Son illərdə respublikamızda narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə və bəşəriyyətin bəlasına çevrilmiş narkomanlığa qarşı mübarizə sahəsində ciddi tədbirlərin görülməsi təqdirəlayiqdir. Xüsusilə də gənclərimizin, gəncliyimizin və genefondumuzun qorunması baxımından bu cür addımların atılması əvəzsizdir, məqsədəmüvafiqdir. Belə ki, yuxarı yaş təbəqəsinə aid olan insanarla yanaşı, azyaşlıların, yeniyetmələrin, gənclərin, hətta məktəbli qızların belə narkomaniyaya qurşanması, həmçinin bəzi insanların qəbul etdikləri narkotik maddələrin təsiri ilə hüquq pozuntularına yol vermələri, eləcə də mürəkkəb tərkibli cinayətlər törətmələri ən ağrılı problemimiz kimi icitimaiyyəti həmişə narahat edib, cəmiyyətdə ciddi narazılıq doğurub. Bu baxımdan həyati önəm və əhəmiyyət daşıyan sözügedən mübarizə tədbirlərinin daimi və müntəzəm icrası mütləq vacibdir. Lakin bütün bunlara baxmayaraq, son zamanlar narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsini dəstəkləyən vətəndaşlar da var. Sosial şəbəkələrdə xüsusilə də çətənə kolu (kənaf) və marixuana ilə əlaqədar icra edilən məqsədyönlü mübarizə tədbirlərinin əleyhinə təbliğat aparanlara da rast gəlinir. Onların iddiasına görə, çətənə bitkisi faydalı olduğu üçün ondan toxuculuqda, təbabətdə, qida məhsullarının hazırlanmasında və digər sahələrdə istifadə edilməlidir. Bu yolla yeni istehsal və emal müəssisələrinin yaradılması, xeyli sayda iş yerlərinin açılması və sair mümkündür.
Amma tarixi faktlara görə, qədim dövrlərdən insanlar dini mərasim və ayinlərin keçirilməsində tərkibində narkotik, psixotrop xassəli maddələr olan bitkilərdən, xüsusilə də çətənə kolundan (kənaf) və marixuanadan sadəcə həzz almaq üçün istifadə edibilər. Hazırda da insanların bunlardan istifadə etmələrinin kökündə dayanan səbəb həzz almaqdır.
Qeyd edək ki, marixuana çətənə bitkisinin qurudulmuş çiçəkli baş qisimindən və yarpaqlarından hazırlanır və “qara bazar”da 1 kiloqram marixuananın pərakəndə satış qiyməti minimum 10 min, maksimum 15 min dollardır. Çətənə kolunun toxumunun 1 kiloqramının qiyməti isə 1000-1500 dollar arsında dəyişir. Yuxarıda sadaladıqlarımız da çətənə kolunun (kənaf) və marixuananın faydalı və vacib olması barədə sosial şəbəkələrdə aparılan təbliğatın məkrli niyyətə qulluq etdiyini göstərir.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı 22 iyul 2019-cu il tarixli sərəncamla təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın 2023-cü ilin birinci yarımilliyi üzrə icrası artıq yekunlaşıb. Qeyd edək ki, sözügedən proqramın həyata keçirilməsi üzrə “Tədbirlər Planı”na əsasən, müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən müəyyənləşdirilmiş bir sıra tədbirlərin icrası nəzərdə tutulub. Həmin qurumlardan biri olan Daxili İşlər Nazirliyi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə, onların prekursorlarının qanunsuz idxalına, ixracına, tranzit nəqlinə və istehsalına qarşı mübarizədə yüksək aktivlik nümayiş etdirir. Yuxarıda qeyd etdiyimiz kimi çətənə kolu (kənaf) və marixuana ilə bağlı məsələlər özünü daha kəskin göstərən qlobal problemlərdən olduğu üçün adıçəkilən nazirliyin https://mia.gov.az/ rəsmi intentet səhifəsindəki “Kriminal Xronika” bölməsində bu ilin yanvar-iyul ayları ərzində yerləşdirilmiş xəbərlər əsasında araşdırma aparmışıq. Həmin araşdırmanın nəticələrini oxucularımıza təqdim edirik.
Şəkidə 15 ton, Culfada isə 115 min 470 ədəd çətənə kolu məhv edilib
Bu ilin 7 ayı ərzində Yerli Rayon və Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində yabanı halda bitmiş və məhv edilmiş çətənə kollarının çəkisinə görə Şəki şəhəri, sayına görə isə Naxçıvan Muxtar Respublikasının Culfa rayonu öndədir. Rayonlar üzrə statistikanı təqdim edirik:
Culfa rayonu üzrə 11,431 ton çəkidə 115 min 470 ədəd
Şəki şəhəri üzrə 15 ton çəkidə 66 min ədəd
Şərur rayonu üzrə 944 kiloqram çəkidə 39 min 153 ədəd
Şəmkir rayonu üzrə 14,312 ton çəkidə 28 min 379 ədəd
Qazax rayonu üzrə 12,7 ton çəkidə 26 min 500 ədəd
Yardımlı rayonu üzrə 3 tondan artıq çəkidə 18 min 200 ədəd
Daşkəsən rayonu üzrə 5,8 ton çəkidə 17 min 850 ədəd
Tovuz rayonu üzrə 11,217 tondan artıq 11 min 986 ədəd
Ağstafa rayonu üzrə 3,2 tondan artıq çəkidə 10 min 510 ədəd
Astara rayonu üzrə 2,1 tondan artıq çəkidə 9670 ədəd
Laçın rayonu üzrə 3,55 ton çəkidə 8008 ədəd
Zəngilan üzrə 2,4 ton çəkidə 8000 ədəd
Xocavənd rayonu üzrə 3,1 ton çəkidə 7872 ədəd
Qax rayonu üzrə 4, 565 ton çəkidə 6326 ədəd
Ağdaş rayonu üzrə 3,503 ton çəkidə 6186 ədəd
Zaqatala rayonu üzrə 4 ton çəkidə 6400 ədəd
Ağcabədi rayonu üzrə 3,2 ton çəkidə 6050 ədəd
Neftçala rayonu üzrə 12 ton çəkidə 6000 ədəd
Ağsu rayonu üzrə 2,3 ton çəkidə 5663 ədəd
Ağdam rayonu üzrə 10,3 ton çəkidə, 56002 ədəd
Balakən rayonu üzrə 5,271 ton çəkidə 5400 ədəd
Xocalı rayonu üzrə 2,7 tondan artıq çəkidə 5160 ədəd
Goranboy rayonu 2,5 tona yaxın 4850 ədəd
Şahbuz rayonu üzrə 212 kiloqram çəkidə 4070 ədəd
Quba rayonu üzrə 4, 25 ton çəkidə 3760 ədəd
Samux rayonu üzrə 2,3 tona yaxın çəkidə 3337 ədəd
Tərtər rayonu üzrə 2,3 ton çəkidə 3200 ədəd
Kəlbəcər rayonu üzrə 1,3 ton çəkidə 3212 ədəd
Oğuz rayonu üzrə 4,5 tona yaxın çəkidə 2650 ədəd
Göygöl rayonu üzrə 1,38 ton çəkidə 2398 ədəd
Şuşa şəhəri üzrə 1,3 ton çəkidə 2168 ədəd
İsmayıllı rayonu üzrə 1,349 ton çəkidə 1989 ədəd
Füzuli rayonu üzrə 220 kiloqram çəkidə 1953 ədəd
Göyçay rayonu üzrə 1,35 ton çəkidə 1927 ədəd
Beyləqan rayonu üzrə 1,15 ton çəkidə 1923 ədəd
Qubadlı rayonu üzrə 1,1 tona yaxın çəkidə 1673 ədəd
Zərdab rayonu üzrə 1,457 ton çəkidə 1965 ədəd
22 gün ərzində 1544 ədəd çətənə kolu, 234,8 kiloqram marixuana aşkar edilib
Polis əməkdaşlarının bu ilin mart ayının 1-də, 3-də, 25-də və 26-da, həmçinin 28-də, yəni 5 gün ərzində respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində 250 ədəd çətənə kolu və 30,5 kiloqramdan çox marixuana aşkar olunaraq götürülüb.
Bu ilin aprel ayının 8-də və 9-da, 15-də və 16-da, 18-də, 19-da, 24-də, yəni 7 gün ərzində reallaşdırılmış tədbirlər nəticəsində 455 ədəd çətənə kolu və 62,1 kiloqramdan çox marixuana aşkar olunaraq götürülüb.
Bu ilin may ayının 1-də, 6-da və 7-də, 9-da, 10-da, 13-də və 14-də, 18-də, 20-də və 21-də, yəni 10 gün ərzində polis əməkdaşları tərəfindən 839 ədəd çətənə kolu və 142,2 kiloqramdan çox marixuana aşkar olunaraq götürülüb.
Həyətyanı sahələrdə 5 mindən çox çətənə kolu yetişdirilib
Bunlardan əlavə, bu ilin 7 ayı ərzində Rayon və Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində həyətyanı sahələrdən kultivasiya yolu ilə yetişdirilən xeyli sayda çətənə kolları götürülüb. Sözügedən tədbirlər sayəsində həmçinin bir neçə kiloqramlıq marixuananın aşkara çıxarılması mümkünləşib. Bununla bağlı apardığımız araşdırma nəticəsində əldə etdiyimiz statistikanı təqdim edirik:
Rayon və şəhərlər üzrə kultivasiya yolu ilə yetişdirilən çətənə kollarının sayı:
Neftçala rayonunda 1161 ədəd
Sabirabad rayonunda 1036 ədəd
Saatlı rayonunda 499 ədəd
Zərdab rayonunda 441 ədəd
Balakən rayonunda 375 ədəd
Ağdam rayonunda 217 ədəd
İmişli rayonunda 174 ədəd
Yevlax rayonunda 117 ədəd
Şəmkir rayonunda 95 ədəd
Lənkəran şəhərində 88 ədəd
Tovuz rayonunda 86 ədəd
Gəncə şəhərində 65 ədəd
Goranboy rayonunda 51 ədəd
Bərdə rayonunda 51 ədəd
Salyan rayonunda 46 ədəd
Ağcabədi rayonunda 44 ədəd
Ağdaş rayonunda 40 ədəd
İsmayıllı rayonunda 28 ədəd
Xaçmaz rayonunda 25 ədəd
Qəbələ rayonunda 15 ədəd
Naftalan şəhərində 9 ədəd
Samux rayonunda 8 ədəd
Lerik rayonunda 6 ədəd
Astara rayonunda 5 ədəd
Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsində 426 ədəd
Sabunçu rayonunun Maştağa qəsəbəsində 158 ədəd
Rayon və şəhərlər üzrə aşkar edilmiş marixuananın miqdarı:
Zərdab rayonunda 13 kiloqram
Neftçala rayonunda 7,8 kiloqram
Qax rayonunda 6 kiloqram 725 qram
Saatlı rayonunda 4 kiloqram 255 qram
Lənkəran şəhərində 3 kilqram 50 qram
Sabirabad rayonunda 2 kiloqram 806 qram
İsmayıllı rayonunda 2,8 kiloqram
Balakən rayonunda 2 kiloqram 543 qram
İmişli rayonunda 2 kiloqram 110 qram
Bərdə rayonunda 1 kiloqram 850 qram
Ağcabədi rayonunda 1 kq 710 qram
Ağdam rayonunda 960 qram
Salyan rayonunda 910 qram
Qəbələ rayonunda 486 qram
Sabunçu rayonunun Nardaran qəsəbəsində 2 kilqram 490 qram
Sabunçu rayonunun Maştağa qəsəbəsində 2 kiloqram
Çətənə kolları yetişdirən və marixuana saxlayanlar arasında keçmiş məhkumlar da var
Haqqında danışdığımız qanun pozuntularına yol verənlər arasında məhkum olunmamışlar da var, keçmiş məhkumlar da. Rayon və şəhərlər üzrə apardığımız araşdırma əsasında hazırladığımız statiistikaya əsasən, Sabirabadda 10, Saatlı, Yevlax və Bərdə rayonlarının hər birində 3, Ağdam, Ağdaş, Xaçmaz, Şəmkir və Balakən rayonlarının hər birində 2, Ağcabədi, Astara, Qəbələ, Gəncə, Lənkəran, Tovuz, İmişli, Lerik, Salyan, Goranboy, Zərdab, İsmayıllı və Naftalan da daxil olmaqla onların hər birində 1, Sabunçu rayonunun Nardaran qəsəbəsində 3 və Maştağa qəsəbəsində 2 nəfər məhkum olunmamış şəxslərdir. Qanun pozuntularına yol vermiş 16 nəfər əvvəllər məhkum olunmuş şəxslərdir və onlardan 4-ü Sabirabad rayon sakinidirlər. Ağdam, Neftçala və İsmayıllı rayonlarının hər birində 2 nəfər, Qəbələ, Lənkəran, Şəmkir, Samux və Qax rayonlarının hər birində 1 nəfər keçmiş məhkumdur.
Hətta eyni əmələ görə əvvəllər məhkum olunmuş şəxs də var. Belə ki, Sabirabad Rayon Yastıqoba kənd sakini A.Abışovun həyətindən 23 ədəd kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar olunaraq götürülüb. Həmin şəxs əvvəllər də qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməyə görə məhkum olunub.
Həmkəndliləri, keçmiş məhkumları birləşdirən “dəyərlər” – çətənə kolu
Bu ilin may ayının 30-da Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Qaraqaşlı kənd sakini, əvvəllər məhkum olunmuş Ə.Kərimova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 1090 ədəd çətənə kolu, evindən isə 7,8 kiloqram marixuana aşkar olunaraq götürülüb. May ayının 31-də isə həmin rayonun Qaraqaşlı kənd sakini, əvvəllər məhkum olunmuş Ş.Baxışova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 152 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
May ayınınn 21-də Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Yenikənd kənd sakini, əvvəllər məhkum olunmuş M.Qarayevin həyətindən kultivasiya yolu ilə yetişdirilmiş 123 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. May ayının 24-də Yenikənd kənd sakini R.Baxşiyevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 101 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Şərif kənd sakini R.Qıstarovdan 10 qram marixuana aşkar olunub. Davam etdirilən tədbirlərlə narkotik vasitəni ona satmaqda şübhəli bilindiyinə görə saxlanılan həmkəndlisi, əvvəllər məhkum olunmuş K.Maqamedovdan 9 qrama yaxın, həyətinə baxış zamanı 127 qramdan çox marixuana və kultivasiya yolu ilə yetişdirilmiş 7 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
Bacı-qardaşın həyətyanı sahəsində 156 ədəd çətənə kolu…
Ağdam Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiklər əməliyyat tədbirləri nəticəsində adıçəkilən rayonun Sarıçoban kənd sakini S.Həsənova və qardaşı, əvvəllər məhkum olunmuş A.Babayevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 156 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
13 kilqram marixuananı satmaq üçün qablaşdırıb
Zərdab Rayon Pərvanlı kənd sakini Mürşüd Abdullayev narkotiklərin satışını təşkil etməkdə şübhəli bilindiyi üçün polislər tərəfindən saxlanılıb. Onun həyətində olan tikiliyə baxış zamanı satış üçün qablaşdırdığı ümumi çəkisi 13 kiloqram olan narkotik vasitə marixuana aşkar edilib. Mürşüd Abdullayev marixuananı həyətində kultivasiya yolu ilə xüsusi qulluq edərək yetişdirdiyi çətənə bitkilərini qurudaraq əldə etdiyini bildirib.
Əməliyyat tədbirlərinin davamı olaraq Mürşüd Abdullayevin yaşadığı evin həyətyanı sahəsinə də baxış keçirilib. Oradan həmin şəxs tərəfindən yetişdirilən yaş halda çəkisi 221 kiloqram olan 441 ədəd çətənə bitkisi də aşkar edilib. Çətənə kolları polislər tərəfindən kökündən çıxarılaraq maddi sübut kimi götürülüb.
Çətənə kollarından 10 kiloqram 232 qram marixuana hazırlayıb
Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Meşəşambul kənd sakini, əvvəllər məhkum olunmuş İ.Qurdayevdən 7 qrama yaxın marixuana aşkar olunub. Davam etdirilən tədbirlərlə onun həyətinə baxış zamanı oradan əlavə 10 kiloqram 225 qram marixuana, kultivasiya yolu ilə yetişdirilən 6 ədəd çətənə kolu, həmçinin Meşəşambul kəndi ərazisində kultivasiya yolu ilə yetişdirdiyi 12 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
Zirzəmidə çətənə kolları yetişdirirmiş
Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən Maştağa qəsəbəsində narkotik tərkibli çətənə bitkilərinin kultivasiyasının qarşısının alınması istiqamətində əməliyyat həyata keçirilib.
Belə ki, bölməyə qəsəbə sakini Ramil Quliyevin yaşadığı evin zirzəmisində çətənə bitkilərinin kultivasiyası ilə məşğul olduğu barədə əməliyyat məlumatı daxil olub. Polislər tərəfindən evə baxış zamanı həmin zirzəmidən Ramil Quliyevin kultivasiya yolu ilə yetişdirdiyi çəkisi 35 kiloqram olan 99 ədəd çətənə kolu, narkotik tərkibli bitkilərin toxumları və 2 kiloqramdan artıq qurudulmuş marixuana aşkar olunub.
Araşdırma zamanı müəyyən edilib ki, Ramil Quliyev evin zirzəmisində çətənə bitkilərinin yetişdirilməsi üçün xüsusi havalandırma və işıqlandırma sistemi yaradıb. Ətrafda şübhə oyatmamaq üçünsə o, həmin zirzəmiyə girişi evin çöl hissəsindən yox, mənzildəki otaqların birindən açıb. Ramil Quliyev ifadəsində çətənə bitkilərini satmaq məqsədi ilə əkib-becərdiyini bildirib.
Evində çətənə kolu qurudanlar…
İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində əvvəllər məhkum olunmuş E.Mahmudovun yaşadığı evə baxış zamanı oradan 2,8 kiloqramdan artıq marixuana və 3 ədəd qurudulmuş çətənə kolu aşkar olunaraq götürülüb.
Keçmiş məhkum 92 ədəd çətənə bitkisinin toxumlarını saxlayırmış
Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Qullar kənd sakini, əvvəllər məhkum olunmuş E.Orucovdan marixuana və 92 ədəd çətənə bitkisini toxumları aşkar olunaraq götürülüb. Davam etdirilən tədbirlərlə onun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 8 ədəd çətənə kolu da götürülüb.
Çətənə bitkisinin hissələrini meşədə gizlədibmiş
Qax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Qaxingiloy kənd sakini, əvvəllər məhkum olunmuş T.Kasiaşvilidən 6 kiloqram 725 qram marixuana götürülüb. Davam etdirilən tədbirlərlə onun Fısdıqlı kəndi ərazisində meşəlik sahədə saxladığı əlavə 7 kiloqramdan artıq çətənə bitkisinin hissələri aşkar olunaraq götürülüb.
Meyvə ağaclarının altında 79 ədəd çətənə kolu…
Sabunçu RPİ 42-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Nardaran qəsəbəsində yaşayan Y.Abbasovun evinə baxış zamanı oradan sellofan paketdə çəkisi 290 qram olan qurudulmuş marixuana aşkar olunub.
Davam etdirilən tədbirlərlə evin həyətində olan meyvə ağaclarının altından isə 79 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
4 tondan çox narkotik vasitələrin və psixotrop maddələrin qiyməti 219 milyon 430 min manatdır
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan bildirilib ki, cari ilin yanvar-iyun ayları ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilik 5881 cinayət faktı aşkarlanıb. Onlardan 2048-i narkotik vasitələrin qanunsuz satışı, 3638-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 166-sı qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 29-u isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub. Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 4 ton 623 kiloqram 28,027 qram narkotik vasitələrin və psixotrop maddələrin 1 ton 517 kiloqram 650,954 qramını heroin, 2 ton 510 kiloqram 387,573 qramını marixuana, 183 kiloqram 113,261 qramını tiryək, 50 kiloqram 885,902 qramını həşiş, 247 kiloqram 7,907 qramını psixotrop maddələr, 113 kiloqram 982,43 qramını isə digər narkotik vasitələr təşkil edib: “Həmçinin göstərilən dövr ərzində 38 min 418 ədəd həb metadon, 8476 ədəd çətənə bitkisi, eləcə də 3 kiloqram 153,268 qram, 7631 ədəd kapsul və 953 ədəd həb güclü təsir edən maddə və 40,682 qram prekursor qanunsuz dövriyyədən götürülüb. 6 ay ərzində Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 298,98 hektar sahədən çəkisi 147 ton 477 kiloqram 276,98 qram olan 438 min 18 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilib”.
Sözügedən İşçi Qrupunun məlumatına görə, yanvar-iyun ayları ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 4277 nəfər cəlb edilib, onlardan 4179-u kişi, 98-i qadın olub. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 49 nəfəri xarici ölkə vətəndaşlarıdır: “Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 142 fakt aşkar edilib və həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 959 kiloqram 617,071 qram və 38 min 418 ədəd həb metadon narkotik vasitələr və 7631 ədəd kapsul, 953 ədəd həb güclü təsir edən maddə çıxarılıb. Ümumilikdə aşkar edilmiş cinayətlərin 135-ü qrup halında törədilib və həmin faktlar üzrə qanunsuz dövriyyədən 1 ton 17 kiloqram 567,9 qram və 190 ədəd metadon narkotik vasitə, psixotrop maddə və 157,5 qram güclü təsir edən maddə müsadirə edilib. 1530 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilib və onlardan 958 kq 88,4 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilib. 2023-cü ilin 6 ayı ərzində qanunsuz dövriyyədən götürülmüş 4 ton 623 kiloqram 28,027 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 219 milyon 430 min AZN kimi qiymətləndirilir. Təhlil göstərir ki, 2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 2023-cü ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 103, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 175, qaçaqmalçılıqla bağlı cinayətlərin sayı 8 fakt, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı 186 nəfər, qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin çəkisi isə 1 ton 204 kiloqram 707,107 qram artıb. O cümlədən, narkotiklərin qanunsuz satış ilə bağlı faktların sayı 5, digər növ cinayət faktların sayı 27, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 40, qrup halında olan cinayətlərin sayı isə 31 fakt azalıb”.
Təbriz VƏFALI,
Tədqiqatçı jurnalist, Azərbaycan İnformasiya Mərkəzinin direktoru, analoq.az saytının baş redaktoru