu ilin sonunadək uzadılıb. Bununla bağlı Mərkəzi Bankın İdarə Heyəti qərar qəbul edib.
Mərkəzi Bankın açıqlamasına görə, iqtisadiyyatın müxtəlif sahələri üzrə tətbiq edilmiş məhdudiyyət rejiminin yumşaldılması fonunda və iqtisadi aktivliyin tədricən bərpa edilməsi şəraitində Mərkəzi Bankının İdarə Heyətinin 30 sentyabr 2021-ci il tarixli 26 nömrəli qərarına əsasən requlyativ dəstək tədbirlərinə yenidən baxılmış, ölkədə pandemiya şəraitinin davam etdiyi nəzərə alınaraq pandemiyadan təsirlənmiş fiziki şəxslər və sahibkarlıq subyektlərinin maraqlarının qorunması və dəstəklənməsi tədbirlərinin müddəti bir daha uzadılmışdır.
Bankın açıqlamasına görə, belə ki, kredit öhdəliklərinin gecikdirilməsi halında borcalanlardan əlavə cərimə faizi, dəbbə pulu və digər cərimələrin hesablanmaması, borcalanların kredit öhdəlikləri üzrə gecikmələrlə bağlı onların kredit tarixçələrinin pisləşdirilməməsi barədə kredit təşkilatlarına verilmiş tövsiyələr əlavə olaraq 3 ay müddətinə uzadılmış və 01 yanvar 2022-ci il tarixinədək qüvvədə saxlanılmışdır.
Mərkəzi Bank bəyan edib ki, maliyyə sektorunun cari vəziyyəti, sektorun maliyyə dayanıqlığı üzrə aparılmış qiymətləndirmə nəticələri, habelə beynəlxalq maliyyə təşkilatlarının tövsiyələri nəzərə alınmaqla requlyativ dəstək rejimini davamlı olaraq dəqiqləşdirilir və adekvat siyasət qərarları qəbul edilir.
Qərarın sadə dildə izahatı o deməkdir ki, Mərkəzi Bank pandemiya səbəbindən yubanmalar qeydə alındığı halda borcalanlardan əlavə cərimə faizi, dəbbə pulu və digər cərimələrin hesablanmaması və kredit tarixçəsinin pisləşdirilməməsini tövsiyyə edir. Mərkəzi Bank tərəfindən güzəşt müddətlərinin uzadılması təqdirə layiq haldır.
Qeyd edim ki, Milli Məclisin yaz sessiyasında pandemiya ilə yanaşı 2015-ci ildə baş verən devalvasiya səbəbindən kredit ödənişlərində yubanmaları olanların kredit tarixçəsinin pisləşdirilməməsini, yəni onların adların ictimaiyyət arasında “qara siyahı” adlandırılan siyahıya salınmamasını da təklif etmişdim.

Vüqar Bayramov, millət vəkili

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button