AktualAraşdırma

Mükəmməl inanc, sağlam maarifləndirmə və saf niyyət

Çağdaş dünyamızın düzgün seçdiyi, yetişməyə can atdığı dəyərlər və hədəflər məhz bunlardır

Vicdanın və idrakın ayrılmaz iki amili

Dövrdən, ictimai-siyasi durumdan asılı olmayaraq dini maarifləndirmə medianın dəyişməz prioriteti olmalıdır. Bunu bəşər övladının günümüzədək keçib gəldiyi tarixi yol və bu yolda öz günahı ucbatından düçar olduğu milli-dini, siyasi-iqtisadi təlatümlər, müharibələr və saysız-hesabsız qurbanlar diqtə edir. Hələ qədim tarixdən bəllidir ki, bu sahədə “səlib yürüşləri” olduqca zərərli ənənələrə meydan açıb, fərqli dinlərə sitayiş edən Yer sakinlərinə gecsağalan milli-dini yaralar vurub. Məsələyə bu konteksdən yanaşanda, bu gün əhalinin, xüsusən də gənc nəslin dini nöqteyi-nəzərdən sağlam zəmində maarifləndirilməsi, həqiqətən də, yazılı və elektron media qurumları üçün ən ümdə vəzifə sayılmalıdır.
Hər bir millətin mədəni tarixində, adət-ənənəsinin, psixologiyasının, cəmiyyətdaxili sosial münasibətlərinin formalaşmasında din çox dərin köklərə və əhəmiyyətə malik institut kimi çıxış edir. Bununla paralel olaraq, müasir yüksək texnologiyalar əsrində insanların gündəlik həyatında KİV-in rolu ölçüyəgəlməzdir. İstər cəmiyyətin, istərsə də ayrıca götürülmüş fərdin düşüncə və davranışına təsiri baxımından bu iki sosial institutun kütləvi təsir vasitələrindən Uca Yaradana və Sosial Ədalətə çağırış üçün istifadə olunması vacibdir. Bu balansın pozulması həm fərdin, həm də cəmiyyətin gündəlik həyatında, sosial münasibətlər sistemində xoşagəlməz təmayüllərə, təbəddülatlara yol açır. Məhz bu baxımdan amerikalı ekspertlərin apardıqları tədqiqat işləri böyük maraq doğurur. 2002-ci ildə din və media münasibətlərini predmetli və obyektiv müstəvidə araşdıran Kaliforniya Universitetinin ailmləri belə bir nəticəyə gəliblər ki, “cəmiyyətdə gedən sosial prosesləri işıqlandıran jurnalistlər, eləcə də KİV tədqiqatçıları bir qayda olaraq dinin mediasistemlərin fəaliyyətinə təsir göstərən əhəmiyyətli amillərdən biri kimi rolunu lazımınca qiymətləndirmirlər. Tədqiqatlar onu da üzə çıxarıb ki, bu amilin düzgün dəyərləndirilməməsi auditoriyanın tələblərinə və maraqlar kontentinə mənfi təsir göstərir, nəticə etibarilə cəmiyyət üzvlərinin KİV-ə inamını zəiflədir”. Deməli, oxucu, dinləyici, tamaşaçı əlahəzrət fakta şəksiz inanmaq və güvənmək üçün onun alt qatından boylanmalı olan, həm də vicdana söykənən inanc amilini arayır. Yəni, istehlakçı, bəzən özü də duymadan, ona təqdim olunan fakt-məhsulda sosial ədalətin də ehtiva olunmasını umur. Təəssüflər olsun ki, günümüzdə də din və KİV-in qarşılıqlı münasibətlərinin müxtəlif aspektlərinin predmeti olan elmi diskurs özünün əhatə dairəsinə görə, misal üçün, ksenofobiya və nasionalizm kimi “dəbdə olan” mövzulara əhəmiyyətli dərəcədə uduzur. Amma onu da qeyd etməliyik ki, son vaxtlar din amilinin və onun mediatizasiyasının tədqiqi istiqamətində müsbət irəliləyişlər nəzərə çarpmaqdadır. İctimai mühitdə dinin gücünü araşdıran filosoflar və sosioloqlar KİV nümayəndələrinin diqqətini vicdan azadlığına və onunla bağlı problemlərə yönəldirlər. Əslində din və media hələ böyük islahatlar dövründən sıx inteqrasiyada olub. Bunun məntiqi davamı olaraq hazırki informasiya erasında dinin taleyi barədə düşünürük, baxmayaraq ki, dinin mahiyyəti və əhəmiyyəti bütün dövrlərdə kommunikasiya formaları ilə üzvü surətdə bağlı olub. Hətta deyərdik ki, sosial institutlar olaraq KİV-ə və dinə bir-biri ilə rəqabət aparan tərəflər kimi baxmaq mümkündür. Çünki, onların hər ikisi ictimai həyatımızda dəyərlərin hakimi roluna iddia edir. Bir qədər də dərinə getsək, KİV-in və dinin ictimai funksionallığında paralelliyi görə bilərik: hər ikisi cəmiyyətin ictimai nəbzini daim ölçür, qiymətləndirir, mədh edir, yeri gələndə qınayır, ittiham edir. Qərbdə belə yanaşmanı “dualist” yanaşma adlandırırlar.

Nizamlayan, barışdıran tandem

…Hamımız Yer adlandırdığımız planetin müvəqqəti sakinləriyik. Müxtəlif dinlərə sitayiş edirik, fərqli mədəniyyətlərin daşıyıcılarıyıq, keçdiyimiz yollar, tarixlərimiz də bir-birnə bənzəmir. Amma hamımızı birləşdirən ortaq bir dəyər var və o dəyərin adı – İnsandır. Planetimiz kimi səmamız, Günəşimiz, Ayımız da birdir. Bəs nədən iyirmi birinci əsrin İnsanı sülh, anlayış içində yaşamağa çətinlik çəkir? Üç yüz il, dörd yüz il əvvəlki kimi bu gün də irqi, dini, milli qarşıdurmalardan, ayrıseçkilik azarından qurtula bilmir? “Qarşılıqlı nifrətə və dağıdıcılığa qarşı barışı və həmrəyliyi qoymalıyıq. Burada əhəmiyyətli rol dini liderlərə məxsusdur”. Bu sözləri BMT-nin Baş katibi Antoniu Quterriş Qahirədə “Əl-Əzhar” məscidinin tribunasından dindarlara müraciətində söyləyib. Baş katib arzuladığı belə bir xeyirxah missiyaya nümunə olaraq Yeni Zelandiyada məscidlər, Amerikada isə sinaqoqlar gülləbaran edildiyi zaman müsəlmanların və yəhudilərin nümayiş etdirdikləri həmrəyliyi misal çəkib. “Gəlin diqqətimizi bizi fərqləndirən cəhətlərə deyil, bizi birləşdirən dəyərlərə yönəldək və onda ümumi gələcəyimizi bir yerdə qurmağı bacararıq. Əgər bizim etiqad təfəkkürümüz və təcrübəmiz reallığa əsaslanacaqsa, onda dinimiz də istənilən sınaqdan üzüağ çıxacaq”. Çıxışının sonunda BMT-nin Baş katibi məhz bu məqamı xüsusi olaraq vurğulayıb.
Azərbaycandakı mövcud dini mühitə media müstəvisində baxmağa və dəyərləndirməyə çalışsaq, qarşımızda dünyanın hətta inkişaf etmiş dövlətləri üçün örnək sayıla biləcək bir mənzərə canlanar. Ölkəmizdə bütün dini məzhəblər, təriqətlər, konfessiyalar dinc yanaşı, qarşılıqlı anlaşma və dözümlülük şəraitində fəaliyyət göstərir. Dövlət bu fəaliyyəti tənzimləyir, media isə təqdir edir. Əsrlərdən bəri xalqımızın milli adət-ənənəsinə, xarakterik cizgisinə çevrilmiş tolerantlıq və multikultural dəyərlərə sadiqlik özünün ən parlaq dövrünü yaşamaqdadır. İstər çap, istərsə də elektron KİV-lər cəmiyyətdə mənəvi-teoloji cəhətdən sağlam mühitin təbliğində və qorunub saxlanmasında önəmli rol oynayır. Bu mənada aparıcı media institutlarının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, eləcə də Qafqaz Müsəlmanları İdarəsi ilə qarşılıqlı faydalı əməkdaşlığını qeyd etməmək mümkün deyil. Elə adıçəkilən komitənin fərdi qaydada, Həm də Azərbaycan Mətbuat Şurası ilə birgə mütəmadi surətdə reallaşdırdığı bi səpkili yazı müsabiqələri, peşəkar jurnalistlər arasında təşkil elədiyi yarışlar ölkəmizdə media-din münasibətlərinin real durumuna əyani və bariz nümunə deyilmi? Həqiqətən də ölkəmizin ümumi inkişafına bir növ töhfə sayılmağa layiq belə tandemi, işbirliyini sadəcə alqışlamaq lazımdır.

Dini-irqi dözümsüzlüyə qarşı Opra Uinfri nümunəsi

…Mövzuya birbaşa aidiyyatı olmasa da, hesab edirik ki, dünyada analoqu olmayan bu nümunə media-din münasibətləri zəminində baxılmağa layiq hadisədir. Uşaq vaxtlarından onu dini təriqətinə, dərisinin rənginə görə dəfələrlə təhqir ediblər, alçaldıblar. Yoxsulluğa və təhqirlərə baxmayaraq bu qızcığaz qaradərililərin ictimai klublarında keçirilən şeir müsabiqələrində, baptistlərin kilsə toplantılarında davamlı şəkildə iştirak və çıxışlar edib. O, sonralar məsləkinə çevriləcək jurnalistikaya dini etiqadına sevgi prizmasından baxdığına görə üz tutub. Amerikalı televiziya aparıcısı, maraqlı şəxsiyyət Opra Uinfri bu gün nəinki Amerika Birləşmiş Ştatlarında, hətta bütün dünyada məşhurdur. Aparılan rəy sorğusuna görə, sıravi amerikalılar şəxsi mediaholdinqinə sahib bu qaradərili qadına prezidentdən daha çox inanırlar. O, populyarlığına görə Elvis Presli və Supermeni də geridə qoya bilib. Hər gün 34 milyon amerikalı qadın və 15 milyon amerikalı kişi televizor qarşısında oturub Opra Uinfrinin şousunun başlanmasını gözləyir. Bu ənənə az qala müqəddəs dini ayin halını alıb. Dünyanın 117 ölkəsində bu imanlı qadının pərəstişkarlar ordusu var. Onun auditoriyası ən yaxın rəqib-həmkarlarının auditoriyasından 55 faiz çoxdur. Opranın şoularının reytinqi onun verilişi ilə eyni vaxtda efirə gedən üç proqramın birgə reytinqindən yüksəkdir. Ondan qazandığı uğurun səbəbini soruşanda belə deyir: “Uğurun sirri ondadır ki, heç bir sirr yoxdur. Tanrıya inanaraq işləyin və onda məqsədinizə çatacaqsınız”. Bu mənada Afrika mənşəli amerikalı Opra Uinfri azad inancın, İlahi sevginin və kommersiya uğurunun təcəssümüdür – desək, qətiyyən yanılmarıq.

Əbədi müşayiətçilərimiz

…Söz və Vicdan. Yer üzündə həyatın ilk başlanğıcında bu iki dəyər, Tanrının bəşər övladına bəxş elədiyi bü iki mənəvi xəzinə daim yanaşı mövcud olub. Təsadüfi deyil ki, Söz azadlığı və Vicdan azadlığı bütün dövlətlərin Ali Qanununda – Konstitusiyasında vətəndaşın təsbit olunmuş təbii haqlarından sayılır. Axı, müqəddəs kitablarda Tanrı kəlamı kimi “Əzəl başdan Söz vardı”. Bəli, hər şeyin – təfəkkürün, davranışın, eləcə də inancın rüşeymində Söz durur. Haqqın sözünü xalqa izhar edən Söz həm də İlahi sevginin ifadə formasıdır.
Söz media nümayəndələrinin əlində həm də silahdır. Obyektə, subyektə tuşlanmış, əlahəzrət faktın tərənnümçüsü olan, doğru sözlə yüklənmiş həmin silah mənəviyyatı zənginləşdirir, xoş niyyətilə cəmiyyəti saflaşdırır, onun inancını təkmilləşdirir. Bu mənada KİV-in və dini qurumların əməkdaşlığı mütləq mənada dövlətçiliyin möhkəmlənməsinə və cəmiyyətin tərəqqisinə xidmətə yönəldilməlidir.
Bütün bunlarla yanaşı, hesab edirik ki, İlahi sevgiyə bələnmiş mətbu söz dünyanı fəth etməyə qadirdir. Elə səmavi dinlərin əksəriyyəti Sevgini həyat amili kimi təbliğ edir. Əslində jurnalist vicdanı, geniş mənada peşə etikasının özü də Tanrıya və İnsana sevgiyə əsaslanmalıdır. Tarix bizlərə onu da əyani surətdə göstərir ki, sosial instutlar olaraq din və media həmişə əl-ələ verərək yanaşı addımlayıb. Bu, olduqca sağlam bir özül-nəzəriyyədir. Bizlər sadəcə xoşbəxtliyimizi bu sağlam zəmin üzərində qurmalı və onu gələcək nəsillərə olduğu kimi çatdırmalıyıq.

Təbriz VƏFALI

Azərbaycan İnformasiya Mərkəzinin direktoru, “analoq.az” saytının baş redaktoru

Yazı Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Milli Mətbuat Günü münasibəti ilə jurnalistlər arasında “Media və dini təhlükəsizlik” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button