Cəmiyyət

Məişət zorakılığı – sosial bəla- FOTOLAR

Dilarə Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti Masallıda Regionlarda “Məişət Zorakılığı” təbliğat kampaniyasının təşkili layihəsi üzrə növbəti tədbirini keçirib.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə baş tutan tədbirdə əsasən “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanun ətrafında müzakirələr gedib.

Layihə üzrə təlimçi Nabat Qəniyeva yığıncaq iştirakçılarına qanun haqqında geniş bilgi verib, onun işləmə mexanizmlərindən danışıb: “Məişət zorakılığı ilə mübarizə üzrə bir sıra addımlar atlsa da cinayətlər üzrə statistikada ciddi azalma müşahidə olunmur. Bu isə onu deməyə əsas verir ki, bir sıra hallarda ya qanun işləmir, ya da onun təbliği yetərincə aparlmadığından vətəndaşların öz hüquqları ilə bağlı bilgiləri gərəkli səviyyədə deyil. Bizim bu layihəni keçirməkdə də əsas məqsədimiz maarifləndirmə işinin aparılması, ən əsası problemlərin qarşısının alınmasına yönəlik addımların atılmasında vətəndaşlara dəstək verilməsidir. Qadın hüquqlarının müdafiəsi üzrə ölkənin ən stajlı vətəndaş cəmiyyəti institutu olaraq biz bu problemin nə qədər ciddi və çoxşaxəli olduğunu bilirik. Problem odur ki, insalar bəzən konkret problemlə üzləşəndə basqının xarakterini müəyyən edə, onun məişət zorakılığı olub-olmadığını müəyyən edə bilmir. Erkən nikahdan, fiziki zor tətbiq etməklə əməyə məcbur etməyə qədər bir çox hüquq pozuntusu məişət zorakılığıdır və bunu edən şəxslər qanun qarşısında məsuliyyət daşıyırlar”.

Layihə üzrə təlimçilərdən Əntiqə Qurbanova məişət zorakılığı ilə üzləşən şəxslərin şikayət hüququndan necə yararlanması haqqında danışıb. O, tədbirdə iştirak edən əhali qrupu içərisində olan 3 şikayətçinin təcrübəsi üzərində vətəndaşların yaranan hüquqları, şikayətlərin verilməsi, onlara baxılması, hüquqların təmin edilməsi qaydalarından danışıb.

Tədbirdə yerli icra strukturlarının nümayəndələri də iştirak edib və bu, bir sıra problemlərin yerində həlli üçün imkanlar yaradıb. Əntiqə Qurbanova bildirib ki, vətəndaş cəmiyyəti institutlarını bu məsələlərdə maarifləndirici və vasitəçi funksiyanı həyata keçirməsi vətəndaşların öz hüquqlarından istifadə etməsini, icra orqanlarının isə şikayətləri daha sürətlə araşdırmasına ciddi təkan verir.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button