Aktual

“İndi nə deyirsiniz, “iki barmaq” işarəsi tutub bozqurd olmalıyıq, “Auuu” eləməliyik, yoxsa…”

İndi nə deyirsiniz, “iki barmaq” işarəsi tutub bozqurd olmalıyıq, “Auuuu” eləməliyik, yoxsa daha ağıllı və praqmatik olmağa məcburuq?

Hazırda Avropanın təbii qaza olan tələbatının 50%-ni Rusiya ödəyir. Əgər “Şimal axını -2” layihəsi işə düşərsə, Avropa tamamilə Rusiyadan asılı vəziyyətə düşə bilər. İstisnalar da var. Məsələn, Böyük Britaniyanın qaz tələbatının yalnız 5%-i Rusiyanın payına düşür. “Şimal axını – 2” layihəsi Rusiya sahillərindən Baltik dənizinin dibi ilə Almaniyaya qaz ixracını iki dəfə artırmaq üçün nəzərdə tutur.

2014-cü ildə Krım Rusiyaya ilhaq ediləndə Almaniya neft və qazının 30%-dən çoxunu Rusiyadan alırdı. 10 il öncə Rusiya-Avropa İttifaqı ticarəti 275 milyarda çatırdı. Bu, ABŞ-Rusiya ticarətindən dəfələrlə böyük göstərici idi.

Məhz Krım amilinə görə, Qərb sanksiyalara başladı, Rusiya və Ukraynada 21 şəxsə qarşı sanksiya tətbiq etdi, eləcə də Putinin yaxın şəxslərə məxsus podrtaçı şirkətlərə texniki avadanlıqların satılmasını qadağan etmiş oldu. Ancaq üstündən 8 il vaxt keçib və Avropa bu gün də Rusiyadan asılılığını aradan qaldıra bilməyib.

Əgər “Şimal axını – 2” layihəsi işə düşərsə, Avropanın böyük bir hissəsi tamamilə Rusiyadan asılı duruma düşəcək. ABŞ-Rusiya, Rusiya-Ukrayna gərginliyinin də əsas səbəbi məhz bu məsələdir. Ukraynanın NATO-ya üzvlük məsələsini gündəmə gətirmək ABŞ-ın Kiyevə qarşı hiyləsidir. Əgər Rusiya Ukraynaya hücum etsə, ABŞ ilk olaraq qaz kəmərini bloklayacaq. ABŞ-da da bu lazımdır. Digər tərəfdən, Ukraynanın Rusiya tərəfindən işğalına da göz yumacaq. Halbuki Rusiya bunu bilir və belə bir niyyətdən uzaqdır. Rusiyanın sərhədlərində Ukraynanın timsalında “NATO-nun buferi”ni yaratmaq Rusiyanı qıcıqlandırmaya bilməzdi.

Fevral ayının 4-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən VIII toplantıda Azərbaycana olan etimad nümayiş olundu. Bakı alternativ ölkələrdən biri kimi qəbul edilir, Avropanın qaz təminatında Bakının əhəmiyyətli rolu gündəmə çıxarılıb.

OPEC-in qaz hasil edən ölkələr barədə sonuncu hesabatına görə, keçmiş SSRİ ölkələri arasında 1 trilyon kub metrdən çox qaz ehtiyatlarına malik olan beş dövlətdən biri məhz Azərbaycandır.

Azərbaycan Türkiyənin ən çox təbii qaz idxal etdiyi ölkələr sırasındadır. 2019-cu ilin təkcə may ayında Türkiyə Azərbaycandan 770 milyon kubmetr təbii qaz idxal edib. Ondan bir il öncə (il ərzində) Türkiyə Azərbaycandan 7 milyard 527 milyon kubmetr təbii qaz idxal etmişdi. TANAP-la 2021-ci ildə isə 6 milyard kubmetr Azərbaycan təbii qazı Türkiyəyə nəql ediləcəyi nəzərdə tutulmuşdu.

2021-ci ildə Rusiyanın “Qazprom” şirkəti keçmiş Sovet İttifaqı ölkələrindən kənara 185,1 milyard kubmetr, o cümlədən Avropa və Türkiyəyə isə 177 milyard kubmetr qaz ixrac edib. Ötən il Rusiya Ukraynadan keçməklə Avropaya 41,6 milyard kubmetr qaz nəql edib. Hələ bir neçə il öncə Azərbaycan “Qazprom”dan istənilən həcmdə qaz almaq niyyətinin olduğunu açıqlamışdı.

Göründüyü kimi, dünya pafosla idarə olunmur, siyasi proseslərin fövqündə böyük iqtisadi maraqlar dayanır.

Rusiya bizim şimal qonşumuzdur. Qərblə Rusiya arasında gərgin proseslər gedir. Bu, “Vandam döyər, yoxsa Brus li?” mərcləşməsi deyil.

Nə təklif edirsiniz, Rusiya ilə qonşu mütəffiqliyi? Yoxsa Rusiyaya dirsək göstərib okeanın o tərəfinə gedirik? Gedək, olsun! Amma öncə riskləri də hesablayaq.

1. Rusiya ilə münasibətlər bizə nə qazandırır?

2. Rusiya ilə ziddiyətlər bizə hansı təhlükələri vəd edir?

3. Əgər Rusiya ilə Azərbaycan arasında xoşagəlməz münasibətlər olsa, Azərbaycanla bərabər meydana hansı dövlət girəcək? Təbii ki, heç bir dövlət…

4. Qərblə bir platformada olmaq üçün hansı ağır və on illəri əhatə edən gərgin tarixi mərhələlərdən keçməliyik?

Biz, Rusiya və Türkiyə arasında seçim etmirik. Nə Rusiya, nə də Türkiyə bizim qarşımızda belə bir seçim də qoymayıb. Buna ehtiyac da yoxdur. Yəni bir çoxları prosesləri yanlış anlayır. Rusiya-Türkiyə münasibətləri nə qədər isti olacaqsa, bu, Azərbaycanın xeyirinə gətirib çıxaracaq. Əks halda, nələrin baş verəcəyini proqnozlaşdırmaq ən azı ürəkaçan mənzərə yaratmır.

Hazırda Ukraynanı qızışdırıb Rusiya ilə burun-buruna gətirən Qərb ölkələrinin hamısı geri çəkildi. Rusiyaya qarşı sanksiyalar tətbiq etmək problemin həlli yoludurmu? Dünyanın başını aldatmaq daha uğurlu seçimdir.

P.S. İndi nə deyirsiniz, “iki barmaq” işarəsi tutub bozqurd olmalıyıq, “Auuuu” eləməliyik, yoxsa daha ağıllı olmağa məcburuq?

P.P.S. Rusiyanın Ukraynaya olan münasibəti Azərbaycanda müəyyən bir cameənin xətrinə dəyə bilər. Amma nəzərə alın, hər bir dövlət öz milli maraqlarına oynayır. Eqoizmi kənara qoyub ağıllı addımlar atmaq lazımdır.

Samir Feyruzov

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button