Cəmiyyət

Boşana-boşana bölünən Azərbaycan – SOS-U AL

Ailə asan qurulmur, amma müşahidələrimə görə çox asanlıqla dağılır. Ən sadə mübahisənin sonunda ailə boşanmaya qərar verir. O toy asanlıqla edilmir, o ailə asanlıqla yaranmır, amma bircə imza ilə hər şeyi bitirirlər. Boşanma cəmiyyətə mədəniyyət kimi təqdim edilir. Sanki hansısa qüvvələr boşanmış qadınların karyerasının daha uğurlu olması ilə bağlı xüsusi piar aparır. İşində uğur əldə edən qadınlar barədə təbliğatlar gedir və orada xüsusilə qeyd edilir ki, o, uğurlu karyeraya boşandıqdan sonra nail olub. Bu kimi hallarda adekvat cavabı yalnız biz jurnalistlər veririk, ailə dəyərləri uğrunda hamının əvəzindən mübarizə aparırıq, milli ailə modelini məhv olmaqdan qorumağa çalışırıq, amma yetərli deyil. Bizim əlimizdə imkanlarımız, səlahiyyətimiz yoxdur. Əlaqədar komitə nə edir, nə işlə məşğuldur? Jurnalistlər onların da əvəzindən mübarizə aparır.

Statistikadan hamının xəbəri var, boşanmalar kritik həddədir. Təsəvvür edin, bu ilin cəmi 2 ayının – yanvar və fevralın statistikasına görə ölkədə 7541 nikah bağlanıb, 3014 nikah pozulub. Bu hər iki nikahdan demək olar ki, birinin pozulması deməkdir! Ötən illə müqayisədə boşanmaların sayı 1.5 faizdən 1.8 faizə yüksəlib, nikahların sayı isə 5,9-dan 4,6-ya düşüb.

Oğlanlar ailə qurmaqdan çəkinir, yaxın ətrafında evlənən hər 5 cütlükdən 3-ü boşanırsa, o da qorxur, necə deyərlər, süddən ağzı yanan suyu üfürərək içər. Ona görə də daha seçici olur, çək-çevir edir, evlənmək üçün ən yaxşı vaxtı, imkanı gözləyir. Gənclər daha yaxşı həyat yoldaşı seçməyi gözləyə-gözləyə yaşlanırlar. Bu boyda problem görünməzlik xalatı geyinib? Niyə görünmür? Niyə görmürlər?

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin boş seminarlardan, bekar dəyirmi masalardan vaxtı artanda ölkədəki boşanma problemləri, erkən nikah halları, zorakılıq faktları ilə də maraqlanacaq. Hələ ki, vaxtı, marağı və həvəsi yoxdur. Əlahəzrət statistika sübut edir ki, bu günədək o dəyirmi masa söhbətlərinin bir nəticəsi olmayıb. Ölkədə boşanan gənclər ordusu yaranıb, komitənin tükü tərpənmir. Sevinc övladlarının gözü önündə vəhşicəsinə öldürüləndə, Səidə dəmir boru ilə döyülə-döyülə qətl ediləndə hansı tədbirləri gördü Komitə? Heç nə. Bir-iki boş broşür, bir-iki lazımsız seminar, bir-iki lüzumsuz açıqlama ilə işini bitmiş hesab elədi.

Komitə işini bitmiş hesab elədiyi üçün öldürülür Leyla, Şahanə, Aişə, Lalə, Xanım. Qadınlar kritik anda nə edəcəklərini bilmirlər, onların problemlərini dinləməyə və həll etməyə təhkim edilmiş aidiyyatı komitədən dəstək görmürlər. Onlar ucqar kəndlərdə seminar görmürlər, dəyirmi masadan xəbərsizdirlər, ailələrinə baş çəkməsəniz, yerində tanış olmasanız hardan biləcəksiniz onların nə yaşadığını? Cavab olaraq deyəcək ki, bu il 40 ailəyə baş çəkib söhbət eləmişik. Boşanan bir ordu ailənin neçə faizidir 40 ailə?

Komitənin vaxtı olanda ölkə gənclərinin problemi ilə məşğul olacaq, niyə evlənmədiklərini araşdıracaq, niyə boşandıqları ilə maraqlanacaq. Komitədəkilərin həvəsi olanda bağlanan nikahların və dağılan ailələrin faciəvi müqayisəli təhlilini aparacaq. Ölkənin ailə məsələlərindən birbaşa məsul olan bu Komitə nə iş görür, ailə institutunun qorunmasında, qadınların maariflənməsində, uşaqların erkən nikahdan qorunmasında hansı fəaliyyətləri olub, bunun hesabatını verəcək. Brifinqdə küçə uşaqlarına dair gülməli statistika açıqlamaqla, boş vədlər verməklə qorunmur Azərbaycan ailəsi.

Bu coğrafiyanın ailələri regionun ən sarsıdıcı müharibələrini görüb, Böyük Vətən Müharibəsinin, Qarabağ müharibəsinin iştirakçıları olublar. Tarixinin ən çətin illərini yaşayıb Azərbaycan ailələri o illərdə, ac qalıb, çılpaq qalıb, yenə də boşanmalar bu qədər dəhşətli rəqəmlərlə xarakterizə olunmayıb. Ölkənin mövcud ailə dəyərləri vardı, birlik-bərabərlik, bütövlük anlayışları vardı. İndi varmı o anlayış, o dəyər? Azərbaycan ailəsi modeli nədir indi? Boşanmış tərəflər, ortalıqda qalmış uşaqlar, aliment davası, mülk çəkişməsi. Bunlar kimin əsəridir? Ailə dəyərlərinin qorumaqda və inkişaf etdirməkdə məsul olan Komitə bu faciəvi vəziyyəti necə düzəltməyi düşünür, maraqlıdır…

Lalə Mehralı

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button